Öz vətənlərində qonaqlar
Seyfət Dursunovun 91 yaşı var. O, qocalığından şikayət edir və yəqin ki, dünən baş verənləri güclə xatırlayar, amma yaddaşının toxunulmaz saxladığı xatirələr də var.
“Bu, noyabrda olub. Həmin il güclü qar yağdı. Gecə kəndimiz Utkisubaniyə böyük yük maşınları gəldi. Hamımızı küçəyə çıxarıb, maşınlara əyləşdirib, Axaltsixeyə apardılar. Burada bizi yük qatarı gözləyirdi. 40 gün yol getdik. Şiddətli şaxta vardı. Yeməyə heç nə yoxuydu. Onda 20 yaşım vardı və mən vətənimdən demək olar ki, ömürlük ayrıldım, – deyə o xatırlayır.
Seyfət Dursunov
Seyfət Dursunov 1944-cü ilin noyabr gecəsi Stalinin əmri ilə Meshetiyadan Sibirə və Orta Asiyaya sürgün edilən 120 min məshəti müsəlmanlarından biridir. Çoxları bu ağır və uzun yola tab gətirə bilmədilər – bir neçə min insan yolda öldü. Onlar Gürcüstandan ona görə sürgün edildilər ki, Stalin düşmən hücumu zamanı məshəti müsəlmanlarının sovet ordusuna qarşı duracağından şübhələnirdi.
50-ci illərin sonlarında, Stalinin ölümündən sonra Sovet İttifaqında “Böyük sərkərdə tərəfindən təqib olunan xalqların reabilitasiyası və repatriasiyası prosesinə başlanıldı. Amma bu, məshəti türklərinə aid edilmədi.
80-ci illərdə onlar yenidən təqib qurbanı oldular – Mərkəzi Asiyada etnik zorakılıq hədəfinə çevrildilər. Onlar Azərbaycanda və Rusiyanın cənub regionunda özlərinə sığınacaq tapdılar.
Hazırda bu, təqib olunan icma bütün post-sovet məkanına səpələnib. Onların bir hissəsi ABŞ-a mühacirət edə bildi, qalanları Gürcüstana qayıtdı.
1999-cu ildə Gürcüstan Avropa Şurasının üzvü olanda Tbilisi məshəti müsəlmanlarının repatriasiyası ilə bağlı üzərinə öhdəlik götürdü və konkret addımlar atdı – 2007-ci ildə ölkə repatriasiya haqqında qanun qəbul etdi.
Qanunun qəbul edilməsindən təxminən 10 il keçir və qanunvericilik səviyyəsində hər şey qaydasındadır. Bununla belə, Gürcüstanda yaşayan məshəti müsəlmanlarının bir hissəsi hələ ki, repatriant statusu almayıblar. Onların çox az bir hissəsi də vətəndaşlıq ala bilib. Qınaqlar yüksək tribunalardan da gəlir – Avropa Şurasının apreldə keçirilən plenar iclasında çıxış edən Türkiyənin hazırda keçmiş baş naziri Əhməd Davudoğlu gürcü hakimiyyətinin məshəti müsəlmanları ilə bağlı götürdüyü öhdəliyi xatırlatdı.
“Ümid edirik ki, bu insanların repatriasiyası Avropa Şurasının üzvü olan Gürcüstanın fəaliyyət planının prioriteti kimi göstəriləcək, – deyə o bildirib.
Tbilisidə Davudoğlunun sözlərini təəccüblə qarşıladılar. “Məgər Türkiyənin baş naziri Gürcüstan bütün öhdəlikləri yerinə yetirdiyi bilmir?! – parlament çoxluğunun lideri Zviad Kvaçantiradze sual verir.
Müxalifət nümayəndələri də eyni şeyləri deyir.
“Biz bütün Gürcüstana qayıtmaq istəyənlərə repatriasiya imkanı verdik. Bundan əlavə, qeydiyyat müddəti iki dəfə artırıldı, – “Milli hərəkatın lideri David Bakradze deyir.
Məshəti müsəlmanlarının məsələsi ilə məşğul olan hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının üzvləri də qanunvericilik səviyyəsində öhdəliklərin yerinə yetirilməsi faktını inkar etmirlər. Amma repatriant statusunun alınması ilə bağlı uzunsürən proseduralar, vətəndaşlığın olmaması və ağır sosial şərait məshəti müsəlmanlarının Gürcüstandakı həyatını dözülməz edir, – deyə onlar bildirir.
Bu da rəsmi statistika: son bir neçə il ərzində repatriant statusunun alınması üçün Gürcüstana 5841nəfər müraciət edib. Onlardan 1533 nəfərə status verilib, 494 nəfər isə “şərti vətəndaşlıq alıblar ki, bu da şəxsin başqa ölkənin vətəndaşlığından imtina edəndən dərhal sonra Gürcüstan vətəndaşlığına qəbul edilməsini nəzərdə tutur. Hakimiyyət nümayəndələri bildirir ki, status və vətəndaşlığın verilməsindən imtinaya səbəb bir qayda olaraq, qaydaya salınmamış sənədləşmə olur.
Vaxtsa keçir. Gürcüstana qayıdan məshəti müsəlmanları elementar məişət problemlərini həll edə bilmirlər, cəmiyyətə inteqrasiya barədə isə heç danışmağa dəyməz.
Vətəndaşlıqları olmadığı üçün onların kənd təsərrüfatı təyinatlı torpaq almaq haqqı yoxdur; sosial proqramlardan yararlana bilmirlər və dövlət təhsil müəssisələrində daimi maneələrlə qarşılaşırlar.
Məshəti müsəlmanlarının böyük əksəriyyəti gürcü dilini bilmir və Gürcüstan qanunvericiliyi ilə tanış deyillər, bu da onların gündəlik həyatını daha da çətinləşdirir və yerli hakimiyyətlə ünsiyyət zamanı çoxu sayda problemlər yaradır.
“Onlar bizim qayıtmağımıza maneə törətmirlər, amma burada həyatımızın dözülməz olması üçün bütün şəraiti yaradırlar, – 70 il bundan əvvəlki faciəvi hadisələri xatırlayan Seyfət Dursunov deyir. Artıq 8 ildir ki, o Azərbaycandan Gürcüstana qayıdıb.
Seyfətin ailəsinin bir üzvü də olsun nə Gürcüstan vətəndaşlığı, nə də repatriant statusu alıb. Gürcüstanda özlərinə iş tapa bilməyən iki oğlu qoca atalarını qoyub, qazanc üçün Türkiyəyə getdilər. Seyfətlə indi onun 23 yaşlı nəvəsi yaşayır və babasına qulluq edir.
Samsxe-Cavaxetidə hazırda 50-yə yaxın məshəti müsəlmanı ailəsi yaşayır. Onlardan 20 ailə Axaltsixe yük stansiyasında kompakt yaşayırlar. Qalanları Vale, Adıgeniya və Abastumanidə məskunlaşıblar.
Yük stansiyasında yaşayan məshəti müsəlmanları
Əksəriyyəti Gürcüstana 2007-2010-cu illərdə qayıdıblar. Evlərini onlar öz pullarına alıb və kənd təsərrüfatı hesabına dolanırlar – bapbalaca həyətlərində meyvə-tərəvəz yetişdirirlər.
“Bizim heç bir statusumuz yoxdur, bizə nə iş, nə də heç bir perspektiv var. Öz vətənimizdə yaşasaq da, heç kimik, – altı nəfərdən ibarət ailəsiylə Axaltsixedəki yük stansiyasında yaşayan 43 yaşlı Bəxtiyar Əzizov deyir. Onun vətəndaşlığı yoxdur. Ona, özünün dediyi kimi, səbəb bildirmədən vətəndaşlıq verməkdən imtina etdilər.
Bəxtiyar məhsul yetişdirə biləcəyi torpaq almağı arzulayır ki, ailəsini ayağa qaldıra bilsin.
Onun qonşusu, 45 yaşlı Yusif Süleymanov repatriant statusu alıb. Amma onun sözlərinə görə, “bu arayış heç bir xeyri olmayan kağız parçasıdır. Evin yanındakı kiçik torpaq sahəsində qurduğu oranjereyada o xiyar və pomidor yetişdirir və bununla da ailəsini dolandırır. Vətəndaşlığı olmayan şəxs kimi, onun kənd təsərrüfatlı təyinatlı torpaq almaq ixtiyarı yoxdur.
Süleymanovlar ailəsinin oranjereyası
“Torpağım olsaydı, çox işləyərdim. İş ancaq qayıtmaqda deyil… dili bilmirik, qayda-qanunlarla tanış deyilik. Kimsə bizə diqqət yetirməli, nəyi necə etməli olduğumuzu başa salmalıdır…, – Yusif deyir. O, öz başına gələnləri danışır: bu yaxınlarda o evinin damını örtüb. Amma yerli qanunvericiliyi bilmədiyi üçün icazə üçün müraciət etməyib. İndi isə Axaltsixe meriyasının ona qarşı qanunsuz tikinti apardığına görə iddiası var – iki həftə ərzində sənədləri qaydaya salmasa, 3 min lari məbləğində cərimə ödəməli olacaq. Beş nəfərdən ibarət və heç bir ailə üzvünün işləmədiyi Süleymanovlar üçün bu çox böyük bir məbləğdir.
Təzəgül Fəzliyeva. Təzəgül Fəzliyevanın sözlərinə görə, ona ev tikmək hüququ vermirlər.
Yük stansiyasında yaşayanlar arasında biz Gürcüstan vətəndaşlığı olanlara da rast gəldik. “Vətəndaşlığın olanda, Gürcüstan sanki sənin evinə çevrilir və özünü qonaq kimi hiss etmirsən. Mən işləyirəm və çox da yaxşı yaşayıram, – deyən Dursun Temiyev qürurla pasportunu göstərir.
Dursun Təmiyev deyir ki, gürcü vətəndaşlığını alandan sonra artıq problemi yaranmayıb
Uzun illər boyu məshəti müsəlmanlarının problemləri ilə məşğul olan “Tolerantlıq təşkilatının rəhbəri Tsira Mesxişvilinin sözlərinə görə, ölkə inteqrasiya üçün heç nə etmir.
“Hakimiyyət hüquqi nöqteyi-nəzərdən bütün öhdəliklərin yerinə yetirildiyini deməkdə haqlıdır. Amma axı mənəvi və sosial öhdəliklər də var – məgər bura qayıdan insanlar normal yaşamamalıdır? Qanunda bu haqda heç nə deyilmir, dövlət də heç bir iş görmür. Onların vətəndaşlığı olsaydı, bir çox problemlərinin öhdəsindən özləri gələrdilər, – Mesxişvili deyir.
Məshətilərin inteqrasiyası üçün dövlət dəstəyinə ehtiyacın olması Gürcüstanın xalq müdafiəçisinin 2015-ci il ərzində insan haqları sahəsində vəziyyətlə bağlı illik hesabatında da deyilir:
“Qanun ancaq repatriant statusunun verilməsi prosedurasını müəyyən edir. Burada hər hansı sosial-iqtisadi təminatlar və mülkiyyətlə bağlı məsələlər əks olunmayıb.
Hesabata görə, Gürcüstan vətəndaşlığı olmayan repatriantlar təhsil, səhiyyə və işlə təmin olunma sahəsində problemlərlə üzləşirlər.
Hakimiyyət də problemlərin olduğunu inkar etmir, amma hakimiyyət nümayəndələrinin sözlərinə görə, inteqrasiya sadəcə istək məsələsidir, dövlətin öhdəliyi deyil.
“Gürcüstanın öhdəliyi repatriasiya üçün hüquqi əsasın yaradılması idi və o bunu vicdanla yerinə yetirdi. İnteqrasiyaya gəlincə, bu bizim, könüllü istəyimizdir. İnteqrasiya üzrə fəaliyyət planı üzərində iş artıq başa çatıb və o Avropa Şurasına təqdim olunub. Cavabı alan kimi, onun yerinə yetirilməsinə başlayacağıq, – repatriasiya və qaçqınların məsələləri üzrə idarə rəisi İrakli Kokaiya deyir.
Onun sözlərinə görə, ölkə öz üzərinə mənəvi öhdəlikləri götürə bilməz. “Biz istəsək də hamını evlə təmin etmək imkanına malik deyilik. 50 mindən çox qaçqını olan ölkə öz üzərinə belə bir öhdəlik götürə bilməz. Bu insanları Gürcüstandan Sovet İttifaqı sürgün edib, Sovet İttifaqının da qanuni varisi Rusiyadır, əgər kimsə üzərinə mənəvi öhdəlikləri götürməlidirsə, bunu ilk növbədə Rusiya Federasiyası etməlidir, – Kokaiya deyir.
Bununla belə, Gürcüstanda yaşayan məshəti müsəlmanları pozitiv tərəfləri də görürlər.
Bir neçə il əvvəl, onlar vətənlərinə qayıtmağa başlayanda KİV-də tez-tez məshəti müsəlmanları ilə yerli əhali arasında qarşıdurma, müsəlmanlarla xristianlar arasında münaqişə barədə məlumatlar yayılırdı. Bu gün belə xəbərlər nadir hallarda olur.
“Biz ümumi dil tapa bildik. Xalq bizi qəbul etdi, dövlətsə yox, – Seyfət Dursunov deyir.
Yük stansiyasının sakinləri də bunu təsdiq edir. Məshətili Ramin Fəzliyev deyir ki, həmişə qonşularının köməyinə müraciət edə bilir:
“Mənə maşın lazım olanda, qonşudan gedib, maşınının açarını istəyirəm, o da verir. O xristian, mənsə müsəlmanam… Nə olsun ki?.
Faya Göhərova və onun xristian qonşusu
Yerli xristian Mziya Merabişvili müsəlmanlarla qonşuluq münasibətlərindən danışır
Raminin anası hesab edir ki, dövlət məshəti müsəlmanlarına qəsdən problemlər yaradır ki, onları ölkəni tərk etməyə vadar etsin:
“Biz onlara lazım deyiliksə, qoy desinlər, evlərimizi alsınlar, bizə təzminat ödəsinlər, biz də çıxıb gedək, – Təzəgül Fəzliyeva deyir.
Dərc olunub 12.05.2016