Mixail Şevelev, Moskva. Qorxunun sonu
Foto - Maksim Şipenkov / EPA / Scanpix / LETA
26 mart 2017-ci il Rusiya tarixində mühüm bir gündür. Və tək Rusiyanın deyil.
Bu bazar günü on minlərlə adam Rusiyadakı korrupsiyaya öz etirazını bildirmək üçün küçələrə çıxdı. Etirazın coğrafiyası – Vladivostok, Xabarovsk, Perm, Çelyabinsk, Voronej, Yekaterinburq, Sankt-Peterburq, Moskva.
Mən canlı-canlı ancaq Moskvanı gördüm. Müqayisə də edə bilərəm. Son iyirmi il ərzində mən bu şəhərdə bir dənə də olsun iri nümayiş ötürməmişəm.
26 mart 2017-ci il tarixində Moskvada baş verənlər 1991-ci il avqust ayından sonra insanların ən iri razılaşdırılmamış çıxışı idi, o vaxtlar moskvalılar Ağ Evin qarşısına gəldi, bu da SSRİ-nin sonunun başlanğıcı oldu.
O dövrdən xeyli daha çox – əlli min, yüz min adamın küçələrə çıxdığı vaxtlar da olub, amma bu, razılaşdırılmış, hakimiyyət tərəfindən icazə verilmiş aksiyalar idi. Bu aksiyanın keçirilməsinə isə nəinki icazə verilməmişdi, əksinə hakimiyyət iştirak etməyə hazırlaşanlara açıq şəkildə qadağan edir, təhdid edirdi.
Bu aksiyaya yeni insanlar çıxdı. Çox gənc insanlar. Tələbə və məktəblilər, çox sayda gənc cütlüklər. Etirazın veteranları da varıydı, amma çoxluğu onlar təşkil etmirdi.
Bu gənc adamlar da özləriylə Moskva küçələrinin o vaxta qədər görmədiyini gətirdilər – qorxu hissinin olmamasını. Bu, şüursuz bir qoçaqlıq deyildi. Onlar hansı riskə getdiklərini bilərək gəlmişdilər – onları döyə, saxlaya, polis şöbəsinə, oradan da məhkəməyə apara bilərlər. Onlar şüurlu şəkildə öz sağlamlıqlarını, azadlıqlarını, kifayət qədər rahat həyatlarını (bunu əyinlərindəki paltardan və əllərindəki heç də ucuz olmayan qacetlərdən anlamaq olardı) riskə atırdılar.
Və onları həqiqətən də döyür və həbs edirdilər. Təkcə Moskvada üç mindən çox adam saxlanılmışdı.
Amma çox az şans var ki, etiraz əlaməti olaraq küçələrə çıxanları qorxutmaq mümkün oldu.
Onlar qayıdacaq. Mənim üçün bunun mütləq baş verəcəyinin şəksiz bir sübutu var.
Yanlarında duran qızların gözündən düşməmək üçün geri çəkilməyə utanan oğlanları heç nə, heç bir güc, heç bir qəddarlıq bunu etməyə məcbur edə bilməzdi. Müqavimət hərəkatında bu stimul gülməli də görünə bilər, əslində isə bu, əsas stimuldur. Martın 26-da Moskvada bu, əməlli-başlı gözə dəyirdi.
Onlar qayıdacaq, çünki qorxmağı ayıb sayırlar.
Bu, o deməkdir ki, Rusiyada vəziyyət öz ölü nöqtəsindən tərpənib. Yeni etirazın kütləviliyi, coğrafiyası və iştirakçıların orta yaş həddi bunu sübut edir. Onun necə və hansı istiqamətdə inkişaf edəcəyini heç kim bilmir. Aydın olan odur ki, o daha əvvəlki kimi olmayacaq.
Moskvanın küçə və meydanlarından qısa təəssüratlar:
Əlində “Bu dəfə, sən özünü qoru, Dimon!” – plakatını tutan oğlan yanındakı qıza: “Məni tutsalar, anama hər ehtimala qarşı demişəm ki, gecəni sizdə qalacam. Məni satma, oldu?”
Heyranlıqla oğlana baxan qız: “Tutmasalar da bizdə qal, oldu?”
Puşkin meydanında qələbəliyin içində kimsə Piterdən yayımı izləyir və ətrafdakılara xəbər verir ki, orada kimsə Kiyev Maydanında populyar olan şüarı qaldırıb: “Hoppanmayan Dimon deyil!”
Kütlə də buna yerində atlanmaqla cavab verir.
Əynində bahalı xəz palto, qulaqlarında brilyant sırğa olan eleqant xanım polislərin insanları tutub, maşınlara tərəf sürüdüklərini izləyir.
“İlahi, – qadın konkret olaraq heç kimə müraciət etmədən deyir, – bunun sonunu görə bilsəydik!”
Puşkin meydanında bütün baş verənlər arasında – səs-küy, qışqırıq, polislərin insanları ovlaması, gərgin bir şəraitdə birdən dörd poni peyda olur. Bu ponilər hər gün meydanda işləyir, uşaqları pulla gəzdirirlər.
“Süvari qoşun da gəldi!” – etirazçılardan biri onları görüb deyir.
“Burada nə baş verir?” – poninin siyasətdən tamamiylə xəbərsiz sahibəsi xəbər alır. Ona vəziyyəti izah edirlər və xəbər alırlar: atlar da Putinə qarşıdır?
“At deyil, ponidir, – qadın ciddi tonla cavab verir. –Əslində, hə. Uşaqlar var burada? Bu gün pulsuz gəzdirirəm”.
Uşaqlar doğrudan da varıydı. Anası ilə aksiyaya gələn hardasa on iki yaşında oğlan birdən növbəti qurbanlarının üzərinə hücum çəkən milislərin ünvanına “Heyvanlar!” – deyə qışqırır.
“Petya, – anası acıqla deyir, – özünü mədəni apar. Mitinqdəsən, məktəbdə deyilsən”.
Mixail Şevelev, jurnalist