Şərh: Ən böyük biclik düzlükdür
İlk dəfə dərc edilib: 01.12.2016
“Sən dedin – mən inandım, sən təkrar etdin – mən şübhələndim, sən təkid etməyə başladın və mən sənin yalan danışdığını anladım” (Çin atalar sözü).
Statistika hər şeyi bilir. Hər bir ölkənin və onun hər bir rayonunun ərazisinin sahəsini də. İstənilən ibtidai sinif şagirdi də kalkulyator və faktlardan istifadə edərək, bir neçə rayonun ərazisinin ölkə ərazisinin neçə faizini təşkil etdiyini hesablaya bilər.
Elementar hesablamalar aparmaqla əmin oluruq ki, Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 14%-i işğal altındadır.
Bununla belə, Heydər Əliyevin sayəsində 1994-cü ildən başlayaraq, rəsmi şəxslər və onlara “züy tutan” iqtidaryönlü mətbuat təkidlə işğal altında olan 20% haqqında danışır.
• Qarabağ: ermənilər məscidi niyə bərpa edir?
Rəqəmlərin şişirdilməsi sosializm dövrünün günümüzdə davam edən ənənəsidir əslində. Bir epizodu xatırlayıram – Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev növbəti il 600 min ton pambıq vermək öhdəliyini götürür.
Həmin vaxt Bakıda səfərdə olan Brejnev isə sözgəlişi deyir: “Yuvarlaqlaşdırın, birdəfəlik milyon olsun!” (sürəkli gurultulu alqışlar).
Milli Elmlər Akademiyasının Rəyasət Heyətində çıxışlarının birində Prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dedi: “Azərbaycan ərazisinin 20 faizi, o cümlədən də Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan SQ tərəfindən işğal olunub”.
Şübhəmiz yoxdur ki, professor Həsənov kalkulyatordan istifadə etməyi bacarır və bu “20 faiz” Heydər Əliyevin xatirəsinə hörmət əlamətidir. Yəni “ulu öndər” səhv edə bilməzdi axı, buna şübhəsi olanlar da dəyirmana su tökür və s. Bəs Ermənistanla sərhədin bu 733 kilometri hardan çıxdı?
Yenə də faktlara müraciət edək. Azərbaycanla Ermənistanın ümumi sərhədi 1007 kilometr təşkil edir. Bunun da 246 kilometri Naxçıvan MR ilə sərhəddir.
Belə çıxır ki, Azərbaycanın “materik” hissəsinin Ermənistanla sərhədi 1007-246=761 kilometrdir (burada heç kalkulyatora da ehtiyac yoxdur). Hörmətli professor Həsənova inansaq, bunun 733 kilometri erməni işğalı altındadır.
Yəni belə çıxır ki, Kəlbəcər rayonunun şimal nöqtəsindən (Murov dağ silsiləsi) Sadıxlı kəndinə (Cənubi Qafqazın üç ölkəsinin kəsişmə nöqtəsinə) qədər sərhədin uzunluğu cəmi 28 kilometr təşkil edir.
Xəritədən göründüyü kimi sərhəddin bu hissəsində beş rayon yerləşir, və hətta düz xətt ilə götürsək, məsafə 200 kilometrdən artıqdır.
Daha bir misal. 1994-cü ildə hələ “tolerantlıq” və “multikulturalizm” kimi sözlər dəbdə deyildi. Bu sözlər indi Azərbaycanın rəsmi təbliğatının əsas xəttini təşkil edir. Bunun həqiqətə nə dərəcədə uyğun olması başqa söhbətin mövzusudur.
Amma artıq o vaxtlar nümayəndələrimiz müxtəlif beynəlxalq forumlarda qürurla deyirdilər ki, münaqişəyə baxmayaraq, Bakıda 30 min erməni yaşayır, Ermənistanda isə bir nəfər də olsa azərbaycanlı qalmayıb.
Həqiqətən də Bakıda bu gün də ermənilər yaşayır və hər bir bakılının çox güman ki, belə tanışları var. Bu, əsasən, azərbaycanlı kişilərlə evli olan yaşlı erməni qadınlardır.
Amma münaqişənin başladığı vaxtdan artıq 30 ilə yaxın vaxt keçib. Qəribə görünmür ki, bu 30 min rəqəmi azalmır? Məgər həmin vaxtdan bir nəfər də olsun Bakı ermənisi köçməyib və ya dünyasını dəyişməyib?
Bu yaxınlarda eşitdim ki, 30 min artıq 40 min olub. Onlar bu şəraitdə hələ çoxala da bilirlər?
Münaqişənin ilk illərində biz davamlı və haqlı olaraq informasiya blokadasından, nə Rusiya, nə də beynəlxalq KİV-in Azərbaycanın səsini eşitmədiyindən şikayətlənirdik.
O vaxt məharətlə azadlıq istəyən “başıbəlalı erməni xalqı” imici yaradılmışdı, qəddar “türk müsəlmanları” öz partokratik rəhbərliyi ilə bərabər onlara bu azadlığı vermək əvəzinə, biçarələri öldürür və qovurdular.
Amma zəmanə dəyişdi. Öz enerji ehtiyatları sayəsində Azərbaycan varlı ölkəyə çevrildi, bu informasiya blokadasını yarmaq imkanı yarandı. Ədalət naminə demək lazımdır ki, bu sahədə müəyyən uğurlara nail olunub. Amma bu da əsasən ayrı-ayrı entuziastların bəzən hətta dövlətin mərkəzləşdirilmiş informasiya siyasətinə zidd səyləri sayəsində mümkün olub.
Tam səmərəsiz layihələrə böyük məbləğdə maddi vəsait xərcləndi. Misal üçün, üç marginal erməni “fəal”ının Bakıya səfəri təşkil olundu, bunlardan ikisi çoxdan Ermənistanda yaşamır, üçüncünü isə orada heç kim tanımır (yeri gəlmişkən, maraqlıdır ki, o xanım indi hardadı?).
Doğrudanmı hakimiyyətimizin bu tədbirin köməyilə Qarabağ münaqişəsinin həllinə bir millimetr də olsa yaxınlaşacağına ümidi vardı? Dərd orasındadır ki, həqiqətən də ciddi-ciddi ümid edirdi.
Burada uzun-uzadı cəfəngiyata çevrilən hallar haqqında yazmaq istəmirəm. Misal üçün, dövlətin idman kanalının aparıcıları uzun müddət Dortmundun “Borrusiya” və “Manchester United” klublarının forvardı Mxitaryanın soyadını səsləndirmədən “10 nömrəli oyunçu qol vurub”, ən yaxşı halda “küncdən zərbəni Henrix yerinə yetirir” deyirdilər.
Yaxud elə həmin idman verilişindən: “azərbaycanlı güləşçi rəqibi olan erməninin arxasını yerə vurdu”. Sonra da məlum olur ki, azərbaycanlı Ukraynanı, erməni isə İtaliyanı təmsil edir. Erməni azərbaycanlıya qalib gələndə isə bu haqda bir qayda olaraq, danışılmır.
Tənqidçilər və ura-patriotlar sual edə bilər: bəs erməni tərəfi həmin fəndlərə əl atmır? Əl atır, özü də necə. Amma fərq ondadır ki, onların təbliğatı bir qayda olaraq, daha mükəmməldir, onu adi kalkulyatorun köməyilə bu cür rahatca ifşa etmək çətindir.
İkincisi, məni bir Azərbaycan vətəndaşı kimi daha çox bizdə baş verənlər narahat edir, erməni təbliğatı haqqında isə ümid edirəm ki, erməni həmkarlarım obyektiv yazı yazacaqlar.
Məqaləni XX əsrin ən böyük siyasi təbliğat ustasının sözləri ilə bitirmək istəyirəm:
“Təbliğat aşkar olunan zaman öz gücünü itirir”.