Qapıları açmayın!
Təmiz havadan məhrum olanlar
Metsamor və ətraf kəndlərin sakinlərinin sağlamlığı təxminən 20 ildir ki, təhlükə altındadır. Və artıq bütöv bir nəsil bu şəraitdə böyüyüb. Problem bütün bu illər boyu qalan dəhşətli qoxunun yaranması ilə özünü büruzə verdi.
Metsamor sakini Karine Ohanesyan son dəfə nə vaxt təmiz hava ilə nəfəs aldığını xatırlamır: şəhər sakinlərini hər yerdə kanalizasiya qoxusu təqib edir. Onun sözlərinə görə, Metsamor sakinləri xüsusən də yay aylarında pəncərələri açıb, evin havasını dəyişməyin nə demək olduğunu çoxdan unudublar.
Burada axşam gəzintiləri də populyar deyil: insanlar şəhərlərinin “ətrini hiss etməmək üçün həyətə çıxmamağı, evdə oturmağı üstün tuturlar.
Belə pis qoxu verən nədir
Əvvəlcə şəhər sakinləri düşünürdülər ki, üfunətin mənbəyi yaxınlıqda yerləşən bataqlıqlardır. Sonradan özünəməxsus iy düzgün cavabı tapmaq imkanı verdi: bataqlığa kanalizasiya suları tökülür.
İş orasındadır ki, Armavir və Metsamorun kanalizasiya sisteminin təmizləmə stansiyası qonşuluqda yerləşir. Hər iki şəhərin kanalizasiyalarının boruları zədələnib və su bu ərazidə yerləşən süni hovuzlara tökülməyə başlayıb.
Vaxtıykən “Armavir su kanalı QSC kanalizasiya sistemini bərpa etməyə çalışdı, amma buna çox böyük məbləğdə vəsait lazım olduğunu öyrənəndə, bu işin daşını atdı. Vaxt keçdikcə fəaliyyətsizlik səbəbindən təmizləmə stansiyası da sıradan çıxdı.
Eyni zamanda çirklənmiş süni su anbarlarının yanında ev heyvanı otlayır, həmin su da ətraf icmaların torpaq sahələrinin suvarılmasın üçün istifadə edilir.
Yaranmış vəziyyətin nəticəsində 1998-ci ildə Zartonk kəndində vəba epidemiyası yayıldı. Ölümlə nəticələnən hallar da oldu. Bu fakt rəsmi təsdiqini tapmasa da, təxminən bir il ərzində regionda karantin olub.
Kim məsuliyyət daşıyır
Yaranan vəziyyətdə günahkarları axtarıb tapmaq çox çətindir. “Armavir su kanalına məxsus təmizləmə stansiyası ləğv edildi. 2003-cü ildə “Armavir su kanalının əsasında “Nor Akunk şirkəti yaradıldı, onun da balansında artıq təmizləmə stansiyası yoxuydu.
Metsamor və Armavir şəhərləri və yaxınlıqda yerləşən daha ona yaxın kəndin su kəməri və kanalizasiya sistemlərinə qulluq edən “Nor Akunk şirkəti bildirib ki, təmizləmə stansiyası olmadığı üçün onun bərpa edilməsi məsələsini qarşısına bir məqsəd kimi qoya bilməz.
Uzun sürən müzakirələr, danışıqlar və sakinlərin şikayətlərindən sonra Ermənistan hakimiyyəti problemin həlli üçün maliyyə vəsaitinin axtarışı ilə məşğul olmağa söz verdi. Aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, təmizləmə stansiyasını təmir etdirməyin mənası yoxdur, yenisini tikmək lazımdır.
Son beş ildə aydın olmayan səbəblərdən problemin həllini Metsamordan bir qədər aralıda yerləşən atom stansiyasının yeni enerji blokunun tikintisi ilə bağladılar. Enerji blokunun tikintisinə elə də başlanılmadı və təbii ki, təmizləmə stansiyası məsələsi də havada qaldı.
2013-cü ildə “Armavir su kanalı şirkətinin bütün idarəçiliyi fransızlara ötürüldü, eyni zamanda “Nor Akunk QSC də onların tabeliyinə keçdi. Təmizləmə stansiyasının taleyi Ermənistan hökumətinin gündəmində qalır, amma məsələ qaldığı nöqtədən tərpənmir, təhdidlər isə gündən günə artır.
Kanalizasiya sularının yerinin dəyişdirilməsi
Süni su anbarlarından gələn su ilə qarışan kanalizasiya suları icmaları suvarma suyu ilə təchiz edən “Sev Cur-Axtamar şirkətinin nasos stansiyasına axır. Və təbii ki, buradan su nasoslarla suvarma sisteminə ötürülür.
Misal üçün, Yexeqnut icmasının sakini Hamlet Akopyan deyir ki, sahəsini hansı su – suvarma yoxsa kanalizasiya suları ilə suvardığını bilmir. Onun sözlərinə görə, suvarma zamanı yayılan qoxu bitkilərə də təsir edir: onlar tez-tez quruyur, məhsulun isə qəribə dadı olur.
Hamlet həm də “Sev Cur-Axtamar şirkətində işləyir. O, kanalizasiya suyunun su kəməri sistemi ilə necə keçib nasos stansiyasına, oradan da suvarma kanalına axdığını göstərir.
Onun özü sahəsində son illərdə ancaq süpürgə üçün kalış yetişdirir. Deyir ki, süpürgə üçün kanalizasiya suyu ilə suvarma təhlükəli deyil, eyni şeyi bostan bitkiləri haqda demək olmaz. Bostanı kanalizasiya suyu ilə suvarıb, sonra da orada yetişən məhsulu yemək axı normal deyil.
Ətraf kəndlərə içməli su artezian mənbələrindən verilir, onların da kanalizasiya suyundan çirklənməməyi mümkünsüzdür, çünki torpağın dərinliyinə, yeraltı təkinə süzülüb axır. 1998-ci ildə vəba epidemiyasının yaranma səbəbini mütəxəssislər məhz bununla izah edirlər.
Bundan əlavə, ətraf kəndlərdən mal-qara əsasən həmin o kanalizasiya suyunun axıdıldığı süni su anbarlarında su içir.
Ən çətin vəziyyətdə olanlar Metsamor sakinləridir
Metsamor meri Robert Qriroqyan dəfələrlə bu məsələni qaldırıb. Onun sözlərinə görə, o müxtəlif instansiyalarda həmin problemi qaldırmaq imkanını əldən buraxmayıb, amma verilən vədlərdən başqa bir şeyə nail ola bilməyib. Şəhərin 209 milyon dram təşkil edən büdcəsi hesabına hətta təmizləmə stansiyasının layihəsini də sifariş etmək mümkün deyil.
Yaranan vəziyyət Armavir vilayətinin Epidemiologiya Mərkəzində də narahatçılıq doğurur. Amma onun əməkdaşları vilayəti gözləyən təhlükə barədə ancaq özək söhbətlərdə danışır, rəsmi bəyanatlar verməkdən qaçırlar.
Ekspertlərin hesablamalarına görə, yeni təmizləmə stansiyasının tikintisinə təxminən 9 milyon avro lazım olacaq ki, onu da ancaq kredit proqramları vasitəsiylə almaq mümkündür.
Hələ 2014-cü ilin noyabr ayında Ermənistan hökuməti “Ermənistanın xırda şəhərləri və kəndlərinin su kəməri və kanalizasiya sistemləri, həm də infrastrukturunun bərpası proqramını təsdiq etdi, həmin proqram Avropa İnvestisiya Bankının hesabına həyata keçirilməlidir. Bu məqsəd üçün 25,5 milyon avro həcmində kredit almaq planlaşdırılırdı.
Kredit proqramına Metsamor təmizləmə stansiyasının tikintisi də daxil idi. İş 2014-cü ildə vəziyyətin tədqiqi ilə başlamalıydı, 2015-ci ildən isə tikinti işlərinin başlanması planlaşdırılmışdı. Amma bu günə qədər də heç kim təmizləmə stansiyasının tikintisinin hansı mərhələdə olduğunu deyə bilmir.
Kuluarlarda isə söhbət gedir ki, 2017-ci ildə ölkənin bütün su kəməri və kanalizasiya sistemi müsabiqə əsasında bir idarəetmə şirkətinə təhvil olunacaq. Eyni zamanda bu sahədə proqramların realizəsini əlaqələndirən və onların bütün ölkə ərazisində vaxtında realizəsinə görə cavabdeh olan ofis yaradılacaq. Onların realizəsinin növbəlilik məsələsi də burada həll olunacaq.
Bu prosesə hələ başlamamış isə, Karine Ohanesyan ən yaxşı halda hələ 3-4 il ərzində evinin pəncərələrini aça, Hamlet Akopyan isə süpürgə üçün kalışdan başqa heç nə yetişdirə bilməyəcək.
Dərc edilib: 14.06.2016