Azərbaycanda cəmi 73 qaçqın qeydə alınıb
2016-cı il dekabrın 16-a olan məlumata görə, Azərbaycanın Dövlət Miqrasiya Xidmətində qaçqın statusu almış 73 əcnəbi qeydə alınıb. Bu haqda hökumətin Milli Məclisə təqdim etdiyi hesabatda yazılıb. Bundan başqa 105559 nəfər xarici ölkə vətəndaşının daimi, 37752 nəfərin isə müvəqqəti yaşamaq hüququ var.
Ermənistandan olan qaçqınlar ənənəvi olaraq statistik göstəricilərə daxil edilmir. Onların hamısı artıq çoxdan Azərbaycan pasportu alıblar, amma zorakılıqla Azərbaycana köçürülmələrindən 25 il keçməsinə baxmayaraq, hələ də qaçqınlar üçün nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edirlər.
Hesabat martın 17-də baş nazir Artur Rəsizadə tərəfindən Milli Məclisdə təqdim olunacaq.
Parlamentdə Ermənistan qaçqınlarının sosial imtiyazlarının saxlanmasının məqsədəuyğun olması haqda dəfələrlə məsələ qaldırılıb. Ən son ötən ilin dekabrında deputat Çingiz Qənizadə təklif edib ki, Ermənistandan köç edənlər artıq qaçqın hesab edilməsin. “25 il ərzində qaçqın və məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil problemi həll edilib”, – Qənizadə deyib, amma parlament bu təklifi dəstəkləməyib.
Ermənistandan olan qaçqınların sayı ilə bağlı indiyə qədər vahid fikir mövcud deyil. Azərbaycan hakimiyyəti ənənəvi olaraq “milyondan artıq qaçqın və məcburi köçkün (Dağlıq Qarabağ və ətraf rayonlardan)” ifadəsini işlədir. Bu göstəriciyə Ermənistanın özündən olan 250 min qaçqın daxil edilir.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə hesab edir ki, qaçqın və məcburi köçkünlərin ümumi sayı milyon nəfər deyil, bir milyon 200 min nəfərdir.
Həsənov hesab edir ki, milyon rəqəmi 1992-1993-cü illərin statistikasıdır. Amma 20 il ərzində ölkənin təbii artımı 100:1 təşkil edib, bu isə o deməkdir ki, qaçqın və məcburi köçkünlərin sayı da artıb: “Hər il 10 min nəfər artımla ümumi say bir milyon 200 min nəfərə çatıb. Deməli, 9 milyonluq əhalinin 1 milyon 200 min nəfəri qaçqın və məcburi köçkünlərdir. Yəni əgər dünyada 135 nəfərdən biri qaçqındırsa, Azərbaycanda hər 8 nəfərdən biri qaçqındır. Bizim işimiz çox mürəkkəbdir”, – Əli Həsənov 1news.az agentliyinə bildirib.
Beynəlxalq araşdırmaçılar Azərbaycan hökumətinin təqdim etdiyi göstəricilərin doğruluğuna şübhə edirlər. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) dəyərləndirməsinə görə, Azərbaycanda qaçqınları sayı təxminən 200 min nəfərə çatır (1991-ci ildə Azərbaycana Özbəkistandan köçmüş 50 minə yaxın “Məshəti türkləri” də bura daxildir).
Bu rəqəm Britaniyalı jurnalist Tomas de Vaalın gəldiyi nəticələrə də uyğundur.
“Azərbaycan əhalisi arasında köçürülməyə məruz qalmış şəxslərin sayı 750 minə yaxındır, bu da prezident Əliyevin mütəmadi olaraq istinad etdiyi “bir milyondan” xeyli azdır. Amma yenə də bu, kifayət qədər ciddi rəqəmdir. Buraya 1988-1989-cu illərdə Ermənistandan Azərbaycana köçən 186 min azərbaycanlı, 198 min müsəlman kürd və 3,5 min rus daxildir”, – de Vaal “Qara bağ” kitabında yazır.