Xal oyunları
Riodakı Olimpiada sona çatıb. Oyunların rəsmi bağlanış mərasimində BOK prezidentinin Olimpiadanın builki ev sahiblərinə müraciətlə səsləndirdiyi “Bu, Olimpiya oyunları tarixində ən gözəl oyun oldu sözləri artıq ənənəyə çevrilib.
Yayımın gecə saatlarında başlaması səbəbindən çox sayda avropalının ona baxa bildiyini güman etmirəm, amma düşünürəm ki, Tomas Bax bu sözləri səsləndirsə də, bunu böyük əzabla edib, çünki reallıqda Braziliyadakı oyunlar heç də belə olmadı.
Bu yay olimpiadası BOK prezidenti Tomas Bax üçün birinci oldu və yəqin ki, onu tez bir zamanda unutmaq istərdi.
Nə dahi üzgüçü Maykl Felpsin olimpiadalarda ümumilikdə qazandığı qızılların sayını Rioda 24 ədədə çatdırması ilə bağlı rekordu; nə artıq dalbadal üçüncü oyunlarda iki sprinter distansiyası və estafeti udmağa müvəffəq olan Useyn Boltun fantastik het-triki Braziliya olimpiadasını əhatə edən ab-havanın yaratdığı mənfi təəssüratı silə bilmədi.
Bununla belə, bir vaxtların əfsanəvi qılınc oynadanı olmuş bu adamı istənilən halda qeyri-səmimilikdə qınamaq istəməzdim. Axı əslində məhz Baxın sayəsində Rusiyanın ətrafında yaranan dopinq qalmaqalına görə olimpiya hərəkatı çıxılmaz vəziyyətdə qalmadı.
Siyasətçilər, Ümumdünya Antidopinq Agentliyi, jurnalistlər, təhqir olunduğunu hesab edən və satisfakskiya tələb edən idmançılar tərəfindən dəhşətli təzyiqə davam gətirərək, o, dünyanın ən yaxşı atletlərinin yarışı olan Olimpiya oyunlarını bütöv bir orqanizm kimi saxlaya bildi. Böyük imic zədələnməsi bahasına olsa belə, saxladı.
Rusiya komandasını çox məhdud halda olsa da oyunda saxlamaqla BOK prezidenti indiki Olimpiadada və bəlkə də gələcək Olimpiya oyunlarında səksəninci illərin birinci yarısında baş vermiş vəziyyətin təkrarlanmasının qarşısını aldı.
O vaxtlar iki olimpiada iki hissəyə bölünən dünyanın qarşılıqlı boykotu şəraitində keçirildi. Əvvəlcə Moskva olimpiadasını ABŞ və Qərbi Avropanın əksər ölkələri iqnor etdi. Dörd il sonra isə Sovet İttifaqı və onun sosialist düşərgəsindəki müttəfiqləri Los-Ancelesə öz idmançılarını göndərməkdən imtina edərək “reveranşa nail olduıar.
O vaxtlar əsas idman turnirində “soyuq müharibəyə başlayan siyasətçilərin yeganə nailiyyəti bu iki oyunda idmançıların qazandıqları medalların bir qədər fərqli tamı oldu.
Təbii ki, həm xarici görünüşünə, həm də rəsmi statusuna görə onlar digər olimpiadalarda qazanılan medallardan heç nə ilə fərqlənmirdilər, amma onların optimal rəqabət şəraitində qazanılmaması ilə bağlı hiss bu qalibiyyətlərin dəyərini ilk növbədə qaliblərin öz gözündə kiçiltdi.
Çox güman ki, Rioda şüvüllə tullanma sektorunda yunan idmançı Yekaterini Srefanidi tərəfindən qazanılan qızıl medal da belə bir təsir bağışlayacaq. Əlbəttə ki, əsas rəqibi Yelena İsinbayevanın bütün digər rusiyalı yüngül atletika üzrə idmançılarla birgə yarışlara buraxılmamasında onun heç bir günahı yoxdur.
İkiqat olimpiya çempionu, dəfələrlə dünya rekordsmeni, uzun müddətli karyerası boyu təmiz reputasiyası olan bu idmançı üçün kiminsə “dopinq oyunu kollektiv məsuliyyətə çevrildi. Bu qərardan sonra İsinbayevanın acıqla dediyi “Rioda mən olmadığım halda kimin qalib gəlməsindən asılı olmayaraq, bu ikinci yer olacaq sözləri yeni çempion Stefanidi üçün daimi qınağa çevriləcək.
Ola bilsin, bu hadisədə bir məsələ olmasaydı, İsinbayeva öz dəyərləndirməsində bu qədər sərt olmazdı. İdmançının özünün etirafına görə, onun oyunlara buraxılmaması ilə bağlı son qərar verilənə qədər o, tullanma sektoru üzrə bütün həmkarlarına mesaj göndərərək, həmrəylik göstərməyi və ona açıq dəstək verməyi xahiş etmişdi.
Düzdür, əslində belə bir reaksiya təəccüb doğurmur. Olimpiadalarda alicənablıq artıq çoxdandır ki, nadir haldır. Əks halda dopinqlə bağlı bu hallar da olmazdı. Amma heç kim bu xahişə cavab vermədi.
Nəyin bahasına olursa olsun nəticə əldə etmək ancaq qalmaqalın episentrinə düşən Rusiya idmanına aid deyil. Qorxuram ki, bu bütün müasir yüksək nailiyyətlər idmanına aiddir, bu zaman qaçış meydançasında idmançıların yarışlarına gizli şəkildə hər bir komandanın farmokoloji nailiyyətlərinin yarışı da əlavə olunur.
Burada təkcə kimin daha sürətli olması deyil, həm də kimin dopinqi daha yaxşı gizlətməsi üzrə mübarizə də gedir. Heç də hər bir “təmiz idmançı reallıqda təmiz olmur və hər bir yeni olimpiada ilə bu daha aydın görünür. Bəzilərinin fırıldağı isti izlərlə açılır, digərləri illər sonra ifşa olunur, üçüncülərin fırıldağının üstü isə bəlkə də heç vaxt açılmayacaq.
Hətta dopinqin texnoloji aşkar edilməsi səviyyəsi buna imkan versə də, bəzi super qəhrəmanları artıq çoxdandır ki, yüksək gəlirli biznesə çevrilmiş olimpiya hərəkatının özü ifşa etməyə imkan verməyəcək. Bu biznesin ikonalarını qurban verməyə çətin ki, kimsə imkan versin.
Buna görə də bütün bu rekord saniyələri, kiloqram və xallara ehtiyatla yanaşmamaq mümkün deyil.
Bununla belə, Rio-2016-nın yaxşı anlarını da xatırlamaq istəyirsən, axı baron Pyer de Kuberten məhz bu anların xatirinə bir əsr əvvəl Olimpiya oyunlarını bərpa etdi. Riodakı Olimpiya oyunlarında 5000 metr məsafəyə seçmə qaçışı zamanı Yeni Zelandiyalı Nikki Hemblin və amerikalı Ebbi D’Aqostino bir-birinə dəyərək, zədə aldılar.Bu zaman Yeni Zelandiya təmsilçisi daha ciddi zədə alan amerikalı idmançıya ayağa durmağa kömək etdi və ikisi bir yerdə axsaya-axsaya finişə axırıncı çatdılar. Bununla belə, onları məğlub adlandırmaq mümkün deyil.
Dərc edilib: 22.08.2016