Türkiyə “xarici düşmən” axtarışında - Mövqe
Noyabr ayının sonuna qədər Türkiyə hakimiyyəti özü üçün “iki pisdən daha yaxşısı”nı seçməlidir. O, ya Avropa məhkəməsinin qərarını yerinə yetirərək, Osman Kavalanı həbsdən azad etməli, ya da Türkiyənin Avropa Şurasının üzvlüyündən çıxarılması prosedurunun başlanmasına razılaşmalıdır.
- Türkiyə fövqəldövlət statusu arzusundadır? Səfirlərin göndərilməsi, Gülən və İstanbul kanalı
- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması: perspektivlər və təhlükələr
- Suriyalı və əfqan qaçqınlar Türkiyədə: dava və etirazlar
Ərdoğan. Başlanğıc
Ərdoğan 2002-ci ildə Türkiyədə hakimiyyətə gələndə özünün keçmiş mühafizəkar, fundamentalist xəttini tərk etdiyini, reformist, “liberal konservativ” kimliyi ilə qayıtdığını vəd etmişdi.
İlk illərdə də bu imici yaratmaq mövzusunda uğurlu olmuşdu. Türkiyə tarixində ilk dəfə Avropa İttifaqına daxil olmağa bu qədər yaxınlaşmışdı, Kopenhagen kriteriyaları gündən-günə daha çox tətbiq edilirdi. Kürd məsələsi ilə bağlı islahatlar aparılırdı, Kipr münaqişəsinin həlli üçün referendumun keçirilməsi razılaşdırılmışdı. Bir sözlə, Ərdoğan və AKP həm Qərb siyasətçiləri, həm də beynəlxalq kapitalizm üçün ideal lider kimi görünürdü.
O, uzun müddət bu xəttə davam etdi. Yavaş-yavaş iqtisadi gücü və siyasi reytinqi artmağa başladı. Ərdoğan da bu qüdrətindən öz orqanik ideyalarını tətbiq etmək üçün istifadə etmək qərarına gəldi. Ölkədə laisizm [dövlətlə dinin ayrı olduğunu, dinin ölkədə məhdud rolunu müdafiə edən doktrina – JAMnews] institutuna qarşı hücuma keçdi. İnternet qadağaları gətirdi, televiziyaya, radioya konservativ müdaxilələr etdi. Açıq-açıq “dindar və kindar nəsil” yaratmaq layihələrindən danışırdı.
Ancaq bu həmlələr hələ də onun reytinqini aşağı salmırdı. 2010-cu ilin sentyabrında keçirilən və hökumətin orduya və məhkəmə sisteminə daha rahat müdaxiləsinə şərait yaradacaq 12 sentyabr referendumunda ölkənin liberal elitası (Nazlı Ilıcak, Ahmet Altan və s. (hazırda hamısı ya həbsdə, ya sürgündədir)) Ərdoğanı dəstəklədi.
Tezliklə Ərdoğan öz keçmiş düşmənlərindən intiqam almağa başladı. Məhkəməyə və orduya öz ideyalarına yaxın fətullahçı, fundamentalist müttəfiqlərini yerləşdirdi. Buna baxmayaraq, hələ də beynəlxalq ictimaiyyətin Ərdoğana ümidləri var idi. Məsələn, kürd və erməni problemlərində AKP proqressiv görünürdü və bu, avropalıları inandırmağa bəs edirdi.
Gezi parkı və yeni siyasət
Lakin 2013-cü ilin yayında vəziyyət dəyişdi. Ərdoğanın Taksim meydanında sekulyarlar üçün simvolik əhəmiyyəti olan Gezi parkını söküb, yerinə Osmanlı dövründəki topçu qərargahını bərpa etmək istəyi müqavimətlə qarşılaşdı.
Mayın son günlərində, gecə vaxtı bir qrup gəncin çadır qurub parkı qorumaq cəhdləri çox tezliklə sosial mediada yayıldı, vətəndaş cəmiyyəti fantastik sürətlə mobilləşdi və böyük müqavimət başladı.
Nəticədə, bütün ölkəyə yayılan, 3 aydan bir az çox çəkən və 7 etirazçının, 1 polisin ölümünə səbəb olan etirazlar Ərdoğanın geri addım atması ilə nəticələndi, Gezi parkı yerində qaldı. İstanbulda olanlar görə bilər ki, Gezi parkının girişində, 8 il keçməsinə baxmayaraq, hələ də çevik polis alayının əməkdaşları dayanır. Xüsusilə də, Ərdoğanın və hökumətin ciddi həmləsi olanda polislər orada yığılıb, potensial etirazları əzməyi gözləyirlər. Yəni, Gezi parkı Ərdoğana qarşı müqavimətin simvoluna çevrilib.
2013-cü ilin yayından sonra Ərdoğan artıq keçmiş imicini itirdi. Həm beynəlxalq ictimaiyyət, həm də bütün daxili vətəndaş cəmiyyəti üçün avtokrat, mürtəce şəxsə çevrildi.
Ərdoğan və filantrop Kavala
AKP liderinin Osman Kavalaya nifrəti də məhz buradan qaynaqlanır. Osman Kavala “Türkiyənin yerli Sorosu” kimi, bir filantrop kimi Gezi hadisələrini ən çox dəstəkləyən, maliyyələşdirən adam idi. O, atasından miras qalan sərvətini açıq cəmiyyətə dəstək olmağa, vətəndaş cəmiyyətini maliyyələşdirməyə və maarifləndirməyə xərcləyirdi.
2016-cı ilin iyulunda uğursuz hərbi çevriliş cəhdindən sonra Ərdoğanın əlinə fövqəladə vəziyyət elan etmək fürsəti keçdi.
Düz 2 il davam edən bu fövqəladə vəziyyət halında 53 qəzet, 37 radio, 34 televiziya və s. olmaqla, toplam 179 media orqanı qadağan edildi, 6 min 81 universitet müəllimi işdən çıxarıldı, 283 min nəfər saxlanıldı, onlardan 94 min 975 nəfər haqda həbs qərarı verildi.
Həbs olunanlar arasında ən önəmli iki nəfər isə ikinci böyük müxalifət partiyası HDP-nin lideri Selahattin Demirtaş və biznesmen, filantrop Osman Kavala idi.
Ərdoğan çoxdan bəri bu fürsəti – intiqamı gözləyirdi və post-çevriliş dövründən daha yaxşı fürsət ola bilməzdi.
Osman Kavala 2017-ci ildə Gezi parkı etirazlarını maliyyələşdirmə və Gezi vasitəsilə çevrilişə cəhd etmə maddəsi ilə həbs edildi. O, 2019-cu ildə AİHM-nin qərarı ilə bu ittihamdan bəraət almağı bacardı. Lakin elə həmin gün, hələ həbsxanadan çıxarılmadan onun haqqında yeni cinayət işi başladıldı. Bu dəfə Kavala 15 iyul çevriliş cəhdində ittiham edilirdi. Nəticədə, hələ həbsxanadan çıxmadan yenidən həbs edildi.
Son günlərdə Kavala keysi yenidən aktuallaşıb. Ötən günlərdə Kavalanın həbsinin 4 illiyində 10 inkişaf etmiş ölkənin – ABŞ, Kanada, Fransa, Almaniya, Yeni Zellandiya, Norveç, İsveç, Danimarika, Finlandiya və Hollandiyanın Türkiyədəki səfirləri ortaq bəyanat yayımladılar və Türkiyənin AİHM-nin verdiyi Kavalanın bəraəti ilə bağlı qərarı tətbiq etməsini tələb etdilər.
Bu bəyanat dərc olunan vaxt Afrikada səfərdə olan Ərdoğan məsələyə çox sərt reaksiya verdi. O bildirdi ki, 10 səfir də ölkədən qovulacaq və “persona non qrata” elan ediləcək.
Ərdoğan bunu deyəndə artıq həftəsonu başlamışdı. Birjalar bağlanmışdı və Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini endirməklə bağlı qərarına görə ABŞ dollarının məzənnəsi 9,60 TL-yə qədər qalxmışdı.
AKP-nin lideri üçün bundan daha yaxşı bir fürsət ola bilməzdi. O, Türkiyənin uzunmüddətli iqtisadi problemlərindən yaranan böhranda daha bir düşmən tapmışdı – “xarici qüvvələr Türkiyəyə qarşı birləşmişdilər”.
Ərdoğan bundan 2018-ci ilin avqustunda Branson məsələsində, 2017-ci ilin əvvəlində Hollandiya və Almaniya ilə yaşanan diplomatik böhranda da istifadə etmişdi – “xarici düşmənə qarşı konsolidasiya”.
Türkiyə nəyi seçəcək?
2023-də keçiriləcək parlament və prezident seçkilərində anketlər və analizlər göstərir ki, AKP və MHP-nin təşkil etdiyi “Cümhur İttifaqı”nın şansı çox aşağıdır. Son araşdırmalara görə, AKP-nin təkbaşına səsi 2002-ci il səviyyəsinə qayıdıb: 28-33 faiz aralığındadır. MHP isə hətta 10 faizlik həddi keçə bilmir. Məhz buna görə də, Türkiyədə parlament seçkilərində seçilmə həddini 7 faizə endirmək planlaşdırılır və bu məsələ artıq parlamentin gündəliyinə də daxil edilib.
Bundan istifadə edən müxalifət partiyaları da uzun müddətdir ki, növbədənkənar seçki tələb edirlər. Onlar deyir ki, seçki keçirilmədən və hökumət dəyişmədən ötən hər gün Türkiyədəki iqtisadi böhranı dərinləşdirir və xalqın vəziyyəti pisləşir.
Kavala və səfirliklər böhranı da tam bu vaxtda Ərdoğanın köməyinə çatır. Ərdoğan bunun sayəsində iqtisadi vəziyyətin pisləşməsi üçün bəhanələr tapır, xarici düşmənlərin müdaxiləsini əsas gətirərək, öz seçicilərini yenidən konsolidasiya etməyə çalışır.
Hələlik gərginlik soyuyub və səfirliklərlə AKP hökuməti arasında razılığa gəlinib.
Amma Kavalanın azad edilməsi üçün Ərdoğanın noyabr ayının sonuna qədər vaxtı var. Əgər həmin dövrə qədər Kavalaya bəraət və ya ən azı şərti azadlıq verilməsə, Avropa Şurasının həmin vaxt keçiriləcək iclasında Türkiyənin təşkilatdan çıxarılması ilə bağlı prosedura başlanacaq.
Bununla bağlı analoji vəziyyət 2018-ci ildə Azərbaycan üçün yaranmışdı və nəticədə, Bakı siyasi məhbus İlqar Məmmədovu şərti azadlığa buraxmağa məcbur olmuşdu.
Görək, bu siyasi və iqtisadi böhranlar şəraitində Ərdoğan Kavala ilə bağlı hansı addımı atacaq? O, Kavalanı ya azadlığa buraxaraq geri addım atacaq, ya da AŞ-dən çıxarılma riskini seçərək, Türkiyəni daha da yalnızlaşdıracaq.
Əksər analitiklər birinci variantı gözləyir. Ərdoğanın belə məsələlərdə dalana dirənəndə geri addım atması artıq adət edilmiş hal olub. O, daha əvvəl eyni vəziyyətlərdə amerikalı keşiş Endrü Branson, “Cumhuriyet” qəzetinin jurnalisti Can Dündar və Almaniya vətəndaşı, jurnalist Deniz Yücel ilə bağlı da geri addım atmışdı.