Şərh. Müharibənin nəticələri və qalib kompleksi: bu, Azərbaycan üçün nə deməkdir?
İkinci Qarabağ müharibəsi başa çatandan sonra təxminən yarım il keçib. Müharibə miqyası ilə təəccübləndirib – az adam müharibənin Azərbaycan ordusunun böyük üstünlüyü ilə keçəcəyini və Dağlıq Qarabağ ətrafındakı bütün rayonların qaytarılması ilə yekunlaşacağını gözləyirdi. Müharibə bir daha təsdiqlədi ki, Dağlıq Qarabağ mövzusu istənilən vaxt və istənilən şəraitdə bütün sosial-iqtisadi problemləri və siyasi sistemin çatışmazlıqlarını unutdura, cəmiyyətin oturuşmuş fikrinə qarşı çıxmaq qorxusu isə hökumətin qəti əleyhdarlarını hakimiyyətə dəstək yarışmasına girişməyə məcbur edə bilər.
44 günlük müharibənin nəticələrini müxtəlif cür yozmaq mümkündür, amma istənilən halda yeni siyasi vəziyyət yaranıb və ortaya mühüm sual çıxıb – bundan sonra nə olacaq?
İndiyə qədər dövlət təbliğatı əsasən matəm, qəhrəmanlıq mübarizəsi və gah xarici qüvvələrin təzyiqi, gah da xəyanət nəticəsində geri çəkilmək məcburiyyəti resurslarına istinad edirdi.
İndi resursların siyahısı qeyd-şərtsiz zəfər və qələbə ilə zənginləşib ki, bunlara hərfi mənada fiziki olaraq toxunmaq və daimi düşmən üzərindəki total üstünlük ruhu ilə mənəvi qidalanmaq mümkündür. Bunun üçün müvafiq şərtlər də yaradılıb. Bakıda açılan Hərbi Qənimətlər Parkını misal gətirmək yetərlidir. Burada üzlərində rəmzi ifadə olan erməni əsgərlərinin fiqurlarını görmək mümkündür. Qocalı-cavanlı hər kəs məğlub düşmənləri həmişə məhz bu cür xatırlayacaq.
Burada daha bir sual ortaya çıxır – bu düşmən əbədi qalacaq?
Məkrli, barışmaz və amansız, eyni zamanda (öz qəhrəmanlığın qarşısında reverans) qorxaq və təkbaşına heç nəyə nail ola bilməyən (birinci Qarabağ müharibəsindəki uğursuzluqlar belə izah olunurdu) düşmən obrazı SSRİ dağıldıqdan və əvvəlki idealların məhvindən sonra yenidən dərk edilməli olan yeni formalaşdırılan kimliyin təməl elementlərindən biri oldu. Azərbaycan xalqı öz köklərini də, düşmənlərini də xatırlamalı idi.
Amma məhz indi mühüm məsələ həll olunur – xatirə siyasəti dəyişəcəkmi? Ermənilər azərbaycanlıların gözündə daha insani olacaqlarmı, yoxsa sadəcə məğlub düşmən olaraq qalacaqlar? Uşaqları tank, anaların üzündə kədəri çəkməkdən və “an”, “yan” şəkilçilərini (erməni soyadlarının tipik sonluğu) eşidəndə üzünü turşutmaqdan qurtaracaq yeni istiqamətlər müəyyən ediləcəkmi?
1993-cü ildə rus dili dərslərindən birini belə xatırlayıram. Sevimli müəllimim bu “pis” şəkilçilər haqda danışdı və biz onun haqlı olduğuna qətiyyən şübhə etmirdik.
Əlbəttə, yuxarıda sözügedən Qənimətlər Parkı hökmran olan diskursun dəyişəcəyi perspektivi ilə bağlı ümidləri yersiz edir. Elə bu meydançadakı əsas oyunçulardan biri – Təhil Nazirliyi tərəfindən görülən digər tədbirlər də hakimiyətin əhalini bir yerə cəmləyən bu resursu əldən buraxmaq niyyətində olmadığını göstərir.
Məktəblilərə yeddinci sinifdən keçilən “Qarabağ tarixi” fənni gələn ildən artıq doqquzuncu sinifdən “Qarabağda qələbə tarixi” kimi tədris ediləcək. Nazir Emin Əmrullayevin sözlərinə görə, şagirdlər və vətəndaşlar (uşaqları vasitəsilə valideynlər də tarixlə tanış olur) torpaqların itirilmə səbəblərini də, uzun danışıqlar prosesini də, işğalçılar üzərində qələbəni də öyrənəcəklər.
Hazırkı ümumxalq birliyinin mənfəəti və Ermənistandakı total təbliğat və revanşist əhval şəraitində qeyri-real görünən möhkəm sülhün bərqərar olmasındakı maraq arasında seçim edərkən hakimiyyətin tərəddüd etmədiyi aşkardır.
Amma hər şey belə sadə deyil. Axı durub sadəcə xalqa indən belə dinc yaşayacağımızı elan etmək mümkün deyil. Uzun illər susqunluqla və tarixin ayrı-ayrı mərhələlərinin üzərindən keçməklə müşayiət olunan təbliğatdan sonra arada uçurum yaranıb, insanların xatirələri də həmin uçuruma gömülüb. Siyasi iradə olsaydı, onlara tələbat da, nifrət yox, etibar üzərində möhkəm sülh qurmaq hazırlığı da yaranardı.
Amma yuxarıların bəyanatlarını və addımlarını izləyərkən aydın görünür ki, onlar uçurumun dərinləşməsinə təkan verirlər. Travmalı məğlubiyyət təcrübəsi qalib kompleksi ilə qarışacaq, tərəflərin faktiki yer dəyişdiyi ilə bağlı istənilən tənqid və qeydlər isə milliyyətçi diskursun “sağlam düşüncəsi” ilə rədd ediləcək.
Travmatik təcrübənin öhdəsindən gəlməyə simmetrik xatirələr, hər iki tərəfdən eşidilmək imkanı və bir-biri ilə mübarizədə yalnız qəhrəmanlıq səhifələrindən danışmamaq kömək edə bilərdi. Birgə katarsis olmayınca, yalnız ayrıca tarix, hərənin öz “həqiqi” doğrusu mümkündür.
Xankəndidəki (Stepanakert) “Biz – bizim dağlarımız” rəmzi abidəsi yenə də azərbaycanlıları qıcıqlandıracaq. Hərçənd “bizim” sözü birləşdirici amil kimi də istifadə oluna bilərdi.
Sosioloqlar və tarixçilər üç nəsil yaddaşı haqda danışır. Bu yaddaş mövcud sosial çərçivələr hesabına qorunur (ictimai və iqtisadi quruluş, müharibənin nəticələri və sairə). Onların qaçılmaz dəyişikliyi ilə bu yaddaş əriyib aradan çıxır.
Səngərlərin hər iki tərəfindəki hazırkı ritorika, bu ritorikanın dəstəklənməsində həm hakimiyyətin, həm də ictimai qrupların fəal iştirakı ictimai meydanda birinin olmasına icazə verən mövcud mənfi yaddaşın növbəti üç nəslə ötürülməsi üçün bütün şəraiti yaradır.
Bu nəsillər artıq nə Sayat Novanı, nə Aleksandr Şirvanzadəni, nə Arno Babacanyanı, nə Azərbaycan filmində bərbər rolunu oynayan Karen Hovannisyanı xatırlamayacaqlar. Onlar ancaq ciddi yazılmış və dəqiq məlum olan “faktları” biləcəklər.
Konspirologiya həvəskarları arasında Mərakeşdəki Fransa qoşunlarının komandanının adı ilə bağlı olan “Liote planı” məşhurdur. Gözəl əfsanəyə görə, günəş altında əzab çəkən yaşlı general əmr edib ki, bütün yola kölgəli ağaclar əkilsin. Ağacların ancaq 50 il sonra qol-budaq atacağını ona deyəndə isə, bildirib ki, elə buna görə də işə məhz indi başlamaq lazımdır.
Elə indi də demokratik dəyərlərin təbliği kimi də tanınan “Qərbin cəmiyyəti daxildən çürüdən və parçalayan inadkar və ardıcıl işini” belə izah edirlər.
Amma möhkəm sülhün bərqərar olmasında, növbəti qanlı qırğının yaşanmamasında maraqlı olan sağlam düşüncəli bütün qüvvələrə məhz bu lazımdır. Artıq indi danışmağa başlamaq. Bəsdir müharibə etdik.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.