Ermənistan yeni gizli sənəd imzalamağa hazırlaşır: bu haqda nə məlumdur?
Ermənistanda növbəti qalmaqal yaşanır. Hakimiyyət və müxalifət nümayəndələri bir-birini Azərbaycan xeyrinə casusluqda günahlandırır. Amma cəmiyyətdə müzakirə olunan əsas mövzu baş nazir əvəzi Nikol Paşinyanın Eermənistan ərazisinin Azərbaycana təhvil verilməsi haqda sənədi imzalamağa hazırlaşmasıdır.
Hər şey ondan başlayıb ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın eks-prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan imzalanmağa hazırlanan gizli sənədi qismən açıqlayıb. O, informasiyanı haradan aldığını bildirməyib, amma qeyd edib ki, baş nazir əvəzi Nikol Paşinyan Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması müqabilində demarkasiya və ərazi güzəştinə razılaşıb.
Bunun təsdiqi olaraq o, razılaşdırma mərhələsində olan üçtərəfli sənədin bir hissəsini şəbəkəyə qoyub.
Ermənistanda çoxları keçmiş prezidentin kürəkəninin sözlərinə şübhə ilə yanaşır və gözləyirdilər ki, Paşinyan onun sözlərini təkzib edəcək. Amma artıq səhəri gün Nazirlər Kabinetinin iclası zamanı baş nazir əvəzi Azərbaycanla danışıqlar masasında belə bir sənədin mövcudluğunu təsdiqləyib. Üstəlik o bildirib ki, “Azərbaycan razılaşmaları reallaşdırarsa”, busənədi imzalamağa hazırdır.
Müxalifət və ekspertlər cameəsi sənədin mətninin dərc olunmasını və cəmiyyət məzmunu ilə tanış olmadan onu imzalamamasını tələb ediblər.
- Seçimsiz seçki: Ermənistan niyə artıq keçilmiş yolu təkrarlayır?
- Seçkilərə yeni qaydalarla: Ermənistanın MSK-ı səsvermə qaydasını dəyişib
Eks-prezidentin kürəkəni nə deyib?
Mikael Minasyan Facebook-da yazıb ki, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası haqda yeni sənəd üzərində iş başa çatıb və tezlikdə dərc olunacaq.
Onun sözlərinə görə, Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə hətta baş nazirin müavini Mqer Qriqoryanın belə xəbərinin olmadığı vədlər verib. O isə Qarabağda hərbi əməliyyatların dayandırılması və tərəflərin sonrakı addımları haqda Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinin imzaladığı bəyanatların icra olunması üzrə üçtərəfli komissiyada Ermənistanı təmsil edir.
Minasyanın dediyinə görə, Ermənistan və Azərbaycan arasında demarkasiyanın başa çatdırılması üçün qaydaları müəyyən edəcək komissiya yaradılacaq. Bu da üç prinsiö əsasında həyata keçiriləcək:
- SSRİ xəritələri,
- coğrafi məqsədəuyğunluq,
- demarkasiya zamanı real xəritə.
“Sonuncu prinsip Ermənistan üçün çox əlverişsiz nəticələr verəcək, çünki aydındır ki, hansı halda hansı prinsipin tətbiq edilməsinə Azərbaycan qərar verəcək”, – Mikael Minasyan bildirir.
O həmçinin xəbərdarlıq edir ki, Ravuş vilayətində beş kəndin və Ararat rayonunda bir kəndin Azərbaycana verilməsi müzakirə olunur:
“Paşinyan bütün bunlara öz razılığını verib, xahiş edib ki, seçkilərə qədər Azərbaycan Ermənistan ərazisindən öz qoşunlarını çıxarsın, bir neçə əsiri qaytarsın və Tavuşda beş kənd haqda maddə maksimum dumanlı və anlaşılmaz formalaşdırılsın ki, o, seçkilərə qədər qala bilsin”.
Paşinyan nə deyir?
Baş nazir əvəzi təsdiqləyib ki, Azərbaycanla danışıqlar masasında həqiqətən də belə bir sənəd var. Amma onun sözlərinə görə, ilkin razılaşmalar 100 faiz Ermənistanın maraqlarına uyğundur.
Paşinyan dəqiqləşdirib ki, danışıqlar davam etdiyi və “işçi sənədin açıqlanması doğru olmadığı” üçün sənədi dərc etmir.
Bununla belə eks-prezidentin kürəkəninin əməlini baş nazir əvəzi Azərbaycan təbliğatına uyğun addım və öz cəmiyyətinə qarşı hörmətsizlik adlandırıb:
“İnternetdə 90 faizi qaralanmış sənədi göstərirlər. Ermənistanın guya ermənilər əleyhinə sınəd imzaladığına dair sübut qismində. Əgər belədirsə, əksinə, sətirləri göstərmək lazımdır ki, hamı əmin olsun. Əks təqdirdə bunu Azərbaycan xeyrinə casusluq adlandırmaq olmaz”.
Paşinyan bildirib ki, Azərbaycan Ermənistanla informasiya müharibəsində casuslara sahibdir, sonra isə sərhədin elə hissələrini qeyd edirdilər ki, oradan Ermənistana daxil olmaq mümkündür:
“İndi onlar Yerevanın apardığı diplomatik işi pozmaq üçün Azərbaycana kömək edirlər”.
Müxalifətin reaksiyası
Müxalif “Maariflənmi. Ermənistan” blokunun lideri Edmon Marukyan bildirib ki, xalqın arxasında məzmunu heç kimə – nə deputatlara, nə əksər hökumət üzvlərinə məlum olmayan növbəti sənəd hazırlanıb.
Müxalif deputatlar parlamentin növbədənkənar iclasını çağırmaq və baş nazir əvəzinin imzalamağa hazırlaşdığı sənədin təfərrüatlarını aydınlaşdırmaq niyyətindədirlər. Marukyanın sözlərinə görə, konstitusiyaya əsasən, Ermənistan sərhədlərinə aidiyyatı olan heç bir sənəd parlament tərəfindən ratifikasiya edilmədən reallaşdırıla bilməz.
Müxalifətçi sənədin Ermənistanın maraqlarına uyğun olduğu haqda bəyanata şübhə ilə yanaşır:
“Mənə aydın deyil ki, əgər sənəd Ermənistan üçün bu qədər yaxşıdırsa, o zaman niyə gizlədilir. Qoy desinlər, xalq da sevinsin. Hakimiyyət sənəd layihəsini dərc etməyə, Ermənistan üçün niyə sərfəli olduğunu izah etməyə, maddələr üzrə əsaslandırmağa borcludur. O zaman xalq bunun Ermənistana lazım olub-olmadığına qərar verər”.
Deputat güman edir ki, hakimiyyət sənədlə detallı tanış olduqdan sonra onun ratifikasiya edilməyəcəyi ehtimalı olduğu üçün parlamentdə müzakirələrdən qaçmağa çalışır.
Ombudsmenin tələbi
Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan Azərbaycanla imzalanmaya hazırlanana sənədin mətninin açıqlanması tələbi ilə çıxış edib.
O tələb edib ki, sənəd tam olmasa da, heç olmasa haqqında təsəvvür yaradacaq hissələri dərc olunsub.
“Sənədin dərc olunması ilk növbədə dövlət maraqlarından irəli gəlir. Bununla dövlət qeyri-dövlət mənbələrindən müstəsna mühüm informasiyanın sızmasının qarşısını alar və dövlət mənbələrinə etibarın zədələnməsinə imkan verməz”.
Şərh
Siyasi şərhçi Naira Hayrumyan Facebook səhifəsində yazıb:
“Nikol Paşinyanın Azərbaycanla sənəd imzalamaq niyyəti haqda məlum olandan sonra Ermənistanda ikinci dərəcəli suallar ətrafında polemika getməyə başladı: dəhlizlər, kəndlərin verilməsi, hərbi əməliyyatların yenidən başlaması. Bu məsələlər qəsdən tirajlanır ki, əsas məsələdən diqqət yayındırılsın.
Nikol Paşinyan hökumətin iclası zamanı vacib söz işlətdi: “Vəziyyəti 9 noyabr üçtərəfli bəyanatı [Qarabağda hərbi əməliyyatların dayandırılması haqda sənəd] ilə müqayisə etmək lazımdır”. Yəni təməl nöqtə Ermənistan konstitusiyası yox, beynəlxalq strukturların qərarları yox, Ermənistanın maraqları yox, “üçtərəfli bəyanat”, görünür ki, onun taleyi ondan asılıdır.
Ermənistan beynəlxalq hüququn tam hüquqlu subyektidir, onun problemləri, o cümlədən də sərhədləri üfiqi səviyyədə – BMT-də müəyyən olmalıdır.
Üçtərəfli bəyanat öz üzərinə Ermənistanın əvəzinə qərar vermək kimi “şaquli” funksiya götürmü Rusiya-Türkiyə “subpodratçıdır”.
Üçtərəfli bəyanatlar bu mənanı verir: biz öz taleyimizi, sərhədlərimizi və beynəlxalq işlərdə rolumuzu müəyyən etmək hüququmuzu Rusiya-Türkiyə tandeminə güzəştə gedirik. Buna görə də Rusiya və Türkiyə Ermənistan-Azərbaycan münaqişəsi məsələsinin ATƏT və BMT səviyyəsinə çıxmaması üçün hər şeyi edirlər.
Rusiya Müdafiə Nazirliyi və XİN xətti üzrə hər şeyi edir ki, Ermənistanın bütün məsələləri BMT və ATƏT vasitəsilə yox, Moskva vasitəsilə həll olunsun. Yerevan da üzüyola şəkildə bütün tapşırıqları yerinə yetirsin”.