Sürgün olunan dil
Photo: Цензор.НЕТ
Krım-tatar dili post-sovet məkanının xüsusi bir dilidir. Krım tatarlarının 1944-cü ilin may ayında baş tutan kütləvi deportasiyası dilə böyük zərbə endirib. Krım-tatar dili müstəqil Ukraynada necə inkişaf edib? Son üç ildə, bir çox ailələr yenidən öz vətənlərini tərk etməyə məcbur olandan sonra bu dilin başına nələr gəldi?
Doğma dili öyrənmək
“Korüşkendje!” – müsahibəni aldığımız restoranın qapısının ağzında rejissor Axtem Seitablayev bizimlə vidalaşır. Krım-tatar dilində bu, “görüşənədək” deməkdir. “Salam”, “sağ ol”, “xahiş edirəm”, “minnətdaram” – dostlarının açdığı bu Krım-tatar restoranında bütün bu nəzakətli sözləri Axtem öz doğma dilində deyir. İndiki həyatında və işində üç dil: Ukrayna, rus və Krım-tatar dilləri bir-birinə qarışıb.
Axtem üçün “Ana dili” fənni sadəcə dərsliyin üz qabığındakı yazı olmayıb – o həqiqətən də bir gün öz ana dilini öyrənməli olub. 18 may 1944-cü il tarixində baş tutan deportasiya həqiqətən də məhvedici təsir göstərib, o cümlədən də dil mühiti üçün: Seitablayevlər ailəsi, minlərlə başqa ailələr kimi qismən dilini itirib.
“Dili həmişə başa düşmüşəm, – rejissor danışır, – çünki ailədə, qohumların arasında böyümüşəm. Krım tatarları bir-birinə yaxın yerlərdə məskunlaşmağa çalışırdılar və bu təbii idi. Deportasiyadan sonra onları sözün hərfi mənasında çölə atmışdılar, buna görə də sağ qalmaq üçün bir-birinə dəstək olmağa çalışırdılar. Mən Özbəkistanın Yangiyül şəhərində yaşamışam (tərcümədə bu “yeni yol” deməkdir). Bu şəhər siyasi məhbuslar tərəfindən inşa edilib, burada həm Uzaq Şərqdən gələn koreyalılar, həm Povoljyedən olan almanlar, həm də çeçenlər yaşayıb. Bütün bu etnik qruplar üçün ünsiyyət dili isə rus dili idi”.
Axtem Seitablayev aktyorluq fakültəsinə qəbul olunanda başa düşüb ki, sadəcə ana dilini anlamaq artıq kifayət etmir. Dirçəlməkdə olan Krım-tatar teatrı üçün ilk kursu 1989-cu ildən toplamağa başlayıblar. Onda da məlum olub ki, dili mükəmməl bilmək lazımdır. 1944-cü il hadisələri haqqında “Xaytarma” filmini rejissor qismən Krım-tatar dilində çəkib. Deyir ki, tam ana dilində film çəkmək fikrinə düşsə, aktyorları kifayət edəcək. Düzdür, indi Ukrayna dilində Donetsk hava limanını müdafiə edən “kiborqlar” haqqında film çəkir.
Repressiyaya uğramış adlar
Ukraynanın linqvistik xəritəsində Krım-tatar dili 90-ların lap əvvəllərində yaranıb. Təxminən 70 faizi Özbəkistanda yaşayan Krım tatarları öz vətənlərinə, Krıma qayıtmağa başlayıb. Deportasiyadan sonra yarım əsrə yaxın bir dövr keçmişdi. O vaxt, 18 may 1944-cü ildə dil bir anın içində bütün sosial funksiyalarını itirdi, məişət funksiyasından başqa. Deportasiyaya qədər isə Krım-tatar dili ibtidai, orta, ali məktəblərdə, radioda, iş icraatlarında, hüquqda, elmdə, publisistikada, ədəbiyyatda istifadə olunurdu. Evdən uzaqda bircə şey qalırdı – bir yerdə olmaq və ünsiyyəti dayandırmamaq. Yarım əsr sürən sürgün dilə ciddi zərər yetirdi. O, Krımın coğrafi xəritəsindən belə “sürgün edildi”: 1945-ci il tarixli fərmanla hər biri şəhər və ya kənd barədə məlumat verən orijinal Krım-tatar adları mənasız sovet adları: Meyvəli, Günəşli ilə əvəz edildi. Bu əsl toponimik repressiya idi.
Məhz buna görə də bu gün əksər Krım tatarlarının uşaqları öz milli dillərini yenidən öyrənməli olur.
İlhaqdan sonra
Krımın Rusiya tərəfindən 2014-cü ildə baş tutan ilhaqı da öz rolunu oynadı. Kiyevdə Anife Kurtseitovanın rəhbəri olduğu Krım-tatar mədəni təhsil mərkəzində ilhaqa qədər ona yaxın uşaq var idi. İndi onların sayı 50-dən çoxdur. Bu say get-gedə artır: Krımda hər həbs dalğasından sonra bura, Kiyevə yeni ailələr gəlir.
Krım-tatar dili, musiqi və rəqs dərsləri 165 saylı Kiyev məktəbində keçirilir. Məktəb rəhbərliyi heç bir artıq sual vermədən öz qapılarını açıb və mərkəzə lazım olan qədər dərs keçilməyə icazə verir. Anife Kurtseitova deyir ki, buna görə onlara çox minnətdardır. Onun sözlərinə görə, hakimiyyət Krım tatarları barədə çox danışır, amma daha çox diqqət və qayğını onlar sadə vətəndaşlar və fəallardan görürlər.
Afizə Emiramzayeva mərkəzdən başqa həm də Taras Şevçenko adına Kiyev Milli Universitetində də dərs deyir. İlhaqdan sonra burada “Krım-tatar dili və ədəbiyyatı” ixtisası açılıb. Hər şeyi cəmi 5 aya çatdırıb hazırlayıblar – işə mart ayında baş tutan “referendum”dan dərhal sonra başlayıblar. Dərslər 1 sentyabr 2014-cü il tarixindən açılıb. Maraqlıdır ki, tələbələr arasında Krım tatarlarından daha çox ukraynalılar vardı, bu onların özünəməxsus dəstək aktı idi.
Dərslər üçün material çatmır. Fəallar jurnallar dərc edir, kitablar çap edir, vəsaitlər buraxırlar. Kiyevin və Ukraynanın digər şəhərlərinin kitab mağazalarında Krım-tatar dilində ədəbiyyat olan stendlər yoxdur. Jurnal, kitab və ya vəsait almaq istəyirsənsə “qaraçı radiosuna” müraciət edə bilərsən. Amma Krım tatarları nə şikayət edir, nə də nə isə istəyirlər. Afizə əksinə, olanlara çox sevinir. O, Krım tatarlarının “dama, dama göl olar” atalar sözünü xatırlayır.
Arzular və yuxular
Material çatışmazlığı haqqında Krımdan olan aparıcı, gənc müəllim, eyni zamanda özü də tələbə olan Xalisə Zinədin də danışır. Xalisə də Kiyevə 2014-cü ildə köçüb. Tanış ailələr ondan uşaqları ilə məşğul olmağı xahiş edib. Sonra Xalisəyə böyüklər də müraciət etməyə başlayıb. Xalisə özü dərs fikirləşir, improvizə edir, dərslərə oyun əlavə edir. Amma bütün bunlar çox azdır. Həm də artıq mövcud olan materiallardan da yeni nə isə tapmaq çox çətindir: uyğunlaşdırılmış vəsait və dərslik yoxdur. Xalisənin özü nə vaxtsa Krım-tatar dərslikləri hazırlamaq istəyir.
O, “Azadlıq” radiosunda “Əlifba” rubrikasını aparır. Bu, radio və Ukraynanın İnformasiya Siyasəti Nazirliyinin birgə layihəsidir. “Əlifba”nın aparıcısı bu yaxınlarda müxtəlif nazirlərin yanına qonaq getməyə başlayıb: onlar verilişdə iştirak edir və Krım-tatar dilində bir neçə söz söyləyirlər. Düzdür, hələ ki bütün iştirakçılar ancaq kadrda çıxış etməklə kifayətlənib: heç biri dərsləri davam etdirmək istəməyib.
Uşaqlıqda Xalisə Krım-tatar dilində yaxşı danışa bilmirdi. Ancaq bəzi sözləri bilirdi. Artıq milli məktəbdə oxuyandan sonra doğma dilində danışmağa başlayıb. İndi isə anası, doğmaları və dostları ilə Krım-tatar dilində danışır. Həm də ua.tv-də xəbərləri aparır. Xalisənin sevimli resurslarından biri də film və cizgi filmləridir. Krım-tatar telekanalı olan ATR vaxtilə çox məşhur film və cizgi filmləri dublyaj edib. Hətta damda yaşayan Karlson da Krım-tatar dilində danışıb. Düzdür, bütün dublyaj olunmuş cizgi filmlərini Xalisə artıq öz şagirdlərinə göstərib: göstərməyə artıq heç nə yoxdur. O məşhur “Dostlar” Serialını Krım-tatar dilinə çevirməyi arzulayır: onunla dili öyrənmək asan olacaq. Daha bir arzusu kitab dükanlarında dünya şedevrlərinin Krım-tatar dilində tərcümələrini görməkdir.
Xalisə nə vaxtsa bütün bu arzularının çin olacağına inanır. Artıq bir arzusuna çatıb: o Krım-tatar dilində yuxular görməyə başlayıb, bu yuxularda o qədər xoşbəxt olur ki, oyanmaq belə istəmir.