Gürcüstanlı azərbaycanlılar nəyə baxırlar?
Etnik azlıqlar Gürcüstan əhalisinin təxminən altıda bir hissəsini təşkil edir.
Onların əksəriyyəti – etnik ermənilər və azərbaycanlılar – ölkənin cənubunda Samtsxe-Cavaxetiya və Kvemo Kartli regionlarında yaşayırlar.
Onların çoxu gürcücə danışa bilmir və informasiyanı Gürcüstanın yox, Azərbaycan, Türkiyə və ya Ermənistan, Rusiya mənbələrindən alırlar.
Tədqiqatlar göstərir ki, Kvemo Kartli və Cavaxetiya sakinləri qonşu öz vətənlərində, yaşadıqları ölkədə baş verənlərdənsə Azərbaycanda və Ermənistanda nələr baş verdiyi haqda daha yaxşı məlumatlıdırlar.
Şəlalə Əmircanovanın Kvemo Kartli regionunda informasiyanın yayılması problemləri haqda reportajı.
Televizor qarşısında axşam yeməyi
17 yaşlı Aysel Qurbanova Kvemo Kartli regionunda Bolnisi bələdiyyəsinin Naxiduri kəndində yaşayır.
Ayselin ailəsinin bütün üzvləri səhər tezdən evdən çıxırlar – kiçiklər məktəbə gedirlər, ailənin böyük üzvləri isə fermada işləyirlər və ticarətlə məşğul olurlar.
Axşam ənənəvi olaraq hamı birlikdə yemək yeyir, süfrə arxasında oturub, gün ərzində baş verənlər haqda danışırlar.
Isti çaydan masanın üstündə, televizor yanır – ailə xəbərlərə qulaq asır.
Dağlıq Qarabağ haqda danışan azərbaycanlı diktorun səsi eşidilir. Növbəti süjet koronavirusa həsr olunub. Aparıcı deyir ki, ölkədə koronavirus vaksinasiyası artıq başlayıb və bu da bütünlüklə prezident İlham Əliyevin sayəsindədir.
“Mənim ailəm istisna deyil. Kvemo Kartlinin bütün kəndlərində vəziyyət velədir. İnsanlar informasiyanı onların anladığı dildə yayımlanan kanallardan alırlar”, – Aysel deyir.
“Qoy çalışıb gürcü dilini öyrənsinlər”
Gürcüstanda 233 min nəfər etnik azərbaycanlı yaşayır ki, bu da Gürcüstan əhalisinin yeddi faizini təşkil edir.
Onların çoxu Gürcüstanın şərq hissəsində, Kvemo Kartli regionunda yaşayır. Onların əksəriyyəti dövlət dilini – gürcü dilini bilmir.
Sovet zamanı asanlıqla rus dilində ünsiyyət saxlamaq mümkün idi – gürcülər də, azərbaycanlılar da bu dili yaxşı bilirdi.
- Gürcüstan-Azərbaycan sərhədində minalar
- Gürcüstanın milli azlıqlar yaşayan regionlarında Rusiya təbliğatı necə işləyir?
Amma son 15 ildə rus dili Gürcüstanda öz mövqelərini tamam itirib – bu dil artıq məktəblərdə məcburi fənlər sırasında deyil, gənclər ingilis dilini öyrənir.
Ötən illər ərzində Gürcüstan hökuməti və qeyri-hökumət təşkilatları bu region üçün çox sayda layihələr hazırlayıblar ki, vəziyyəti dəyişsinlər.
Çox pul xərclənib, amma nəticə lazımi səviyyədə deyil.
Ekspertlərin bildirdiyinə görə, uzun illər dövlət əsas məsələyə – azərbaycanlı əhaliyə gürcü dilini öyrənməyin perspektivini və motivasiyasını göstərməyə nail olmadığı üçün proqramlar işə yaramayıb.
“Bu insanlar indiyə qədər ölkənin ictimai-siyasi həyatında iştirak etmir və özlərini tam mənada onun bir hissəsi hiss etmirlər”, – Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariya deyir.
Kvemo Kartli Gürcüstanın nisbətən rifahı yüksək regionudur. Əməksevər azərbaycanlılar burada tərəvəz, meyvə, göyərti yetişdirir. Onlar çox sayda iribuynuzlu mal və qoyun saxlayır. Gürcüstanın aqrar bazarlarına əsasən Kvemo Kartlidən məhsul gəlir.
Amma etnik azlıqların nümayəndələri ölkənin siyasi və ya ictimai həyatına minimum cəlb olunub, nadir hallarda rəhbər vəzifə tuturlar.
“Dil bilgisi ferması olan azərbaycanlılar üçün böyük problem deyil – fermerliklə məşğul olmaq və bazarda məhsullarını satmaq üçün onlara gürü dili lazım deyil”, – “Yeni Düşüncə İnstitutu” yerli qeyri-hökumət təşkilatının yaradıcılarından biri Kamran Əfəndiyev deyir.
Siyasətçilər və jurnalistlər etnik azlıqlar və onların problemləri haqda əsasən seçki ərəfəsində xatırlayırlar.
Bir neçə il əvvəl hətta Kvemo Kartli regionunda insanların 2013-cü ildə dövlət başçısı olmuş Mixail Saakaşvilinin hələ də prezident olduğunu düşündüyü haqda siyasi lətifə də populyar idi.
Yaranmış vəziyyəti hakimiyyət öz xeyrinə istifadə edir və informasiya vakuumunda olan əhalini hər dəfə seçki zamanı məharətlə manipulyasiya edir – bütün seçkilərdə iqtidar partiyası ən çox səsi bu regionda toplayır.
Amma son illərə bu mənzərə tədricən dəyişir – Marneulidəki respondentlər bizə deyir:
“Dəyişikliklər aşkardır. Yerli sakinlər artıq anlayıblar ki, əgər haradasa işləmək istəyirsənsə, gürcü dilini bilmədən heç bir perspektivin yoxdur. Buna görə də yaşlı nəslə aid azərbaycanlılar öz uşaqlarına gürcü dilini öyrətməyə çalışırlar ki, gürcü sektoruna daxil olsunlar”, – azərbaycanlı əhali arasında savadlılığın artması üzərində çalışan təşkilatın rəhbəri Əfəndiyev deyir.
“Qonşu, ya da uşaq bizə xəbərləri danışır”
“Mən gürcü dilini anlamıram, biz xəbərləri Azərbaycan televiziyasından, ya da uşaqlarımızdan öyrənirik. Mən şadam ki, öz uşaqlarımız gürcü sektoruna göndərmişəm, indi onlar bizə ölkədə baş verənləri danışırlar”, – Ayselin anası Gülxanım Qurbanova deyir.
“Kənd sakinləri bir-biri ilə xəbərləri bölüşürlər. Kiməsə uşaqları danışır, kinsə internetdə tapır, sonra isə bir-birinə danışırlar”, – Marneulidə Sadaxlo kənd sakini 60 yaşlı Şaban Əhmədov deyir.
“Mən informasiyanı Azərbaycan televiziyasından, ya da internetdən alıram. Mən gürcü dilini anlamıram. Uşaqlar gürcü dilini bilir. Onlar gürcü dilində oxuyurlar və bizə danışırlar. Seçki zamanı onlar kəndə gəlirlər, əhali ilə görüşürlər və oradan biz namizədlər haqda eşidirik”, – Gülxanım Qurbanova deyir.
Qanunla etnik azlıqların məlumatlandırılması Gürcüstanın İctimai televiziyasının funksiyasıdır.
Teleşirkətin azlıqların dillərində bir neçə proqramı var, amma iş orasındadır ki, o, bu funksiyanı yerinə etirmir.
2018-ci ilin dekabrına olan məlumata əsasən, azlıqların yaşadığı regionda tamaşaçıların cəmi 16 faizi İctimai yayımçını izləyir, halbuki bu, Azərbaycan və erməni dilində xəbər proqramı izləmək mümkün olan yeganə Gürcüstan kanalıdır.
Etnik azlıqlar informasiya vakuumunu xarici informasiya sahəsindən doldururlar – “Medianın İnkişaf Fondu” QHT-nin rəhbəri Tamar Kintsuraşvili deyir:
“Kvemo Kartlidə daha çox Azərbaycan və Türkiyə kanallarına baxırlar, Samtsxe-Cavaxetiyada isə Rusiya və Ermənistan kanallarını. Bu, dövlət üçün çox böyük problemdir”, – Kintsuraşvili deyir.
“Luqara laboratoriyası virus yayır”
“Açıq Cəmiyyət” fondunun etnik azlıqların siyasi həyatda iştirakı məsələsi üzrə keçirdiyi tədqiqat nəticələri düşünməyə vadar edir:
Məlum olub ki, etnik azərbaycanlıların ancaq 17 faizi Gürcüstanda baş verənlər haqda informasiya alır. Halbuki sakinlərin 71,6 faizi Azərbaycanla bağlı xəbərləri gündəlik izləyir.
Bundan başqa, ekspertlərin fikrincə, gürcü dilində danışmayan etnik azlıqlar xarici təbliğat və yalan xəbərlər üçün xüsusilə həssasdırlar.
Məsələn, yazda hakimiyyət Marneuli şəhərini koronavirusun yayılması səbəbilə karantinə bağladığının səhəri günü insanlar kütləvi şəkildə küçələrə çıxıblar – çoxlarının ümumiyyətlə koronavirusdan xəbəri olmayıb, insanlar nə baş verdiyini anlamağa çalışırmış. Virusun süni şəkildə yayılması və karantinin etnik azərbayycanlılara qarşı yönəldiyi də daxil olmaqla çoxlu şayiələr yayılıb.
“Media İnkişafı Fondu” qeyri-hökumət təşkilatı Cavaxetiya və Kvemo Kartlidə xarici təbliğatın yerli əhaliyə təsiri ilə bağlı tədqiqat aparıb.
Tədqiqatlar göstərib ki, Rusiya kanallarında səslənən miflər bu iki regionda kifayət qədər çox yayılır.
Məsələn, Qərb digər ölkələrin daxili işlərinə qarışan və iğtişaşları qızışdıran düşməndir;
Qərb həmçinin ənənəvi identifikasiya ilə mübarizə aparır, qəbulolunmaz dəyərləri aşılayır və virus yayır.
Sorğuya əsasən respondentlərin 60 faizi uzun illərdir ki, Rusiya kanallarının Tbilisidəki Luqara laboratoriyası ilə bağlı yaydığı dezinformasiyaya inanır.
Marneuli radiosu
Radio Marneuli FM — Gürcüstanın Kvemo Kartli regionunun əhalisi üçün doğma dilində yayıma başlayan ilk media orqanlarından biridir.
Radionun direktoru və əsasını qoyan Kamilə Məmmədova da əslən Marneulidəndir və bu regionda informasiya yayılı ilə bağlı problemlərdən yaxşı xəbərdardır.
Kamilə Məmmədova deyir ki, azərbaycanlı əhalinin siyasi savadsızlığına görə məsuliyyət ilk növbədə dövlət üzərindədir.
Kamilə Məmmədovanın sözlərinə görə, mərkəzi media etnik azlıqların dilində çox gec işləməyə başlayıb, bu da regionun yadlaşmasına və özünə qapanmasına səbəb olub. yerli sakinlərdə artıq Rusiya, Azərbaycan və Türkiyə mənbələrindən informasiya almaq vərdişi formalaşıb.
“Təəssüf ki, biz hələlik deyə bilmərik ki, xarici televiziyalara baxılması kimi ziyanlı vərdişlərin və ənənələrinn öhdəsindən uğurla gələ bilirik, amma yerli problemləri qaldıraraq və onlar haqda müzakirə apararaq, yerli media tədricən öz yerini tutmağa başlayır. Regionda doğru dəyərləri olan medianı inkişaf etdirmək çox vacibdir”, – Kamilə deyir.
Onun sözlərinə görə, böyük problem regionun mərkəzi mediada necə işıqlandırılmasındadır.
Məsələn, Kvemo Kartli onların obyektivində əsasən kriminal xronikada görünür – kimsə yaralandığı, qətlə yetirildiyi və ya azyaşlı qız qaçırılanda.
“Amma son bir neçə ildə mərkəzi media öz yanaşmasını dəyişib. Azərbaycanlılar, onların indentifikasiyası, mədəniyyəti, aktivliyi vaxtaşırı işıqlandırılır, amma bu, hələlik yetərli deyil”, – Kamilə Məmmədova deyir.
“İtirilmiş vətəndaşlar”
Ekspertlər hesab edirlər ki, vətəndaşlarının informasiya məkanından və ictimai müzakirələrdən kənarda qalması ölkə üçün ziyanlıdır.
CCIIR rəhbəri Şalva Tabatadze diqqəti beş problem üzərində cəmləyir.
Birincisi, onun fikrincə, əsas problem ondadır ki, Gürcüstanda yaşayan və gürcü dilini bilməyən azərbaycalılar özlərini vətəndaş kimi hiss etmir.
“Yəni bu halda çox vaxt Gürcüstan vətəndaşlığına aidiyyətlik hissi azalır”, – ekspert deyir.
İkincisi, dil bilməmək və informasiya vakuumu da dəyərlər nöqteyi-nəzərdən özündə ciddi problem kəsb edir.
“Bu, müxtəlif etnik qrupların Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası ilə bağlı elan olunmuş məqsədinə münasibətdə də ifadə olunur”, – Tabatadze deyir.
Üçüncü problem, ekspertin fikrincə, Gürcüstanın ölkə quruculuğuna kifayət qədər cəlb olunmamış minlərlə insanı siyasi və iqtisadi cəhətdən itirməsindən ibarətdir.
Dördüncü böyük problem, ekspertlərin bildirdiyinə görə, aşağı səviyyədə siyası fəallıq və şüursuz seçimdir.
“Öz səs hüququndan faktiki olaraq yararlanmaq əvəzinə etnik azlıqlar illərlə hansısa formal prosedurda iştirak edir, çünki onlar seçkilərdə şüursuz seçim edir”.
Tabatadzenin sözlərinə görə, beşinci problem bu regionların fikrinə dezinformasiya təsir edir:
“Müasir dünyada media yalnız məlumatlandırmaq üçün yox, həm də dezinformasiya üçün istifadə olunur, balanslaşdırılmış informasiyaya çıxış çətinləşdiyi hallarda dezinformasiya ilə manipulyasiya etmək asan olur”.
“Gələcəkdə mən yerlilərə xəbərləri danışacam”
Aysel Azərbaycan məktəbinin gürcü sektorunda oxuyur – bu il o, abituriyent olacaq, universitetə hazırlaşır. Eyni zamanda fəal şəkildə müxtəlif gənclər layihələrində iştirak edir.
O, gürcü dilində sərbəst danışır.
“Mən jurnalistika fakültəsinə qəbul olmağa hazırlaşıram. Yeri gəlmişkən, jurnalist olmaq istəməyimin əsas səbəblərindən biri – gələcəkdə yerli sakinlərə xəbərləri danışmalı olacağam”, – Aysel deyir və əlavə edir ki, o və dostları yalan informasiyaların təsiri altında olan kənd sakinləri ilə çox vaxt mübahisə etməli olurlar.
Onun sözlərinə görə, onu məktəbdə gürcü sektoruna qoyan valideynlərinə minnətdardır:
“Əgər bizim kəndimizdə hər hansı ailə uşaqlarının uğurlu olmasını istəyirsə, onu gürcü sektoruna verməlidirlər”.
Kamran Əfəndiyev də həmin tendensiyaya diqqət çəkir. O deyir ki, Kvemo Kartlidə getdikcə daha çox gənc gürcü dilini bilir.
Birinci növbədə, onun fikrincə, bu, etnik azərbaycanlıların gürcü dilini bilmədikləri üçün üzləşdikləri mövcud problemlərlə bağlıdır:
“Əgər siyasi hadisələr haqda xəbərləri və informasiyanı rahat buraxsaq, hətta yerli özünüidarə orqanına müraciət etdiyi zaman da onlar narahatlıq hiss edirlər, çünki orada hər şey gürcü dilindədir. Onlar gürcü dilində nə yaza, nə oxuya bilirlər. Siz sənədləri tərtib edəndə və ya xəstələndiyiniz zaman həkimə getdikdəŞ əgər gürcü dilini bilmirsinizsə, bu artıq fəlakətdir”, – Əfəndiyev deyir.
Onun sözlərinə görə, “dövlət bilini bilmədiyiniz zaman özünüzü öz vətəninizdə qonaq kimi hiss edirsiz və bu böyük problemdir, hansını ki, bütün azərbaycanlılar qaldırmalıdır”.