İnsanlar etiraz edir! Vəssalam
Tavuşlular nəyi istəmir?
Artıq bir həftədir ki, Tavuş sakinləri icmaların birləşdirilməsinə qarşı etiraz aksiyasına başlayıblar. Hətta gah ərazi idarəçiliyi nazirinin rayona girə bilməməsi üçün, gah da elə həmin nazir və qubernatorla görüş tələbi ilə magistral yolu bağlayıblar da.
Ötən həftə bəzi deputatların 118 şəhər və kəndin taleyi ilə bağlı olan paketin müzakirəsini təxirə salmaqla bağlı xahişlərinə baxmayaraq, icmaların birləşdirilməsi haqqında qanun layihəsi parlament tərəfindən ilk oxunuşdan qəbul olundu. Onlar birləşməli olan icma sakinləri kimi indiki mərhələdə bunun əsassız addım olduğunu hesab edirlər.
Yaranan vəziyyət bir kəndin misalında
Dağlar arasındakı vadidə gizlənən Barekamavan kəndi əvvəllər elə bu cür də adlanırdı – Taknaqüh (“gizlənən kənd). Barekamavan Tavuş rayonunun sərhədyanı kəndlərindən biridir. O, rayon mərkəzindən 48 kilometr aralıda yerləşir, sərhədyanı regionun arxa cəbhəsini qoruyur – Voskepar dağ silsiləsinin o tərəfində Azərbaycan kəndləri yerləşir.
2011-ci illə müqayisədə Barekamavanın əhalisi 120 nəfərə qədər azaldı. Hazırda kənddə 180 sakin yaşayır. Onlardan 25 nəfəri məktəbə qədər yaşda uşaqlar, 30 nəfəri orta yaşlı, qalanları yaşlı nəslin nümayəndələridir. Birləşdirmə proqramına görə isə daha çox adam kəndi tərk edəcək, artıq 8 ildir ki, kəndə başçılıq edən Qarik Abazyan belə hesab edir.
“Birləşdirmə kəndlərin, xüsusən də sərhədyanı kəndlərin boşalmasına gətirib çıxaracaq. Ən azı sərhədyanı kəndlərə xüsusi status verib, onları birləşən icmalar siyahısına salmamaq lazımıydı.
İcmaların birləşdirilməsi proqramı nəinki sərhədyanı Barekamavanda, həm də qonşu kəndlərdə etiraz dalğasına səbəb oldu. Sakinlər “Kəndimiz elə kənd olaraq da qalacaq şüarı ilə ayağa qalxdılar.
Etirazın səbəbi bir insanın misalında
68 yaşlı Qraçik Karakeşişyan əslən Barekamavandandır. Deyir ki, ailəsinin beş üzvünün hamısı birləşməyə qarşıdır və bunun çox sadə səbəbi var:
“Ötən ay Noemberyana getmişdim. Qıza dedim: mən Barekamavandanam, xahiş edirəm, mənim məsələlərimi tez həll edin ki, evə gedə bilim. Vərəqdə nəsə yazdı, əlimə verdi, deyir ki, növbədə 51-ci adamsız, gözləyin. Və hər dəfə də belə təkrar olunacaq? Mən bu yaşda hər məsələ ilə bağlı Noemberyana getməliyəm? Bu, nə dərəcədə düzgündür?
Bu birləşmənin nəsə müsbət bir şey verəcəyini deyə bilmərəm. Amma deyin görüm, bu normaldır ki, mən hər dəfə Noyemberyana getməli olacam, taksiyə də 5000 dram (10 dollardan çox) verməli olacam, pensiyam isə cəmi 28 min dramdır (60 dollardan az), həyat yoldaşım təxminən bu qədər alır, heç br yardım-filan da almırıq. Bu, nəyə lazımdır?
Barekamavan icmasının nəqliyyatı yoxdur. Noyemberyanla əlaqəni ancaq bir nəqliyyat vasitəsi – çörək gətirən maşın təmin edir ki, bu maşında da ancaq bir sərnişin üçün yer var. Barekamavanlılar deyir ki, sürücü çox xeyirxah adamdır. Onun sərnişin daşımaq icazəsi olmasa da, həmişə kimisə Noyemberyana, özü də pulsuz aparmağa razılıq verir.
Bir az Barekamavan haqqında
Barekamavan kəndinin büdcəsi 6 milyon 500 min dram (14 min dollara yaxın) təşkil edir. Əlavə 3 milyon 600 min dramı (7500 dollar) kəndə Müdafiə Nazirliyi verir və bütün bu vəsait əlaqə və elektrik enerjisinə xərclənir. Büdcə vəsaiti ilə isə ancaq kənd administrasiyasındakı beş iş yeri təmin olunur. Başqa hər hansı məqsədə vəsait çatmır.
Kəndin bütün var-dövləti iradəli sakinlərdir. Kənddə başqa heç nə yoxdur: nə şadlıq evi, nə kitabxana, nə uşaq bağçası. Hətta kənd administrasiyasının balaca binası acınacaqlı vəziyyətdədir və təmirə ehtiyacı var.
“Səkkiz illik təcrübəm onu göstərir ki, yerli özünüidarəetmə kəndin rolunu artırır, çünki biz özümüz nazirliklərin qarşısında problemlərimizi qaldırırıq və müsbət nəticələr əldə edirik. Misal üçün, sovet illərində kəndə qaz çəkilməmişdi, indi isə qazın çəkilməsi başa çatıb.
Birləşdirmə baş verdiyi halda düşünürəm ki, iri icmanın tərkibində xırdaların çətin ki, ağsaqallar şurasında öz nümayəndələri olsun, çünki bizim cəmi 10 seçicimiz var, birliyin digər hissələrində, misal üçün, Noyemberyanda 3000-dən çox, Berdavan icmasında 2000-dən çox seçici var, – Barekamavanın rəhbəri Qarik Abazyan deyir.
Keçmiş acı təcrübə
Barekamavan icmasının keçmişdə artıq birləşmə təcrübəsi olub. Hələ 60-cı illərdə kənd Koti icmasına birləşdirilib. Sakinlər deyir ki, bu birləşmə heç bir yaxşı nəticə vermədi.
Məhz buna görə də barekamavanlılar bir neçə gün bundan əvvəl Noyemberyanda keçən birləşməyə qarşı etiraz aksiyasında fəal iştirak etdilər. Aksiya iştirakçıları arasında Barekamavan rəhbərinin müavini Conik Mikaelyan da vardı:
“Bunun faydası o mənada yox idi ki, kənd sakinləri əziyyət çəkirdi. Koti bizdən 10 kilometr aralıda yerləşir və biz bütün məsələlərə görə Kotiyə gedirdik, bu çətin idi. İndi də eyni şey baş verir, amma problemlər bir az da artacaq.
Konstitusiya pozulur
Ölkə Konstitusiyasının 190-cı maddəsində (Yeli özünüidarəetmə, 9-cu fəsil, icmaların birləşdirilməsi və bölünməsi) qeyd edilir: ictimai maraqlardan çıxış edərək, icmalar qanuna uyğun olaraq, birləşdirilə və ayrıla bilər. Milli yığıncaq müvafiq qanunu qəbul edərkən, həmin icmaların fikrini nəzərə almalıdır.
Barekamavanın əksər sakinlərinin konstitusiyanın bu bəndindən xəbəri var. Qanunun bu müddəası pozulub, çünki Barekamavan sakinləri, birincisi, həmin qərar barədə məlumatlandırılmayıb, ikincisi, onların fikrini nəinki nəzərə almayıblar, onlardan heç xəbər alan da olmayıb.
“Ola bilsin, birləşdirmə yaxşıdır, bilmirəm, bizə konkret məlumat verməyiblər, heç bir informasıyamız yoxdur. Hazırda sakinlər kənddə imza toplayırlar, baxaq görək kim lehinədir, kim əleyhinə, sonrası necə olacaq.
Bu imzaları biz prezident Serj Sarqsyana göndərəcəyik. Düşünürük ki, fikrimizi nəzərə alacaqlar. İlk növbədə, fikrimizin, xalqın fikrinin nəzərə alınmasını istəyirik. Burada yaşayan bizik, nəyin bizim üçün yaxşı, nəyin pis olduğunu biz daha yaxşı bilirik. Xahiş edirik bizim, xüsusən də sərhədyanı statusumuzla bağlı olaraq, yanaşmamızı nəzərə alsınlar, – kənd rəhbərinin müavini Conik Mikaelyan deyir.
Barekamavan sakini Qrant Abazyan deyir ki, onun özünü və bütün kəndliləri daha çox informasiyanın olmaması faktı əsəbiləşdirir:
“Ola bilsin, bu yaxşı proqramdır, amma kəndlilər kifayət qədər məlumatlandırılmayıb. Layihəyə başlamazdan əvvəl ciddi mütəxəssisləri hazırlaya, kəndə göndərə, bütün mənfi və müsbət tərəflər haqqında danışa bilərdilər, bundan da çıxış edərək, insanlar qərar verərdilər. Bəlkə könüllü şəkildə birləşməyə də razılıq verərdilər. Elə deyil ki, hökumət bizim yaxşılığımızı istəyir, bizsə yox. İlk növbədə, biz öz yaxşılığımızı istəyirik, sonra da onlar.
Qrant Abazyan deyir ki, bir neçə gün bundan əvvəl kənd sakinləri ərazi idarəetməsi və inkişafı naziri David Lokyanla görüş zamanı ona bütün iradlarını və suallarını veriblər. Amma istədikləri cavabı almayıblar.
“Yuxarıdan gələn hər bir adam onların adamıdır. Axı o deyən deyil ki, bəli, proqram pisdir. Əksinə, onlar özlərinə bəraət qazandıracaq, hər bir xırda şeyi bəzəyəcək – özü də ancaq müsbət tərəfdən, əslində olduğu kimi yox. Bununla belə, xalq inanmır, kimdən istəsəz soruşun, – Barekamavan sakini Qrant Abazyan deyir.
Qonşular da etiraz edir
İmza toplanması ancaq Barekamavanda deyil, Tavuş rayonunun digər icmalarında da aparılır.
Barekamavan kənd rəhbəri Qarik Abazyan qeyd edir ki, bu məsələ belə qəfildən qaldırılmasaydı, bu qədər səs-küyə səbəb olmazdı:
“Belə çıxır ki, insan səhər yuxudan oyanıb, artıq başqa icmada yaşadığını öyrənir? İndi faktiki olaraq elə belə də alınır. Yerli özünüidaretmə bizim icmamız kimi icmaları gücləndirir, birləşdirmə isə zəiflədir.
Səlahiyyətli nümayəndənin hansı hüquqları var? Onlar yüz faiz seçilən kənd rəhbərindəki kimi olmayacaq. Bizim icmamız kimi icmalarda rəhbərlər vəzifələri çərçivəsindən çıxan bir çox işlər görür. Misal üçün, icma rəhbəri hər ailə üçün səhiyyə məsələlərini həll edir. O, bir sakinin işi ilə bağlı Yerevana bir-iki günlük səhiyyə problemlərini, yardımın verilməsi məsələlərini həll etmək üçün gedə bilər və s.
Demirəm ki, birləşmiş icma rəhbəri bunları etməyəcək və ya pis olacaq. Sadəcə onun fiziki olaraq, həddən artıq işlə yükləndiyi üçün bununla məşğul olmaq imkanı olmayacaq. Burada vəzifə uğrunda deyil, icmanın rahat yaşayışı uğrunda mübarizə gedir.
Dərc edilib: 01.07.2016