Azərbaycan tələbələri narazılıq edir: İmtahana iki həftə qalmış qaydalar dəyişdi
Koronavirus pandemiyası üzündən bu tədris ilində ali məktəb tələbələri yalnız onlayn məşğələlərdə iştirak edə bilərdilər. İnternetə qoşulma problemlərini nəzərə alaraq, tələbələrə bildirilmişdi ki, məşğələlərdə iştirak edib etməmələrindən asılı olmayaraq, onlar imtahanlara buraxılacaqlar. Lakin imtahanlara iki həftə qalmış qaydalar gözlənilmədən dəyişdi.
- Sərt karantin rejimi: Bakının mərkəzi küçələri boşaldı – VİDEO/FOTO
- İstanbul konvensiyası nədir və Azərbaycanın nəyinə lazımdır?
- Azərbaycanda tələbə bayrağı təhqir etdiyi üçün universitetdən qovulub
Sentyabrın 27-dən noyabrın 12-nə qədər Azərbaycanda internet rəsmi qaydada məhdudlaşdırılmış şəkildə idi. Hökumət bunu İkinci Qarabağ müharibəsi dövründə informasiya təhlükəsizliyi ilə əlaqələndirmişdi.
Bunu da qeyd etmək lazımdır ki, adi hallarda rayon qeydiyyatlı və Bakıda kirayədə qalan tələbələr pandemiya məhdudiyyətləri səbəbindən hazırda regionlarda yaşayır və Azərbaycan regionlarının əksəriyyətində internetə qoşulma problemləri aktuallığını qorumaqdadır.
18 dekabr 2020 tarixində Azərbaycanda ali təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetində (BDU) Elmi şura bir çoxlarının etirazna səbəb olan qərar qəbul edib.
Qərar bundan ibarətdir ki, cari qiymətləndirmədə bütün tələbələrə davamiyyət və sərbəst işlər üçün ümumilikdə 20 bal veriləcək. Tələbənin semestr ərzində biliyi isə 30 baladək qiymələndiriləcək. Bütün fənlər üzrə imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək sadələşdiriləcək və ixtisasın tədris planında fənnə ayrılmış saatların miqdarından asılı olaraq 20-30% azaldılacaq.
JAMnews bu qərarla bağlı BDU tələbə və müəllimlərinin fikirlərini öyrənib. Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Fərid Cabbarov qərarı mənfi qarşıladığını deyir. Tələbə bildirir ki, əksər digər tələbələr kimi, onun da internetə daimi çıxışı yoxdur və onlayn dərslərə qoşula bilməyib.
Qərarı ədalətli hesab edən tələbələr də var. Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Çiçək Məmmədova deyir ki, bu, “universitetinin qəbul edə biləcəyi ən doğru qərar idi. Mən imkan daxilində bütün dərslərdə iştirak edib qiymət almışam, bu nəzərə alınarsa, düşünürəm ki, bütün tələbələrin maksimal balla imtahana buraxılması əziyyət çəkən tələbələrə haqsızlıq olardı”.
Universitetin müəllimləri də qərarla bağlı öz düşüncələrini bildirməkdən çəkinmirlər. Jurnalistika fakültəsinin pedaqoqu Samirə Həsənli bu haqda JAMnews-a danışıb:
“Açığı, bu qərar sentyabrdan açıqlansa, daha yaxşı olardı. Boşluqlar olmazdı və tələbələr də dərsləri daha çox ciddiyə alardı. Qınamaq da olmur, çünki pandemiya, müharibə kimi hallar gözlənilməz və bu dövr üçün ilk təcrübə idi. Lakin indi tələbələr həyəcanlıdırlar. Onlardan bir həftə ərzində maksimum üç qiymət tələb olunur. Bu asan iş deyil. Mən tələbələrə kömək məqsədilə imtahan suallarını müəyyən qədər azaltdım.
Düşünürəm ki, müəllimlərin də üzərinə böyük yük düşür və biz tələbələrə dəstək olmalı, mümkün qədər işlərini asanlaşdırmalıyıq. Təbii, oxuyan tələbə üçün problem yoxdur. Mən bütün tələbələrin suallarını istənilən saatda onlayn şəkildə cavablandıracağam. Nəticədə, ümumi götürsək, qərarın semestr sonuna 1-2 həftə qalmış açıqlanmasını düzgün hesab etmirəm”.
BDU tələbələri qərara münasibətlərini sosial şəbəkələr vasitəsilə də bildiriblər.
Tarix fakültəsinin 3-cü kurs tələbəsi Aydan Cümşüdzadə:
“Səhər saat 8:30-dan dərsə qoşulanlarla dərslərdə iştirak etməyənlərin eyni davamiyyət balı alması nə dərəcə düzgündür? Yəqin ki, ümumi qiymətləndirmədə müəllimlər bu nüansı nəzərə alar”.
Jurnalistika fakültəsində qiyabi təhsil alan 5-ci kurs tələbəsi Əfsanə Kamal isə qaranlıq qalan suallarla bağlı dekanlığa müraciət etsə də, hələ cavab ala bilmədiyini deyir. Öz etirazını sosial media hesabı üzərindən ünvanlayıb:
“Mənim dərs semestrım bitib. BDU isə bu gün qərar verib ki, rəhbərlik 20 bal verəcək. Yerdə qalan 30 balı isə tələbə seminarda alacaq. Mən dərsi harada, kimə danışıb qiymət alacağam? 30 balı mənə kim yazacaq? Əlavə edim ki, semestr ərzində bizə seminar məşğələləri keçirilməyib”.