Ermənistanda kütləvi mitinqlərin ikinci günü: siyasi böhran davam edir
Ermənistanda siyasi böhran getdikcə dərinləşir. Böhran 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli bəyanat imzalanandan dərhal sonra başlayıb. Müxalifət və minlərlə insan Ermənistan tərəfi üçün sərfəli olmayan sənədi imzalayan baş nazirin istefasını tələb etməyə başlayıb.
Fevralın 25-də gərginlik daha da artıb – Nikol Paşinyanın istefasını Ermənistan SQ Baş Qərargahının rəhbərliyi də tələb edib.
Baş nazir Baş Qərargahın bəyanatını hərbi çevriliş cəhdi adlandırıb və rəhbərliyinin vəzifədən azad edilməsi prosedurunu başladıb.
Hərbçilərin bəyanatından sonra Yerevanda eyni zamanda iki izdihamlı mitinq baş tutub – birləşmiş müxalifət partiyalarının və baş nazirin tərəfdarlarının.
Amma vəziyyət heç cür dəyişməyib, hakimiyyətin və müxalifətin böhrandan çıxış yolları fərqlidir, ortaq nöqtələr hələlik tapılmayıb.
Yaranmış vəziyyətdən çıxış yollarının axtarışı üçün parlament müxalifəti fevralın 26-da Milli Məclis şurasının iclasının keçirilməsini təklif edib. Amma İclas kvorum olmadığı üçün baş tutmayıb – “Mənim addımım” iqtidar blokunun nümayəndələri iclasa gəlməyib.
Prezident Armen Sarqsyan Baş Qərargah rəisi ilə görüşüb, parlament fraksiyalarının liderləri və Vətənin Xilası naminə Hərəkatın nümayəndələri ilə məsləhətləşmələrə başlayıb.
Yerevanda baş verənlər haqda bütün təfərrüatlar – prezidentin və müxalifətin atdığı addımlar.
- Vətəndaş müharibəsi astanasında? Yerevanda eyni zamanda iki mitinq keçirilib: müxalifətin və hakimiyyətin
- Ermənistan SQ Baş Qərargahı baş nazirin istefasını tələb edir. Paşinyan bildirib ki, bu, hərbi çevriliş cəhdidir
Parlament binası qarşısında çadırlarda gecələyənlər
Müxalif Vətənin Xilası naminə Hərəkatın nümayəndələri gecəni parlament binasının və prezident iqamətgahının yerləşdiyi Baqramyan prospektində keçiriblər. Milli Məclisin düz qarşısında müxalifətçilər çadır qurub, sobalar quraşdırıblar.
Fevralın 26-da səhər hərəkat lideri və müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan bildirib ki, gecə sakit keçib. O, hərəkatın ümummilli xarakter alması üçün mümkün qədər çox insanı onların mübarizəsinə qoşulmağa çağırıb. Müxalifətçilərin sözlərinə görə, ancaq bu halda baş nazirin istefasına nail olmaq mümkün olacaq.
İqtidar bloku parlamentdə müzakirələri pozub
Müxalif fraksiyalar parlament şurasının iclasında yaranmış vəziyyəti müzakirə etməyi və Ermənistanda hərbi vəziyyətin ləğvi üçün növbədənkənar plenar iclasın çağırılmasını təklif etmişdi. Hərbi vəziyyət 2020-ci ilin sentyabrında ikinci Qarabağ müharibəsi başladığı zaman elan olunub.
Kvorum olmadığı üçün iclas baş tutmayıb. İqtidar çoxluğu istənilən qərarın qəbulu və ya pozulması üçün kifayət qədər mandata sahibdir. Yerevanda parlament müxalifətinin gücsqzlüyü müzakirə olunmağa başlayıb.
İqtidar blokunun boykotu ilə bağlı müxalif Maariflənmiş Ermənistan Partiyasının lideri Edmon Marukyan bildirib ki, parlament rəhbərliyi spiker Ararat Mirzoyanın timsalında siyasi böhrandan çıxmaq üçün heç nə eləmir və dialoqa getməkdən imtina edir:
“Bu, hamıya qarşı hörmətsiz yanaşmadır. Bu cür davranış mənə imkan verir ki, Milli Məclisin sədrinin olmadığını deyim. Ölkədə vəziyyət həddən artıq gərgin, əsəbidir, mən deyərdim. Bunu belə qoymaq olmaq. Bizə siyasi müzakirə lazımdır”.
Müxalifətçilər yürüş keçirib
Parlamentdəki uğursuzluqdan sonra müxalifətçilər və onların tərəfdarları Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi haqda sərəncamı imzalamaması tələnbilə prezident iqamətgahının qarşısına gedib.
“Biz prezidentdən tələb etməliyik ki, Paşinyanın şantajlarına boyun əyməsin, öz etirazını dəqiq formalaşdırsın və baş nazirin vəsatətinin [Ba. Q’rargah r’isinin v’zif’d’n azad edilm’si haqda] konstitusion olub-olmadığının müzakirəsi üçün Konstitusiya Məhkəməsinə müraciət etsin”, – hərəkat koordinatoru İşxan Saqatelyan deyib.
Prezident müxalifətçilərlə və parlament fraksiyalarının liderləri ilə görüşüb
Prezident Armen Sarqsyan parlament fraksiyalarının, o cümlədən də “Mənim addımım” iqtidar blokunun nümayəndələri ilə məsləhətləşmələr aparıb. O, bu cür görüşləri ötən ilin payızından, ölkədə siyasi böhran yaranandan keçirməyə başlayıb. Prezident bu yolla böhrandan çıxış yollarını tapmağa çalışır.
O, müxalif Vətənin Xilası naminə Hərəkatın liderlərini də qəbul edib. Detallar haqda hərəkat liderlərindən biri, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan məlumat verib:
“Vəziyyətin hədsiz mürəkkəb olduğuna və dövlətçiliyinin itirilməsi təhlükəsinin aşkar olduğuna dair konsensus mövcuddur, yaranmış vəziyyətdən çıxmaq üçün isə konkret və operativ qərarlar lazımdır. Müvafiq olaraq bütün qüvvələr bu vəziyyətdən çıxmaq üçün səyləri birləşdirməlidir”.