YouTube-da siyasi kontent: ermənidilli istifadəçilər üçün kim və nə yaradır?
YouTube-da siyasi kontent: ermənidilli istifadəçilər üçün kim və nə yaradır?
Son illərdə YouTube Ermənistanda ən populyar platformalardan biri olub. Burada ermənidilli auditoriya yalnız istehlakçı deyil, həm də kontent yaradır. Siyasi məsələləri işıqlandıran YouTube kanalların çox böyük auditoriyaları var. Üstəlik populyarlar sırasında yalnız məşhur xəbər agentlikləri yox, həm də şübhəli kontent yaradan tanınmamış kanallar da var, onlar baxış sayına görə tanınmış xəbər agentlikləri ilə rəqabətə girir.
Məlum naməlumlar
YouTube-da fəaliyyətini 2018-2020-ci illərdə başlayan və indi milyonlarla baxış sayı toplayan yeddi ermənidilli kanal var. Onların arasında Perfect TV, The Great Armenia, ArmNkr news, New Channel TV, SHD ARM TV, 8rd.am, amenor am var.
Bu kanallar bir qayda olaraq, dəqiq informasiya təqdim etmirlər, əksinə, yalan və köjnəlmiş məlumatlar yayırlar, daima tələ-başlıqlardan (Clickbait) istifadə edirlər ki, mümkün qədər çox baxış əldə etsinlər.
The Great Armenia
Bu kanal 2019-cu il sentyabrın 7-də yaradılıb, ilk video isə 2020-ci il iyulun 19-da dərc olunub. Kanal yaradılandan bəri baxış sayı 54 milyona çatıb, 103 mindən çox abunəçisi var. Səhifədə yaradıcı, aktivlik və ya əlaqə məlumatı qeyd olunmayıb. “Haqqımızda” bölməsində tapmaq mümkün olan yeganə informasiya erməni şair Yeqişe Çarentsin sözləridir.
Bu kanal həm başlıqda, həm də materialın özündə aşkar yalan informasiya yayır, məşhur insanların dilindən onların demədikləri sözləri sitat kimi təqdim edir.
Məsələn: “Baydenin nəvəsi ermənilər haqda: “Mən onlara heyranam””, ““Ey, sən, dəli”. Salovyov Əliyevi belə təhqir edib”, ““Əliyev, bunu sənin üzünə deyəcəm. Malaxov Əliyevi biabır edib”, “Puqaçova ermənilərə kömək etmək üçün Putinə müraciət edib”, “TƏCİLİ: Türklər Kİm [Kardaşyanın] evinə hücum edib”.
Praktiki olaraq bütün materiallarda müəllif Azərbaycan prezidenti İlham Əliyevi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı guya erməniləri tərifləyən məşhur insanların adından tənqid və ittiham edir. Bununla belə məlumdur ki, sözügedən şəxslər ümumiyyətlə belə bəyanatlar səsləndirməyiblər. Aydın olur ki, kanalın əsas məqsədi mümkün qədər çox baxış toplamaqdır.
The Great Armenia kanalının video-çarxlarından və onlara yazılmış yüzlərlə şərhdən aydındır ki, kanalın hədəf auditoriyası Ermənistan və Rusiyadakı ermənidilli istifadəçilərdir.
ArmNkr news, New Channel TV, SHD ARM TV xəbər kanallarının məzmununda ümumi nə var?
Bütün bu YouTube kanallarının üslubunda ortaq çox şey var. Onlar tələ-başlıqlardan istifadə edirlər: əvvəlcəkadr arxasındakı həyəcanlı səs oxşar musiqinin müşayiəti ilə yalan informasiya yayır, sonra isə birdən müxtəlif Facebook istifadəçilərinin postlarına, məlumatlara, xəbərlərə və ya elə həmin sosial şəbəkədə edilmiş canlı yayımların yazılarına keçir.
Məsələn, ArmNkr news-un video-çarxlarından birində deyilir ki, ABŞ prezidenti Bayden “erməni soyqırımı” sözbirləşməsini səsləndirəndə Türkiyə Ermənistana 10 milyard dollar ödəməli olacaq, həmçinin Ermənistan ərazilərinin qaytarılması məsələsi müzakirə olunmağa başlayacaq.
New Channel TV-nin “TƏCİLİ! Nikola hücum: elə indi!” təqdimatlı materialında sadəcə Facebook istifadəçilərinin statusları oxunur və bu statusların başlığa heç bir aidiyyatı yoxdur. Digər videoda deyilir ki, ABŞ prezidenti Baydenin oğlu gələcək həyat yoldaşının milliyyətcə erməni Gohar Mazmanyan adlı qadının olacağını bildirib.
Qeyd etmək lazımdır ki, ArmNkr news və New Channel TV kanallarındakı mətnlər eyni qadın səsi ilə oxunur. Eyni kanallar kateqoriyasına aid olan SHD ARM TV video-kanalında da eyni səsi eşitmək mümkündür. Üstəlik bu kanalda müxtəlif başlıqlı tamamən eyni videolara rast gəlmək mümkündür.
Ya da eyni fotolardan müxtəlif video-çarxlar üçün istifadə olunur.
Facebook-da Nvideo Only1 səhifəsinin linki 8rd news xəbər kanalının əlaqə bölməsində yerləşdirilib. Bu səhifəni tədqiq edəndən sonra yuxarıda qeyd olunan YouTube kanallarının eyni şəxslər tərəfindən idarə olunduğuna dair şübhə qalmır.
Məhz Facebook-dakı həmin səhifə amenor am, ARM TV, ArmTrue, New chennel və sairə kimi qeyd olunan və digər analoji kanallar tərəfindən yaradılan kontenti yayır.
Bütün bu kanalların yaradıcısı kimdir?
Tədqiqat göstərib ki, bu xəbər kanalları Şavarş Saruxanyan adlı istifadəçiyə aiddir. Saruxanyanın Facebook səhifəsində qeyd olunub ki, o, Nvideo Only1 kanalının yaradıcısıdır, aprelin 21-ə aid paylaşımda isə o bildirib ki, ArmNkr news YouTube-dakı kanallar siyahısında “ən güclü trafikinə” görə üçüncüdür.
Facebook səhifəsində (Facebook Live) canlı yayım zamanı ünvanına səslənən ittihamlara cavab verən Saruxanyan onun 8rd news-dan başqa digər kanallarının da olduğunu bildirib və əlavə edib ki, video-materiallar hakimiyyətyönlüdür, amma bu, sırf onun və komandasının mövqeyidir və onlar öz fəaliyyətlərində siyasi sifariş yerinə yetirmirlər.
Perfect TV
Bu, sözügedən kateqoriyada ən populyar kanaldır. 2019-cu il sentyabrın 1-də Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində kanalın video-çarxlarından birini paylaşandan sonra bu kanal tanınıb. Bundan sonra kanalın auditoriyası kəskin genişlənib.
Media hökumətlə, xüsusən də Paşinyanla YouTube kanalı arasında əlaqə tapmağa çalışıb və Perfect TV-nin şəxsən baş nazir tərəfindən maliyyələşdirilməsinin mümkünlüyü haqda yazıb. 2019-cu ildə infocheck.am Perfect TV-nin sahibinin adını müəyyən edə bilib. Bu, elektron ünvanı Perfect TV YouTube kanalının əlaqə bölməsində qeyd olunmuş Vigen Sukiasyandır.
Infocheck.am Vigen Sukiasyanla əlaqə yaradıb, o da öz pasportunu göstərib, həmçinin kanalın maliyyə analizini təqdim edib ki, bunun da məzmunundan onun YouTube-da kanalının baxışları və laykları sayəsində nə qədər pul qazandığı müəyyən edilib. Beləliklə, Sukiasyan dövlətdən maliyyələşmədiyini və YouTube vasitəsilə pul qazandığını sübut edib.
Sukiasyannın YouTube-dakı kanalının video-materiallarını 200 milyon nəfərə yaxın insan izləyib. Kanal yaydığı dezinformasiya və tələ-başlıqlar sayəsində baxış toplayır.
Beləliklə, tədqiqat deməyə imkan verir ki, YouTube-dakı xəbər kanallarının müəlliflərinin ermənidilli istifadəçilərin böyük hissəsinin siyasətlə maraqlanması, amma kifayət qədər medai savadının olmaması faktından istifadə edərək bundan məharətlə pul qazanırlar.