İri məbləğdə cərimə, yaxud həbs: Azərbaycanda vaksinasiya tələbləri sərtləşir
Sentyabrın 1-dən Azərbaycanda COVID pasportu olmayan şəxslərin qapalı məkanlarda fəaliyyət göstərən xidmət müəssisələrindən istifadəsi qeyri-mümkün olacaq. Buna nəzarəti polis həyata keçirəcək. Qaydanı pozanlar 400 manat məbləğində cərimə və ya həbs ediləcəklər.
- “Uşağın olmayacaq, əvəzində trombun olacaq” – Ermənistanda COVID-19 vaksinasiyası haqda miflər
- Azərbaycanda COVID-pasportlar istifadə olunmağa başlayıb, hamı onu almaq istəyirmi? – Video-sorğu
- “Peyvənd mifologiyası” – Azərbaycan sakinləri niyə COVID-19-a qarşı vaksinasiyadan keçmək istəmirlər?
Xəstəxanalarda yer çatışmazlığı yoxdur
Azərbaycan Nazirlər Kabineti yanında koronavirusla mübarizə üzrə Operativ Qərargahın avqustun 20-də keçirdiyi brifinqdə bidirilib ki, hazırda ölkə üzrə pandemiya üçün ayrılan 18 xəstəxana var.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, bu xəstəxanalardan 11-i Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edir. “Digərləri isə regionlarda yerləşir. Ehtiyac olduğu halda ölkə üzrə 40 xəstəxana fəaliyyət göstərirdi”, – Y.Qarayeva xatırladıb.
O qeyd edib ki, avqust ayının 1-də xəstəxanalarda cəmi 808 xəstə var idi: “Dünənki rəqəmlərə görə isə, bu rəqəm 2458-dir”.
Vaksinasiya olunanlardan reanimasiyaya düşən varmı?
Yaqut Qarayevanın sözlərinə görə, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayanlardır.
“Vəfat edənlərin içərisində 99 faiz peyvənd vurdurmayanlardır. Vaksin olunan şəxslərdən cəmi 0,6 faizi hospitalizasiya olunub”, – TƏBİB-in təmsilçisi qeyd edib.
Karantin sərtləşdirilməyəcək
“Operativ Qərargahın bu günə olan məlumatına görə, vəziyyət nəzarət altında saxlanılır. Hər hansı bir məhdudiyyətə, sərtləşdirməyə getməyə ehtiyac yoxdur”, – bunu isə brifinqdə Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, bu, xəstəxanaların kifayət qədər xəstə qəbul etmək imkanı ilə əlaqədardır:
“Xəstəxanalarda gərgin iş rejimi var, həkimlər işləyir. Bu gün xəstələnənlərin öhdəsindən gələ bilirik. Lakin hiss etsək ki, xəstəxanalarda dolma əmsalı yüksəkdir və həkimlər çatdıra bilmir, o zaman Operativ Qərargahda növbəti addımlarda məhdudlaşmalara gedilməsi müzakirə edilə bilər”.
Saxta COVID pasportu olan xəstələr
Şahmar Mövsumov təəssüf etdiyini bildirib ki, Azərbaycanda koronavirus əleyhinə saxta peyvənd pasportu verənlər var.
Onun sözlərinə görə, insanlar var ki, əlində COVID pasportu var, amma hazırda reanimasiyadadır və ağır vəziyyətdədir:
“Araşdırma zamanı məlum olub ki, onlar saxta pasport alıb. Düşünün ki, insan pul verib saxta pasport alıb, amma onun həyatı böyük bir təhlükə altındadır. Bütün bunlar araşdırılır və həmin şəxslər məsuliyyətə cəlb edilir”.
COVID pasportu necə yoxlanılacaq?
“COVID pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb”. Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində – qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID pasportu olduğu halda istifadə edə bilərlər:
“Yaşı 18-dən yuxarı olan şəxslərin COVID pasportunun olub-olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “ASAN İcazə” mobil tətbiqi vasitəsilə yoxlanılacaq. Vətəndaş COVID pasportu olduğu təqdirdə məkanlara buraxılacaq”.
İctimai nəqliyyat nə vaxt normal iş rejiminə keçəcək?
“Həftəsonu nəqliyyatın məhdudlaşdırılmasının əsas məqsədi aktivliyin azaldılması ilə əlaqədardır”. Bunu deyən Şahmar Mövsümov əlavə edib ki, aktivlik artan kimi yoluxma sayı da kəskin artır:
“Sentyabrın əvvəlinə qədər hələ vaxt var. Gələn ayın ortalarında ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq həftəsonu nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilə bilər”.
O qeyd edib ki, hələlik həftəsonu nəqliyyatın fəaliyyəti barədə müzakirələr aparılmır.
Üçüncü doza tətbiq olunacaqmı?
Şahmar Mövsümovun sözlərinə görə, ölkədə vaksin ehtiyatı ilə bağlı hər hansı problem yoxdur:
“Vaksin ehtiyatımız ilin sonuna kimi kifayət edəcək. Əgər ölkədə 3-cü doza tətbiq olunarsa, növbəti il üçün vaksinlərin alınması barədə danışıqlar aparılır”.
Əhalinin 24%-i vaksinin hər iki dozasını alıb
Avqustun 20-nə olan məlumata görə, Azərbaycanda əhalinin ümumi sayının 36,2%-i koronavirus əleyhinə vaksinin birinci, 24,3%-i isə hər iki dozasını alıb.