Deputatlara hədiyyə olaraq mənzillər
13 azərbaycanlı deputatın yeni inşa edilmiş rayonda mənzil sahibi olması barədə məlumat ictimaiyyətin və siyasətçilərin neqativ reaksiyasına səbəb oldu və millət vəkillərinin başqa günahlarını yada salmağa vadar etdi.
Söhbət “Ağ şəhər” rayonundan gedir, burada köhnə zavodların yerində yeni bahalı yaşayış evləri, mehmanxanalar, futurizm görünüşlü binalar tikiləcək, ingilis üslubunda düz hamar qazonlar, həm də qu quşlarının üzəcəyi göllər olacaq .
Söhbət həm də deputatlardan – parlament spikeri Oqtay Əsədov və digər millət vəkillərindən gedir, onların arasında maaşla dolana bilməyən məktəb müəllimlərinə fəhləlik etməyi təklif etməsi ilə məşhur olan Hadı Rəcəbli də var.
Hadı Rəcəbli həm də özünün elektron texnika vasitələrinin satışı və turizm sahəsində biznesi ilə məşhurdur. Doğulduğu Lənkəran rayonunda deputatın bir sıra ticarət mərkəzi və mehmanxanaları var. Bunlardan biri də “Palıdlı sahil” mehmanxana və əyləncə kompleksidir .
Həmin rayonda araşdırma aparan məşhur bloqqer Mehman Hüseynov bildirir ki, mehmanxanalardan biri uşaq xəstəxanasının yerində tikilib.
Milli Məclisin mətbuat xidməti “mənzillərin paylanması” barədə məlumatı təkzib edib, bundan başqa da Mehman Hüseynov bildirib ki, mənzillərin həqiqətən də verilməsi barədə heç bir sübut tapmayıb və bu cür səs-küydən sonra onları tapmaq ümumiyyətlə mümkün olmayacaq.
İstənilən halda bu mövzu mətbuat və vətəndaşlar üçün deputatlara məxsus çoxsaylı əmlakı yada salmaq üçün informasiya bəhanəsi oldu.
Belə ki, 2005-ci ildən 2010-cu ilə qədər deputat olan sahibkar Nazim Bəydəmirli özünün “Azadlıq” radiosuna müsahibəsində bildirib ki , parlamentarilər tez-tez, hətta bir neçə dəfə büdcə hesabına yeni evlər alırlar.
“Milli Məclisdə elə deputatlar var ki, hətta nəvələrinə belə evlər alıb. Deputat statusundan istifadə edərək. Hər çağırışda eyni deputatlar mənzil alırlar. Halbuki, qanunda yazılıb ki, deputatın mənzili yoxdursa, onlara ev verilə bilər. Amma onlar qohumlarını, uşaqlarını, nəvələrini dövlətin hesabına evlə təmin etmək haqqında düşünürlər”.
Rəsmi olaraq, baş nazir Artur Rəsizadənin 2006-cı il tarixli qərarı ilə evi olmayan deputatlara mənzillər verilir .
Sosial şəbəkələr deputatların bu “mənzil məsələsini” çox emosional qarşıladılar:
“Elə bil qəsdən belə şeylər edirlər ki millət qəzəblənsin. İnqlab üçün hər şey edirlər”.
“Məcburi köçkünlər isə it abrında yaşayır. Hansı ki,bu insanları öz yurd-yuvalarına qaytarmağa bu insanlar məsuldurlar”.
“Mənzilimdə evsiz deputata kirayə otaq verirəm. Evli olmasın. Ucuz qiymətə. Razılaşma yolu ilə. Qız gətirmək olmaz”.
“Təzə xəbər deyil ki. Onsuz da hər şeyin yaxşısı deputatlarındır. Onlar rüşvətlə özlərinə tərpənən və tərpənməyən hər şeyin monopoliyasını ələ keçiriblər, hər biri də özünə 3-4 mənzil ala bilər. Yəni təəccüblü deyil”.
Məşhur iqtisadçı, siyasətçi, “Respublika Alternativi” partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli:
“Spikerə havayı ev veriblər, adamın bəlkə də, 100 evi var, ona baxanda elə bilirsən ki, ölkədə ərzaq qiymətləri məhz bu adama görə qalxır, böhranın da səbəbkarı odur. Xub, tutalım, qanunla ona ev düşür, nəfsini basıb o da evi bir şəhid ailəsinə bağışlaya bilməzdimi?! İçtimai rəydən, seçkidən, seçicidən asılı olsaydı, edərdi”.
Bəs millət vəkilləri nəyə sahibdir?
Məşhur araşdırmaçı jurnalist Xədicə İsmayıl:
“Qanunvericilikdə deputatlara bizneslə məşğul olmaq qadağan olunsa da, əslində bu heç kimi saxlamır. Belə ki, mənim və başqa jurnalistlərin “Azadlıq” radiosu və OCCRP (Organized Crime and Corruption Reporting Project) üçün apardığımız araşdırmalara görə, parlamentarilərin məsələn, çox sayda kənd təsərrüfatı biznesi üçün istifadə edilən torpaq sahələri var. Həm də turizm sahəsində biznesləri var.
Bundan başqa, apardığımız araşdırmalara əsasən, deputat Cavanşir Paşazadənin və artıq keçmiş deputatlar Arif Paşayev və Adil Əliyevin Çexiyada turizm sahəsində biznesləri – restoranları, mehmanxanaları var”.
Xaricdə biznesdən başqa, deputatların daşınmaz əmlakı da var. Belə ki, “Azadlıq” radiosunun apardığı araşdırmaya əsasən, yuxarıda adı çəkilən deputat Cavanşir Paşazadənin Karlovı Varı şəhərinin mərkəzində bütöv çoxmənzilli evləri var.
Müxtəlif növ əmlak və biznesdən başqa, Azərbaycan deputatları hər ay 2250 manat maaş alırlar ($1180), onlar ildə 12 dəfə yox, 16 dəfə maaş alırlar . Bundan başqa, onlar aylıq peşə xərcləri üçün ayrıca pul alır, onların həyatı və sağlamlığı beş illik əmək haqqı həcmində sığortalanıb. Vəzifəsindən gedən keçmiş deputat bir il ərzində maaşının 80 faizi həcmində aylıq pul alır . Ümumilikdə isə bu il Azərbaycanda parlamentə 23 milyon manat (təxminən 12 milyon dollar) xərclənəcək.
Bununla belə, bir çox deputat pulun azlığından şikayət edir. “Devalvasiyaya qədər maaşımdan narazı deyildim, indi isə çətindir. Başa düşün, deputatların xərcləri çoxdur. Biz, başqa ölkələrin deputatlarından fərqli olaraq, nəqliyyat və telefonun bütün xərclərini özümüz qarşılayırıq”, – parlamentari Yevda Abramov bildirib .
Azərbaycanlı deputatları təkcə biznes və mülkiyyətdə sahib olmaqda deyil, həm də müxtəlif fırıldaqlarda yaxalanıb. Belə ki, keçmiş deputat Fərhad Qəribov “Debüt” bankının sahibi olub və sahibkarlığın dəstəkləməsi üçün nəzərdə tutulan dövlət vəsaiti alıb. Pulu alandan sonra da onun bir hissəsini (250 000) Gürcüstanda kazinoda uduzub. 2010-cu ildə isə onun oğlu Elnur (bank onun adına idi) cinayət məsuliyyətinə cəlb edilib, bankın özü də lisenziyadan məhrum edilib .
Başqa bir deputat Əsabil Qasımov “Karat Holdinq” şirkətinə sahibdir, bu şirkət də son illərdə Gürcüstanın taxıl və dəyirmançılıq bazarında rəqib şirkətləri almağa başladı və nəticədə praktiki olaraq inhisarçıya çevrilərək, demək olar ki, Gürcüstanın hər yerində mağazalara çörəyin böyük hissəsini o satdı .
Ən səs-küylü və səciyyəvi fırıldaqçılıq faktı isə bir neçə il əvvəl baş verib, bu zaman deputat Gülər Əhmədova deputat mandatını 1 milyon dollara satmağa çalışırdı .
Beləliklə də “mənzil məsələsi” dənizdə bir damla, Azərbaycanın millət vəkillərinin cəlb olunduğu rəngarəng işlərin fonunda qısamüddətli informasiya bəhanəsindən başqa bir şey deyil.