Dağıstan müsəlmanları: dəyərlər və xürafat
2016-cı ilin may ayında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasından, həmçinin Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutundan bir qrup rusiyalı alim (İrina Starodurbovskaya, Yevgeni Varşaver və Yeqor Lazarev) Dağıstan müsəlmanlarının dəyərlərinin öyrənilməsi məqsədilə internetlə sorğu keçirib. Amma sorğu iştirakçıları arasında dünyəvi həyat tərzinə üstünlük verənlər də az olmayıb. Buna görə də müəlliflər hesab edir ki, bu işin nəticəsi dağıstanlı internet cəmiyyətinin islamlaşdırılmış seqmentinin – əsasən savadlı, şəhərli müsəlmanların dəyərlərini əks etdirir.
Sorğuda 3105 nəfər iştirak edib. Onlardan 1675-i anketi əvvəldən axıra qədər doldurub. Elə bu 1675 anket əsasında da təhlil aparılıb.
Dağıstan müsəlmanları özləri və ətraflarındakı dünya haqqında
Dağıstan müsəlmanları xoşbəxt adamlardır, respublikadakı iqtisadi problemləri, qohumbazlıq, korrupsiya və hüquq sahəsindəki özbaşınalığı nəzərə alsaq, bu, çox qəribə səslənir. Respondentlərin təxminən 85%-i bildirib ki, çox və ya əsasən xoşbəxtdirlər, sorğu iştirakçılarının 1,5%-i özünü tam xoşbəxt hiss edir.
Sorğu olunan Dağıstan müsəlmanlarının böyük əksəriyyəti immiqrantlar, başqa irq, din, millət, dil qrupları nümayəndələri ilə qonşuluqda yaşamağa hazırdır.
Onların “sosial günah daşıyıcıları adlandırdıqları adamlara – əyyaşlara, homoseksuallara, narkomanlara münasibətləri daha pisdir. Bu cür qonşuların olmasını heç kim istəmir.
QİÇS xəstələrinə və rəsmi nikahda olmadan birlikdə yaşayan cütlüklərə qarşı münasibətdə isə səslər iki yerə bölünür – 43-45 faiz sorğu iştirakçısı onları arzuolunmaz qonşu kimi nəzərdən keçirir.
Nəyi pisləyirlər?
Dağıstan müsəlmanları ənənəvi əxlaq normalarının pozulmasına – homoseksuallığa, fahişəliyə, nikaha qədər seksual münasibətlərə, bundan başqa da korrupsiyaya qarşı dözümsüzdülər.
- 86% xidməti vəzifədən istifadə etməklə rüşvətin alınmasına heç bir şəkildə bəraət qazandırmır;
- 80% hesab edir ki, qeyri-rəsmi ödəmələr cəmiyyət üçün zərərli olan korrupsiyadır;
- 70%-dən çoxu hakimiyyət nümayəndələrinin qaydaların riayət olunmasına ciddi nəzarət etdiyi və bu qaydaları pozanlara güzəştə getmədiyi sistemə üstünlük verir.
Sorğu iştirakçılarının 85%-i eyni zamanda yaşadıqları dövlətin qanunlarına hətta onlarla razı olmadığın halda riayət etmək lazım olduğunu bildirsə də, bununla belə, qanunvericiliyin konkret pozulma hallarına qarşı tolerantlıq xeyli daha yüksəkdir.
Heç vaxt bəraət qazandırmadıqları:
- haqqın olmayan dövlət yardımını almaq – 48% respondent;
- ictimai nəqliyyatda ödənişsiz gediş – 45% respondent;
- vergilərin ödənilməməsi – 36 faiz respondent.
Başqasının əmlakının oğurlanması isə yekdilliklə birmənalı şəkildə pisləndi.
Təhsilin dəyəri
Dağıstan müsəlmanlarının təhsil problemlərinə münasibəti necədir? İnsan üçün keyfiyyətli təhsil almağın vacibliyi ilə sorğu iştirakçılarının cəmi 2%-i razılaşmadı. Uşaqlara yaxşı təhsil verə bilməyin mümkünsüzlüyü respondentlərin 80%-ni çox, 14%-ni bir az narahat edir. Öz peşəkarlığını artırmağın mümkünsüzlüyü (bu da daha çox təhsillə bağlıdır) bu və ya digər mənada təxminən 80% respondenti narahat edir. Uşaqlara yaxşı təhsil verməyin mümkünsüzlüyü gəncləri daha az narahat edir – görünür, bu onlar üçün o qədər də aktual deyil, əvəzində isə onlar daha çox peşəkar ixtisasını artırmağın mümkünsüzlüyündən narahatdırlar.
Amma hansı təhsil həqiqətən də vacibdir? Sorğu iştirakçılarının 60%-dən çoxu hesab edir ki, həm dini, həm də dünyəvi təhsilin alınması vacibdir. 30% respondent ilk növbədə dünyəvi təhsilin, 7% isə dini təhsilin vacibliyini qeyd etdi.
Əməyin dəyəri
“İnsan işləməlidir. Bu tezislə heç bir əlavə şərt olmadan sorğu olunanların yarısından bir az çoxu razılaşdı. Daha gənc yaş qruplarında əməyin vacibliyi barədə təsəvvür azdır: bunu yaşı 55-dən yuxarı olanların 65%-i, gənclərin isə cəmi 48%-i qəbul edir. Yalnız 5% respondent hesab edir ki, insan daha az işləməlidir (böyüklər arasında 1%, gənclər arasında 7%).
Sorğu olunanlar demək olar ki, yekdilliklə ailə dəyərlərinə birinci yer verdilər, ailə münasibətlərinin rolu onlar üçün çox böyükdür.
Amma respondentlərin üçdə biri ilk növbədə qohumlarına etibar etməyə hazırdır, ancaq 7% valideynləri uşaqlarına baxarsa, xanımına işlməyə icazə verməyə razıdır.
Belə görünür ki, respondentlər ailə münasibətlərinin vacibliyindən nə qədər çox danışsalar da, “böyük ailə dəyərləri keçmişdə qalır. Bunu geniş ailədaxili münasibətlərin əsaslandırıcısı olan yaşlı nəslə daha tənqidi münasibət də təsdiq edir. Yaşlı nəsil nümayəndəsinin şərti xoşagəlməz davranışı halında yaşlı adama yaxınlaşıb, özünü daha ədəbli aparmağı tövsiyyə etməyə hazır olanların sayı 73%-dir, cəmi 7% hesab edir ki, bunu etməyə ehtiyac yoxdur, çünki böyüklərə ağıl öyrətmək olmaz (19% cavab verməyə çətinlik çəkib). Hətta gənclərin 64%-i qoca adama irad tutmağa hazırdır.
Nə qədər əksi bildirilsə də Dağıstan müsəlmanları üçün demokratik dəyərlər vacibdir. Təxminən 90% sorğu iştirakçısı tam razıdır ki, insanlar siyasi liderləri azad və şəffaf seçkilərdə seçməlidir. Seçkilər bu xarakteristikalara cavab versəydi, 60%-dən çox sorğu iştirakçısı bütün səviyyələrdə seçkilərdə səs verməyə gedərdi, 15% isə hakimiyyət orqanlarına namizədliyini irəli sürməyə çalışardı. Bu şərtlərlə belə seçkilərdə 17% iştirak etməzdi.
Gənclər arasında bu rəqəm təxminən dörddə bir qədər artır, bütün səviyyələrdə səsverməyə gedənlərin sayı 49%-ə qədər azalır. Hakimiyyət orqanlarına namizədliklərini irəli sürmək istəyənlərin sayı isə 20% artır.
Nəticələr
Məruzə müəllifləri aşağıdakı nəticələrə gəlib:
- Qeyri-ənənəvi müsəlmanların dəyərlər sistemi xeyli daha fərqlidir.
- Dağıstanlı gənclər daha dindar və öz dindarlığında daha mühafizəkardır.
- İslamlaşdırma ənənəvi sosial iyerarxiyalara birmənalı təsir etmir və nəsil iyerarxiyasını zəiflədərək, gender iyerarxiyasını konservləşdirməyə çalışır.
Dərc olunub: 28.11.2016