Avropaya açılan pəncərə. İkinci raund
Foto: Qevorq Kazaryan
Sentyabrın 3-dən sonra dəyişən gündəm
Ermənistanla Avropa İttifaqı arasında hüquqi çərçivə sənədi ətrafında danışıqlar başa çatıb. Bu yaxınlarda Brüsselə baş tutan səfəri zamanı Ermənistan prezidenti Avropa İttifaqının başçısı Donald Tuskla görüşərək, danışıqların başa çatdığını bildirib. Serj Sarqsyan qeyd edib ki, sənəd “Hərtərəfli və geniş tərəfdaşlıq haqqında müqavilə” adlanacaq və Ermənistan-Aİ münasibətlərinin real həcmini də dərinliyini əks etdirəcək.
Müqavilənin mətni rəsmi şəkildə açıqlanmasa da, ekspertlər bəzi məqamlardan çıxış edərək bildirirlər ki, Avrasiya İqtisadi Birliyinə üzv olan Ermənistan üçün həmin sənəd həyati əhəmiyyət kəsb edir, bununla belə, avropalıların Ermənistana 2013-cü ildə imzalamaq üçün təklif etdiyi müqavilədən daha aşağı səviyyəlidir.
Çox şübhəsiz ki, Ermənistanın xarici siyasət tarixində 3 sentyabr 2013-cü il tarixi olmasaydı, onun üçün daha əlverişli şərait yarana bilərdi. Həmin gün Ermənistan bildirdi ki, Aİ ilə assosiasiya haqqında müqavilə, həm də ona daxil olan Geniş və Hərtərəfli Azad Ticarət Zonasının yaradılması haqqında müqaviləni imzalamayacaq. Bunun əvəzində isə prezident Sarqsyanın Moskvadan bildirdiyi kimi, Avrasiya İqtisadi Birliyinə inteqrasiya prosesi başlandı.
Hadisələrin “Maydan”dan sonra demək olar ki, Ukrayna böhranına paralel olaraq getdiyindən, çoxlarına aydın idi ki, məhz Rusiya Ermənistanla Aİ arasında münasibətlərdə əngəl oldu. Sarqsyanı daha nə bir gecənin içində ölkənin xarici siyasətinin kursunu dəyişməyə və yenicə formalaşmağa başlayan, parlaq perspektiv vəd etməyən və ona üzv olan heç bir ölkənin Ermənistanla quru sərhədi olmayan qurumla inteqrasiyaya getməyə vadar edən nə ola bilərdi?
Ermənistanın Ai ilə yeni münasibətləri
Sentyabrın 3-dən başlayaraq, Ermənistan Aİ ilə münasibətlərini dərinləşdirməkdən, eyni zamanda da AİB-də üzvlüyündən imtina etmədən “və…, və…” siyasətini həyata keçirməyə başladı. Beləliklə də Ermənistan mahiyyətcə sübut etməyə çalışırdı ki, qərarı Rusiyanın təzyiqi altında qəbul etməyib. Bununla belə, həmin günlər Aİ nümayəndələri bunun mümkünlüyünü rədd edir və qeyd edirdilər ki, Ermənistanın AİB-dəki öhdəlikləri Aİ-nin prinsiplərinə zidd olmaya bilməz və deməli Ermənistan Aİ ilə AİB arasında seçim etməlidir.
Bir müddət Ermənistanla Aİ arasında münasibətlərin taleyi qeyri-müəyyən qaldı, sonra da aşağıdakı məzmunlu bəyanat daxil oldu: Ermənistanla Assosiasiya Haqqında Sazişin paraflaması ölkənin Gömrük İttifaqı çərçivəsində yeni beynəlxalq öhdəlikləri səbəbindən baş tutmayacaq, amma Avropa İttifaqı ilə insan haqlarının müdafiəsi sahəsində, demokratiyanın bərqərar olması və bir sıra digər sahələrdə yaxınlaşması davam edəcək.
Aİ sentyabrın 3-dən sonra səsləndirdiyi şokedici və eyni zamanda sərt ritorikasını dəyişdi və bildirdi: Avropa İttifaqı Ermənistanın suveren haqqına hörmətlə yanaşır və rəsmi Yerevanın yeni öhdəlikləri ilə uyğunlaşdırıla bilən istiqamətlər üzrə dəstəyini davam etdirəcək. Nəticədə Serj Sarqsyanın bildirdiyi kimi, Ermənistan-Aİ münasibətləri “redaktə olundu, amma ləğv edilmədi”.
Çərçivə münasibətlərinin başlanğıcı
Rusiyadakı ekspert və siyasi dairələr qürurla bildirirdilər ki, Ermənistan sürətlə Avrasiya İqtisadi Birliyinə qoşulur, bu da tezliklə öz nəticəsini verdi: 2 yanvar 2015-ci ildə Ermənistan AİB-in üzvü oldu.
Amma elə həmin il dekabrın 7-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini yeni hüquqi çərçivə sənədi ətrafında danışıqların başlandığını bildirdilər. Ermənistan və Aİ nümayəndələri ümidvar olduqlarını bildirdilər ki, yeni müqaviləyə tərəflərin razılığa gələ biləcəyi maksimal sayda bənd daxil ediləcək.
Analitiklər belə bir fikrə gəldilər ki, Aİ-nin yanaşmasını dəyişməsinə səbəb Ermənistanı Rusiya ilə tək qoyduğunu və təsirini itirdiyini anlaması oldu. Avropa İttifaqı nümayəndələri bildirdi ki, Ermənistan onlar üçün bu regionda vacib ölkədir.
Bir neçə addım geri
Danışıqların başa çatdığı gün Brüsseldə olan “Məlumatlı vətəndaşlar” təşkilatının nümayəndəsi Daniel İonnisyan qeyd edir ki, yeni sənəd Assosiasiya Haqqında Sazişlə müqayisədə geriyə atılan böyük addım olsa da onun siyasi tərəfi dəyişməz qaldı:
“Siyasi məzmunun təxminən 90%-i həqiqətən də qalıb. Yeni saziş təxminən Moldova və Gürcüstanla bağlanan saziş kimidir. Sənədin iqtisadi tərəfi isə Ermənistanın AİB-ə üzv olması səbəbindən çox səthidir”.
Eyni zamanda İonnisyan hesab edir ki, hazırda Ermənistanın Aİ ilə münasibətlərinin mərhələsi 2013-cü ildə olduğu kimidir, o vaxt Assosiasiya Haqqında Saziş üzrə danışıqlar bitsə də paraflanmadı.
Buna görə də o narahatdır ki, Ermənistan bu dəfə də sənədi imzalamaqdan imtina edə bilər: “3 sentyabr təhlükəsi hələ də keçməyib. Ötən dəfə biz elə həmin bu mərhələdəydik ki, Ermənistan hakimiyyəti geri çəkildi. Hazırda Brüsseldəyəm və deyə bilərəm ki, burada 3 sentyabrı xatırlayırlar. Bununla belə ümid edirik ki, eyni ssenari təkrar olunmayacaq və heç olmasa bu dəfə Ermənistanla Aİ arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq. Əks halda bu təkcə Ermənistan hakimiyyətinin nüfuzuna deyil, həm də Ermənistanın inkişafına, gələcək perspektivlərinə ciddi zərbə endirəcək”.
Müqavilənin paraflanması və imzalanması müddəti hələlik qeyri-müəyyəndir. Paraflama may ayına, imzalama noyabr üçün nəzərdə tutulub. Bütün, bunları İonnisyanın sözlərinə görə, daha tez etmək mümkün deyil, çünki sənəd Aİ-yə üzv olan bütün ölkələrin dillərinə tərcümə edilməli, sonra redaktə olunmalı və Avropa İttifaqının bütün dövlətlərinin parlamentlərində təsdiq edilməlidir.
Sənədlərin saxtalaşdırılmasının bədəli
Bu il aprelin 2-də Ermənistanda ilk dəfə yeni şəkildə seçkilər keçiriləcək, bundan sonra da Ermənistan vətəndaşlarının referendum nəticəsində seçdiyi dövlətin parlament idarəçiliyi üsuluna keçəcək. Kulis arxası belə narahatlıqlar var ki, seçkilər azad, ədalətli və şəffaf şəraitdə keçməsə, bu, təkcə Ermənistanın Aİ ilə münasibətlərinə təsir etməyəcək, həm də Avropa İttifaqının yeni hüquqi çərçivə müqaviləsini ratifikasiya etməməsinə gətirib çıxara bilər.
Vizalar gündəmdə yoxdur?
Yeri gəlmişkən, sosial şəbəkələrdə müqavilə ətrafında qızğın müzakirələr başlayıb. İstifadəçiləri əsasən vizaların liberallaşdırılması məsələsi narahat etsə də, eyni zamanda başqa məsələlər də müzakirə olunub.
Birinci trend: müqavilənin imzalanması ancaq xeyir gətirə bilər
“Aİ ilə istənilən müqaviləni müsbət hal kimi dəyərləndirmək lazımdır. Amma Rusiyanın bu dəfə də imzalamağa mane olmayacağı ilə bağlı hər hansı bir zəmanət varmı?”.
“Bu sənəd Ermənistan-Aİ əməkdaşlığına ancaq müsbət təsir göstərə bilər. O, sonrakı institusional əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Həmin müqavilənin imzalanmasından sonra başqa bir proses – viza rejiminin liberallaşdırılması başlayacaq, bununla bağlı artıq Brüsseldən müsbət mesajlar gəlir”.
“Viza rejiminin liberallaşdırılması prosesi həmişə müqavilə üzrə danışıqlara paralel olaraq keçib, müqavilənin məzmunundan asılı olmayıb, buna görə də yeni sənəddə heç bir şəkildə əks olunmaya da bilər”.
İkinci trend: siyasətdə təsadüflər olmur
“Aİ Ermənistandan birdəfəlik imtina etməyə hazır deyildi və imtina etməyəcək də. Avropa İttifaqında başa düşürlər ki, Ermənistandan imtina etsələr, bizim Rusiyadan başqa bir alternativimiz qalmayacaq. Misal üçün, Qərb bizə kredit verməyi dayandırsa, Ermənistan RF-dən asılı vəziyyətdə qalacaq”.
Üçüncü trend: Ermənistanla viza rejiminin liberallaşdırılması hər halda yaxın zamanlarda olmayacaq
“Pis xəbər: Ermənistan-Aİ arasına müqavilə üzrə viza rejiminin liberallaşdırılması ancaq “uzunmüddətli məqsəddir”.
“Viza rejiminin liberallaşdırılmasının uzunmüddətli məqsəd olması kədərli deyil, gözlənilən idi. Avropalılar sadəlövh deyil, “və…, və…” kimi fırıldaqlara aldanmırlar”.
“Viza məsələsi müvafiq inkişaf olduğu halda adıgedən müqavilədən kənar da həll edilə bilər. Amma proses başlayandan azı iki il keçməlidir… Müvafiq proseslər getməsə, hətta müqavilədəki ən nikbin bəndlər belə kömək etməyəcək”.