Dava-dalaş və xəstəxanalıq olan deputat: Ermənistan parlamenti hökumət proqramını müzakirə edir
Ermənistan parlamentində ikinci gündür ki, yaxın beş il üçün hökumət proqramı müzakirə olunur. Hökumətyönlü və müxalif deputatlar arasında gərginlik həddini aşır, sözlü atışmalar və toqquşmalar yaşanır. İkinci gün məsələ bir-birinə butulka tolazlamağa və əlbəyaxa davaya çatıb.
Hökumət proqramının təqdimatı həmçinin parlamentdə akkreditasiya olunmuş jurnalistlərin təşkil etdiyi etiraz aksiyası ilə də yadda qalıb. Media nümayəndələri Milli Məclisin işinin işıqlandırılması üçün onlara ayrılmış lojada “Mətbuat Nikolun zamanında olduğu qədər qeyri-azad olmayıb” yazılı plakatlar qaldırıblar.
Birinci gün parlamentin təhlükəsizlik əməkdaşları onlara yalnız plakatları göstərməyə və lojanı zaldan ayıran şüşəyə yapışdırmağa mane olurdular, ikinci gün isə kobud güc tətbiq edərək jurnalistləri lojadan qovublar.
Müxalifət proqramı “kurs işi səviyyəsində” yazılmış “həqiqəti gizlədən yalançı sənəd” kimi dəyərləndirərək onu ümumiyyətlə müzakirə etməyib.
Amma proqramın müzakirəsi və qəbul edilməsi avqustun 26-da da davam edəcək. Müxalifət sənədin qəbul ediləcəyinə şübhə etmir, çünki iqtidar partiyasının bunun üçün kifayət qədər mandatı var.
Hadisələr haqda təfərrüatlar və proqramın ən vacib maddələri.
- İlk gündəcə boykot: müxalifət Ermənistanın yeni parlamentinin birinci iclasını tərk edib
- Yeni seçkilər, Qarabağ məsələsi, əsirlərin qaytarılması: politoloq Ermənistanın gələcəyi haqda
Birinci gün. Hər şey nədən başlayıb?
Birinci gün hökumət proqramını üç saat ərzində şəxsən baş nazir Nikol Paşinyan təqdim edib. Daha sonra qızğın müzakirə başlayıb. Zalda atmosfer o qədər gərginləşib ki, parlament spikeri Alen Simonyan mühafizəyə “Şərəfim var” müxalif blokunun deputatı Anna Mkrtçyanın zaldan çıxarmaq göstərişi verib.
Hər şey ondan başlayıb ki, sual vermək əvəzinə o, baş nazirin səhvlərini sadalamağa başlayıb, sonda isə qeyd edib ki, hətta parlamentdə də Nikol Paşinyan çox sayda mühafizəçi ilə gəlir.
Bu qeyd Paşinyanın “Vətəndaş Sazişi” partiyasının deputatlarını qəzəbləndirib, sözlü atışmada Anna Mkrtçyan onları “kapitulyantın” tərəfdarları adlandırıb. O, 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli bəyanatı imzaladığına görə baş naziri artıq dəfələrlə belə adlandırıb. Müxalifət bu sənədi Ermənistan tərəfi üçün hədsiz ziyanlı hesab edir və buna görə Paşinyanı günahlandırır.
Bundan sonra spiker əvvəlcə müxalifətçinin mikrafonunu söndürmək, növbəti atışmadan sonra isə mühafizəçilərə Anna Mkrtçyanı zaldan çıxarmaq gpstərişi verib.
Onu müdafiə etmək üçün “Hayastan” (Ermənistan) və “Şərəfim var” müxalif bloklarının deputatları Mkrtçyanı mühasirəyə alıb və mühafizəçilərə ona yaxınlaşmağa imkan verməyiblər. Spiker 20 dəqiqəlik fasilə elan edib və fasilədə deputatlar və mühafizə xidməti arasında toqquşma yaşanıb.
Ermənistan tarixində qadın deputatı ilk dəfə zor tətbiq edərək – bədən xəsarətləri ilə parlamentin iclas zalından çıxarıblar.
Daha sonra “Hayastan” blokunun üzvü Artsvik Minasyan bildirib ki, toqquşma zamanı mühafizəçilər onun başına və ayaqlarına vurublar, köynəyini də cırıblar.
Hadisəyə reaksiya
Başı nazir parlamentdəki toqquşma zamanı dövlət mühafizəsi xidmətinin əməllərinə haqq qazandırıb və öz “xidməti vəzifələrini” yerinə yetirdikləri üçün onlara təşəkkürünü bildirib:
“Mən dövlət mühafizə xidmətinin iclas zalındakı hərəkətlərini izlədim. Onlar Ermənistan parlamentinin spikerinin göstərişinə uyğun olaraq MM-in normal fəaliyyətinin təmin olunması istiqamətində öz işlərini davam etdirməlidirlər”.
Bu arada Ermənistan ombudsmeni bu hadisəni “son dərəcə narahatedici” adlandırıb.
“Parlament cəmiyyətdə həmrəylik atmosferinin bərpasının qarantı olmalıdır, insan haqlarının möhkəmlənməsinə xidmət etməlidir”, – Arman Tatoyan Facebook-da yazıb.
O, Ermənistan parlamentinin hərbi formada olan insanlar tərəfindən mühafizə olunduğu faktını da şərh edib. Onun sözlərinə görə, bu, Milli Məclisin hərbləşdirilməsi təəssüratını yaradır, baxmayaraq ki, parlament ölkədə demokratiyanın əsas qarantıdır.
“Hayastan” və “Şərəfim var” blokları da bəyanatla çıxış edərək, Anna Mkrtçyana qarşı zorakılığı qınayıblar:
“24 avqust parlament tarixində ən biabırçı səhifələrdən biri olacaq, q1anunvericilik orqanında qanunsuz olaraq hakimiyyətini elan etmiş bir qrup insan konstitusiya və qanunları pozaraq, demokratik parlament dəyərlərinə qarşı cinayət törədib”.
İkinci gün. Tolazlanan butulkalar və əlbəyaxa dava
Hər şey iqtidar partiyasından olan deputat Hayk Sarqsyanın Ermənistanda “məxməri inqilaba” qədər pul müqabilində ordudan yayınmaq hallarının çox olduğu və bunun da öz növbəsində Silahlı Qüvvələrin belini qırdığı haqda bəyanatından sonra başlayıb.
Sarqsyan bildirib ki, vəzifədə olduğu müddətdə “pul və ya zənglə ordudan azad olmağın mümkün olduğu” bütün müdafiə nazirləri “vətən xainidir”.
Bu sözlərdən sonra keçmiş müdafiə naziri, “Hayastan” blokunun üzvü Seyran Ohanyan ona butulka tolazlayıb. Bundan sonra parlament zalına qarışıqlıq düşüb. Hər tərəfdən deputatlar bir-birlərinə butulka tolazlamağa başlayıblar.
Keçmiş müdafiə naziri bildirib ki, iqtidar partiyasının nümayəndəsi Hayk Sarqsyan öz çıxışı ilə parlamentdə toqquşmanı təhrik edib.
Sonra isə toqquşma əlbəyaxa davaya keçib. İqtisadi məsələlər üzrə komissiya sədri, “Hayastan” blokunun üzvü Vahe Hakopyan öz çıxışında hakimiyyəti kəskin tənqid edib və hökumət proqramını “kurs işi” adlandırıb. Onun çıxışı zamanı iqtidar partiyasını təmsil edən deputatlar onun ünvanına replikalar səsləndiriblər. Hakopyan cavab verib və tribunadan enərək “Vətəndaş Sazişi” deputatlarının əyləşdiyi kreslolara tərəf yönəlib.
Sözlü atışmadan sonra yumruqlar işə düşüb. Parlament spikeri yenə də fasilə elan edib.
Daha sonra məlum olub ki, “Hayastan” blokundan olan deputat Geqam Nazaryan təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, gözündən xəsarət alıb.
Nikol Paşinyanın çıxışı
Baş nazir iki gün dalbadal çıxış edib. Onun nitqində media və cəmiyyətdə müzakirə olunan ən mühüm müddəalar.
1.
Nikol Paşinyan deyib ki, rəsmi Yerevan Dağlıq Qarabağ üzrə konstruktiv danışıqlara hazırdır və ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqlar prosesinin bərpa olunmasını vacib hesab edir.
2.
Baş nazir bildirib ki, Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası prosesinə mümkkün qədər tez başlamaq lazımdır:
“Çox təəssüf edirəm ki, siyasi səs-küy üzündən yazda planlaşdırılmış nəticəyə nail ola bilmədik, amma Ermənistan tərəfi artıq indi demarkasiya prosesinə başlamağa hazırdır”.
3.
Paşinyan onun Rusiya və Azərbaycan prezidentləri ilə birlikdə imzaladığı üçtərəfli bəyanata uyğun olaraq regionda kommunikasiyaların açılmasından danışıb. O, yenə də vurğulayıb ki, sənəddə Ermənistan ərazisindən dəhlizin yaradılması haqda “ifadə, söz, xatırlatma yoxdur”:
“Ermənistan Rusiya və İranla nəqliyyat əlaqəsi üçün Azərbaycandan yol almalı olduğu kimi, eləcə də Azərbaycana öz qərb regionları, Naxçıvanla nəqliyyat əlaqəsi üçün Ermənistandan yol verilməlidir”.
Baş nazirin sözlərinə görə, Azərbaycan tərəfi dəhliz haqda destruktiv və təxribatçı bəyanatlar səsləndirir, bu da üç ölkənin baş nazir müavinlərinin işinə mane ola bilər. Ermənistan hökuməti isə bu prosesin “Ermənistanın 30 illik blokadasını yarmaq üçün ciddi imkan” olduğunu güman edir.
4.
Hökumət proqramında yeni konstitusiyanın və ya konstitusiya dəyişikliklərinin qəbulu ehtibalı haqda deyilir.
Baş nazirin sözlərinə görə, Qarabağ müharibəsindən sonra çoxları belə nəticəyə gəlib ki, parlament idarə sistemi “hazırkı təhlükəsizlik mühitində” ölkə üçün ən yaxşı yol deyil. Ermənistanın prezident və ya yarıprezident sisteminə qayıtması mümkündür. Amma Paşinyanın dediyi kimi “yüz dəfə ölçüb, bir dəfə biçmək” lazım olacaq.
5.
Silahlı Qüvvələrdə islahatlar aparmaq, məcburi hərbi xidmət müddətinə yenidən baxmaq və peşəkar ordu yaratmaq istiqamətində irəliləmək nəzərdə tutulub.
Qadınların da bu struktura daha çox cəlb olunması planlaşdırılır. Paşinyanın sözlərinə görə, bu, ölkənin demoqrafik göstəriciləri ilə şərtlənib – qadınlar əhalinin əksəriyyətini təşkil edir.
Jurnalistlərin öz hüquqları uğrunda mübarizəsi
Hökumət proqramı müzakirələrinin ilk günündə parlamentdə akkreditasiyadan keçən jurnalistlər etiraz aksiyası keçiriblər.
Onların işləməsi üçün ayrılmış lojada onlar əllərində “Nikol Paşinyan, sən artıq jurnalist deyilsən”, “Mətbuat Nikol dövründə olduğu qədər qeyri-azad olmayıb” yazılmış plakatlar tutublar.
Jurnalistlər bildiriblər ki, bu aksiya ilə Nikol Paşinyanın diqqətini çəkməyə çalışır, onunla görüş tələb edirlər, çünki digər rəsmi şəxslərdən suallarına cavab ala bilmirlər. Məsələ burasındadır ki, son zamanlar hakimiyyət bir sıra qanunvericilik dəyişiklikləri təşəbbüsü irəli sürüb və jurnalist təşkilatları onları söz azadlığının məhdudlaşdırılması hesab edir.
Üstəlik yeni parlamentin birinci iş günündən Milli Məclisə akkreditasiya olunmuş jurnalistlərin binada hərəkət azadlıqları məhdudlaşdırılıb.
Avqustun 25-də isə parlamentin təhlükəsizlik ximətinin əməkdaşları kobud güc tətbiq edərək jurnalistləri məxsusi onların fəaliyyəti üçün ayrılmış lojadan qovublar.
Sosial şəbəkələrdə yayılan videodan görünür ki, hərbi formada olan şəxslər otağı tərk etməkdən imtina edən jurnalistləri kobud şəkildə oradan itələyib çıxarırlar.