Azərbaycanın iqtidar partiyası növbədənkənar qurultay çağırıb: nə baş verir?
Azərbaycanın iqtidar partiyası gözlənilmədən martın 5-də növbədənkənar qurultayın keçiriləcəyini elan edib. Bu tələsikliyin təfərrüatı açıqlanmır. Bu vəziyyət cəmiyyətdə “Yeni Azərbaycan” partiyasının ali orqanının toplaşmasının səbəbləri ilə bağlı dərhal bir neçə versiya doğurub. JAMnews baş verənləri aydınlaşdırmağa çalışıb.
- Yerevanda paralel reallıqlar: müxalifət və hakimiyyət yenə də eyni zamanda mitinq keçirib
- “Müharibənin nəticələri dəyişməz qalacaq” – İlham Əliyev jurnalistlərin suallarına cavab verib
Yeni Azərbaycan Partiyasının (YAP) yeddinci qurultayı koronavirus pandemiyasına görə onlayn rejimdə keçiriləcək. İqtidar partiyasının bundan əvvəlki altıncı qurultayı 2018-ci ilin fevralında baş tutub. Adətən qurultaylar beş ildən bir çağırılır.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev YAP sədridir. Baxmayaraq ki, ölkə konstitusiyası dövlət başçısına hər hansı partiyanın üzvü olmağı qadağan edir.
Əliyev öz partiyasını buraxacaq?
“YAP nəyə və kimə lazımdır? Cənab İlham Əliyev təkbaşına YAP-dan çox daha güclüdür. Axı YAP onun nəyinə lazımdır?
Məncə, cənab prezident YAP-dan imtina edib, “mənim partiyam, arxalandığım güc Azərbaycan xalqıdır” desə və bundan sonra bütün fəaliyyətində xalqa arxalansa və xalqa arxa dursa, bu xalq ona layiq olduğu dəyəri verər, sağkən abidə ucaldar!” – Naxçıvan Muxtar Respublikası parlamentinin keçmiş deputatı Elçin İlqaroğlu sosial şəbəkədə yazıb.
“Heç nəyi istisna etmək olmaz”
Politoloq Şahin Cəfərli JAMnews üçün Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının çağırılması ilə bağlı mümkün səbəbləri şərh edib.
Onun sözlərinə görə, partiyanın buraxılmasını istisna etmək olmaz, amma bu ssenari ən az ehtimal olunandır.
“Mənə elə gəlir ki, partiya bu qurultaydan sonra çox dəyişəcək. Əgər dövlətin idarəetmə strukturlarındakı dəyişikliklərdən çıxış eləsək, YAP-dakı dəyişikliklər onlardan çox geri qalır.
İlham Əliyev özü partiya sədrliyini tərk edə bilər. Bunu da istista etmək olmaz, çünki onun sədrliyi ölkənin əsas qanununa ziddir”, – Cəfərli qeyd edib.
“Köhnə kadrlar gedəcək, gənclər gələcək”
JAMnews-un həmsöhbəti vurğulayıb ki, partiyanın ötən qurultayından bəri ölkə rəhbərliyində böyük dəyişikliklər baş verib, amma bu dəyişikliklər partiyada öz əksini tapmayıb:
“Aydındır ki, ancaq qurultay əsas strukturların tərkibinə dəyişikliklər edə bilər. Son üç ildə vəzifələrini itirən məmurlar isə hələ də YAP-ın yuxarı eşelonlarında təmsil olunurlar. Elə funksionerlər də var ki, bu müddət ərzində həbs olunublar, əsasən də korrupsiya faktlarına görə.
Düşünürəm ki, biz Yeni Azərbaycan Partiyasının idarəetmə orqanlarının tərkibində böyük gəncləşmə görəcəyik. Hətta partiyanın icra katibi, eyni zamanda baş nazirin müavini olan Əli Əhmədov da getsə, təəccüblənmərəm”.
Üfüqdə yeni iqtidar partiyası var?
YAP qurultayı ərəfəsində ən spekulyativ nəzəriyyələr haqda danışılan zaman Şahin Cəfərli məsləhət görür ki, siyasi şura seçkilərinin nəticələrinə diqqət yetirilsin:
“Bu yaxınlarda siyasi çevrələrdə vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında yeni iqtidar partiyasının yaradılması ehtimalı haqda danışılırdı.
Əgər qurultayda Əliyevanı yenə də YAP siyasi şurasına seçsələr, aydın olacaq ki, bu sözlər elə söz olaraq qalacaq. Yox əgər o, partiyanın idarəetmə orqanlarından kənarda qalsa, o zaman bu ehtimala ciddi diqqət yetirmək lazımdır”.