Gürcüstan – “Qazprom”. Qarşılıqlı əlaqələr tarixində yeni səhifə?
Gürcüstanın İqtisadiyyat Nazirliyi cari il üçün təbii qaz balansını dərc edib, burada qeyd edilir ki, 2018-ci ildə Gürcüstan artıq Rusiyadan qaz almayacaq.
Sənəddə qeyd edilir ki, 2018-ci ildə Gürcüstan cəmi 2,689 milyard kubmetr qaz alacaq. Bunun 99,65%-i Azərbaycan qazı olacaq (1,866 milyard kub metr “Socar” şirkətindən və 813 milyon kub metr Şahdəniz yatağından). Qalan 9,41 milyon kub metr Gürcüstanda hasil ediləcək.
“Qazprom”dan azad olunmağın Gürcüstanın elan edilmiş məqsədlərindən biri olmasına və ilk baxışdan, bu xəbərdən sonra müsbət reaksiyanın gözlənməsinə baxmayaraq, əksinə oldu – yenidən Gürcüstanın “Qazprom”la ötən il imzaladığı müqavilədə qeyd edilənlərlə bağlı mübahisələr başlandı.
2017-ci ilin əvvəllərində Gürcüstan “Qazprom”la yeni, iki il müddətinə müqavilə bağladı. Müqavilədə əsas məqam ondan ibarətiydi ki, təbii qazın tranzitinin ödənilməsi sxemi dəyişdi. Əvvəllər, uzun illər boyu Gürcüstan onun ərazisindən Ermənistana ötürülən qazın 10%-ni alırdısa, yeni müqaviləyə görə, Gürcüstan Rusiyadan qaz deyil, tranzitə görə ödəniş alacaq.
Ekspertlər və hakimiyyətin opponentləri lap əvvəldən bu müqaviləni iqtisadi cəhətdən zərərli adlandırırdılar. Hakimiyyətin isə əsas arqumentlərindən biri o idi ki, Gürcüstan Rusiya qazı olmadan qala bilməzdi, çünki Azərbaycan Gürcüstanın tələblərini tam ödəyə bilmirdi. İqtisadiyyat naziri tərəfindən imzalanan balansda isə tam fərqli mənzərə görünür – demə, Azərbaycan Gürcüstanın qaza olan tələbatını tam ödəyə bilirmiş.
Müqavilə bağlanan gündən bir il keçir, onun şərtləri isə indiyə qədər də gizli qalır. Eyni zamanda məlum deyil ki, Rusiya tərəfi Gürcüstan ərazisindən qazın tranzitinə görə nə qədər ödəyir. Müxalif “Vahid milli hərəkat” partiyasının üzvü, iqtisadçı Roman Qotsiridze deyir ki, yeni müqaviləyə görə ölkə ən azı 80 milyon lari (təxminən 32 milyon dollar) itirib.
“Əslində Gürcüstanın sadəcə Rusiyadan qaz almaq imkanı yoxdur, çünki “Qazrpom”dan tranzitə görə alınan vəsait onun Ermənistanla sərhədə qədər nəqli ilə bağlı xərclərin ödənilməsinə ancaq çatır”, – Qotsiridze deyir.
Ekspert Giya Xuxaşvili də ziyandan danışır. “Reallıq onu deyir ki, “Qazprom”la yeni müqaviləyə görə biz zərər gördük. Gürcüstan ərazisindən Ermənistana nəql edilən qazın 10%-i Rusiyadan tranzitə görə aldığımız məbləğdən xeyli çoxdur”, – o deyir.
Xuxaşvilinin sözlərinə görə, “hakimiyyətin Gürcüstanın Rusiyadan qaz almağı dayandırması və siyasi cəhətdən ondan asılı olmaması ilə bağlı bəyanatları yalandır”.
Gürcüstan artıq 10 ildən çoxdur ki, “Qazprom”dan qaz almır – 2007-ci ildən almamışıq, Ermənistan üçün nəzərdə tutulan qazın tranzitindən 10% almışıq, – Xuxaşvili izah edir.
“Milli hərəkat” məhkəməyə iddia ilə müraciət edərək, “Qazprom”la müqavilənin şərtlərini açıqlamağı tələb edib. Tbilisi şəhər məhkəməsi iddianı icraata götürüb və istisna olunmur ki, məhkəməyə “Qazprom”un nümayəndələri çağırılacaq.
“Biz müqavilə niyə sirr olaraq saxlanılır və onun açıqlanmasına mane olan nədir – sualına cavab almalıyıq”, – Roman Qotsiridze deyir.
2007-ci ildən Azərbaycan Gürcüstana yeganə qaz təchizatçısıdır. Rusiyadan gələn isə Ermənistana ixrac olunan qazın ümumi həcminin cəmi 10%-ni təşkil edib – bu, “Qazprom”un Gürcüstana tranzitə görə verdiyi ödəniş idi. 2017-ci ildən başlayaraq “Qazprom”la müqavilədə nələrsə dəyişdi. İndən sonra Rusiya tərəfi Gürcüstana tranzit xidmətləri haqqını xammal deyil, pulla ödəyəcək. Bu, Rusiyanın şərti oldu. Gürcüstan isə uzun illər buna müqavimət aparandan sonra razılaşmalı oldu.
Niyə? – Tbilisidə sual edirlər.
Gürcüstanın enerji təhlükəsizliyinə aparan yolu 2006-cı ilin soyuq qışından başladı.
Noyabrın 22-si gecə dağlarda Vladikavkazdan 30 kilometr aralıda iki qaz borusu sıradan çıxdı. Məhz bu qaz boruları ilə Gürcüstana Rusiyadan mavi yanacaq nəql olunurdu.
Həmin gün də Qaraçay-Çerkesiyada elektrik ötürücü xətti partladılıb – Gürcüstana Rusiyadan elektrik enerjisinin verilməsi dayandı.
Tbilisinin böyük hissəsi havanın temperaturunun sıfırdan aşağı olduğu bir şəraitdə işıq və qazsız qaldı.
Problemlər Rusiya qazını Gürcüstan ərazisindən alan Ermənistanda da yarandı.
Gürcüstan hakimiyyəti baş verənləri vandalizm və təxribat adlandırdı. Tbilisidə əminiydilər ki, Rusiya bu cür hərəkətlərlə Gürcüstanı öz strateji obyektlərini, o cümlədən də qaz borusunu onun nəzarəti altına keçirməyə məcbur etmək istəyir.
Bundan bir neçə ay sonra “Qazprom” Gürcüstan üçün 1000 kub metr qaza görə qiymətləri 110 dollardan 235 dollara qaldırdı. Beləliklə də Rusiyanın şirkəti Gürcüstan üçün MDB ərazisində ən yüksək tarif müəyyən etdi (o vaxtlar Gürcüstan hələ ki, həmin təşkilatın üzvü idi).
Bu hadisələrdən öncə Gürcüstanla Rusiya arasında 2006-cı ildə “casus qalmaqalı” yaşandı. Gürüctan hakimiyyəti tərəfindən rusiyalı casusların ifşa edilməsi və deportasiyasına cavab olaraq, təhqir olunmuş Kreml qazın qiymətlərinin qaldırılmasına paralel olaraq, bütün Rusiya miqyasında həmin ölkədə yaşayan gürcülərin təqibinə başladı. Sonra da bir neçə illik Gürcüstanın kənd təsərrüfatı məhsullarına embarqo qoydu.
Bu hadisələrdən sonra on ildən çox vaxt keçib. Bu gün Gürcüstan 2,5 milyon kub metr təbii qaz işlədir, bunun 90 faizini də Azərbaycandan alır.
Bu gün Gürcüstan “Qazprom”dan asılı deyil. Rusiya qazı ölkənin qaz təchizatının ümumi həcminin cəmi 10 faizini təşkil edir. Bu 10 faiz Gürcüstana avtomatik olaraq, ərazisindən Rusiya qazının Ermənistana daşındığı tranzit ölkə kimi verilirdi.
“Qazprom”dan asılılığın nə demək olduğunu Gürcüstanda hələ də çox yaxşı xatırlayırlar, buna görə də təəccüblü deyil ki, Rusiyanın enerji nəhəngi ilə danışıqlar barədə istənilən xəbər inamsızlıq oyadır və hamı buna şübhə ilə yanaşır.
Məhz buna görə də Gürcüstan hakimiyyətinin “Qazprom”a güzəştə getməsi və tranzitə görə xammal əvəzinə pul alması barədə məlumat ajiotaj və çox sayda sualların yaranmasına səbəb oldu. 2016-cı ilin sonlarında “Qazprom”la Gürcüstanın energetika naziri arasında bağlanan müqaviləyə əsasən, 2017-ci ildən Gürcüstan Rusiya qazının Ermənistana tranzitinə görə xammal əvəzinə pul alacaq.
“Qazprom”la bu məsələ ilə bağlı danışıqlar iki ildən çox davam edib və yekun müqaviləni tərəflər ancaq 2017-ci ilin yanvar ayında imzalayıblar.
“Qazprom”la bağlanan müqavilə barədə nə məlumdur:
Çox az şey. Əsasən də məlum deyil ki, Gürcüstan tranzit xidmətlərinə görə nə qədər alacaq. Bu, məxfi məlumatdır. Bu mövzu ilə bağlı ancaq energetika naziri Kaxa Kaladzenin fərqli qiymətləri var: “Bu, Avropada ən yüksək ödənişlərdən biri olacaq” və “Maliyyə nöqteyi-nəzərindən biz qazın tranzitinə görə xammal aldığımız həcmdə olacaq”. Energetina nazirinin dediyinə görə, müqavilə 2 i müddətinə imzalanıb. 2017-ci ildə qazın Gürcüstan ərazisindən tranzit haqqını “Qazprom” qarışıq sxemlə ödəyəcək – qismən pul, qismən də xammal, yəni qazla. 2018-ci ildən isə tərəflər ancaq maliyyə münasibətlərinə keçəcəklər.
Kaladze deyir ki, müqaviləyə əsasən, zərurət yarandığı halda, mövsüm defisiti yarandığı halda Gürcüstanın “Qazprom”dan lazım olan həcmdə yanacağı imtiyazlı qiymətlərlə almaq imkanı var. Energetika nazirinin məlumatına görə, “Qazprom-Eksport” Gürcüstana 100 kub metrə görə 215 dollar əvəzinə 185 dollar qiymətinə əlavə qaz verməyə razıdır.
Hakimiyyətin arqumentləri
Hakimiyyət bildirir ki, “Qazprom”un şərtləriylə bir neçə səbəbdən çıxılmaz vəziyyətin yaranmasına görə razılaşmalı olub:
Beynəlxaq öhdəliklər: Avropanın Energetika Xartiyası Gürcüstanın üzərinə “Qazprom”dan xammal əvəzinə pul almaq öhdəliyi qoyur. Artıq demək olar ki, heç bir yerdə tranzit xammalla ödənmir. Beynəlxalq səviyyədə hər yerdə tranzit xidmətləri pulla ödənilir və gec və ya tez Gürcüstan “Qazprom”la münasibətləri maliyyələşdirməli idi – hakimiyyət nümayəndələri deyir.
Tranzit ölkə imici: “Qazprom”un təklifinin rədd edildiyi halda Rusiya Ermənistan üçün qaz təchizatında problemlər yaradardı, bu da Gürcüstanın tranzit dövlət kimi nüfuzuna xələl yetirmiş olardı.
Gürcüstan əvəzinə İran: Daha bir arqument – Rusiya ümumiyyətlə Gürcüstanın tranzit xidmətlərindən imtina edib, Ermənistanın İran qazı ilə təchizatına başlaya bilərdi. “Onlar açıq şəkildə bildirdilər ki, Ermənistan üçün İrandan qazın idxalına hazırdırlar. Bu cür təhlükə həqiqətən də mövcuddur və bu planın realizəsi bizim üçün çox ağrılı ola bilər”, – energetika naziri hələ ötən ilin yanvar ayında bildirib.
Enerji təhlükəsizliyinə heç bir təhdid yoxdur: “Bu müqavilə Gürcüstanın Rusiya enerji daşıyıcılarından asılılığını artırmır. Dəyişən ancaq ödəmə formasıdır, buna görə də narahatçılıq üçün heç bir əsas yoxdur”, – energetika naziri Kaxa Kaladze deyir.
Azərbaycan bizim yaxşı qonşumuzdur, bununla belə energi təchizatını şaxələndirmək lazımdır: Gürcüstanın keçmiş baş naziri və hakim “Gürcü arzusu” partiyasının yaradıcısı, indi də hökumətin qərarlarına böyük təsir gücü olan Bidzina İvanişvili hələ 2015-ci ilin axırlarında jurnalistlərə şaxələndirməni dəstəklədiyini bildirib. “Bütün Avropa Rusiya qazı ilə təchiz edilir, onu istehlakçılarından biri də Gürcüstan olsa burada kriminal heç nə yoxdur, – deyə o bildirib. – Mən bazarın şaxələndirlməsində və bizim iş adamlarının istədikləri yerdən qaz ala bilməsində pis heç nə görmürəm”.
“Qazprom”la müqaviləyə qarşı çıxanların arqumentləri:
Dumanlı müqavilə və qeyri-şəffaf proses. Gürcüstan hökumətinin Rusiya dövlət şirkəti ilə danışıqlar aparması barədə ilk məlumatı Gürcüstan əhalisi öz hökumətindən deyil, “Qazprom”un veb-səhifəsindən aldı. Bundan sonra da hakimiyyət mütəmadi olaraq danışıqların məğzi barədə bir-birini təkzib edən məlumatlar yaymağa başladı ki, bu da çox sayda sual və şübhələrin yaranmasına səbəb oldu. Gürcüstanın qaz əvəzində tranzitə görə nə qədər alacağının bu günə qədər də naməlum qalması prosesi bir az da dumanlı edir.
Uğursuz və siyasi qiymət: Təbii qazın qiymətləri dəyişir və neftin qiymətlərindən asılıdır. Neftin qiyməti düşəndə deməli Gürcüstan da az alacaq və ziyan çəkəcək. Müxalifət hakimiyyətə xatırladır ki, özünün keşmiş illərdəki təcrübəsindən və beynəlxalq təcrübədən çıxış edərək unutmaq olmaz ki, Rusiya enerji ehtiyatlarına olan qiymətləri kommersiya məntiqindən deyil, siyasi məqsədəuyğunluqdan çıxış edərək müəyyən edir.
Avropa Energetika Xartiyası ilə manipulyasiya: Mütəmadi olaraq 2009-cu ildən başlayaraq energetika xartiyasını pozan Rusiya oranın üzvlüyündən çıxıb. Onda necə alınır? Gürcüstan hakimiyyəti arqument kimi Rusiya tərəfindən pozulan öhdəlikləri gətirmək əvəzinə, əksinə Rusiyanın mövqeyinə bəraət qazandırmaq üçün səbəb axtarır.
Rusiya tərəfindən şantaj: Ekspertlər Rusiya tərəfindən Gürcüstanın tranzitə görə təklif olunan sxemdən imtina edəcəyi halda Ermənistanın enerji təchizatına İran qazı ilə başlaması ilə bağlı səsləndirilən ultimatumu real saymır. Eksperlərin böyük hissəsi bunun xalis şantaj olduğunu hesab edir, çünki bu cür planın yaxın gələcəkdə realizəsi mümkün deyil.
Vasitəçilərsiz dialoq: Ekspertlərin bir hissəsi və müxalifət üçün Gürcüstanın “Qazprom”la beynəlxalq tərəfdaşların iştirakı olmadan danışıqlar aparması yolverilməzdir.
Azərbaycanın incikliyi: “Qazprom”la siyasi risklə bağlı olan danışıqlar Azərbaycanla stabil münasibətlərin pozulmasına səbəb ola bilər. “Artıq on ildir ki, Azərbaycan fasiləsiz olaraq sərfəli şərtlərlə Gürcüstanı qazla təmin edir. Qrafiklə elektrik enerjisinin verildiyi vaxtlar, qaranlıq və soyuq qış günləri arxada qalıb. Azərbaycanın Gürcüstan üçün etibarlı tərəfdaş olmasından başqa, bu qonşu ölkə ilə əməkdaşlıq Gürcüstan üçün strateji əhəmiyyətə malikdir”, – parlamentdəki azlığın üzvü Elene Xoştariya deyir.
- İndiki mərhələdə Gürcüstana qazın əsas təchizatçısı Azərbaycandır. Ötən il Gürcüstanda istifadə olunan qazın 87,1% həcmi Azərbaycandan gəlib. Gürcüstan Azərbaycan qazını imtiyazlı qiymətlə alır: əhali üçün 1000 kub metrə görə 120 dollar, istilik stansiyaları üçün 1000 kub metrə görə 143 dollar. Bu qiymət “Qazprom”un özünün strateji tərəfdaşı olan Ermənistana təklif etdiyi qazla müqayisədə xeyli daha aşağıdır: Ermənistan bu gün 1000 kub metr Rusiya qazına görə 165 dollar ödəyir. Gürcüstan bu gün həm də Rusidan qaz alır, amma Azərbaycan qazından daha az həcmdə. 2014-cü ildə Gürcüstan Rusiyadan 267 milyon 773 min kub metr qaz alıb, bunun da 206 milyob 166 min kub metr qazı tranzit haqqı kimi alır – Ermənistana 221 metr uzunluğu olan “Şimal-Cənub” boru kəməri ilə daşınan qazın ümumi həcminin 10 faizi Gürcüstana qalır.
- Ötən il Ermənistan Gürcüstanın ərazisindən magistral qaz kəməri ilə Rusiyadan 2,1 milyard kub metr qaz alıb, bundan da 0,3 milyard kub metr Gürcüstana qalıb.