Dayələr doğum səviyyəsini artıracaqlar
“Ermənistan Respublikasının 2016-2018-ci illərdə demoqrafik vəziyyətin yaxşılaşdırılması milli proqramı layihəsi analıq məzuniyyətində olan və övladlarını dünyaya gətirəndən sonra öz xidməti vəzifələrinə qayıtmaq istəyən gənc anaları ilhamlandırdı. Onlar sosial şəbəkələrdə milli proqram haqqında məlumatı yayır, məmurlar isə bunun hələ ki, sadəcə bir layihə olduğunu bildirir, onun gerçəkliyə çevrilməsi məsələsi isə hələlik böyük sual altındadır.
Bu sənədə populyarlığı Əmək və Sosial Məsələlər Nazirliyi demoqrafiya şöbəsinin müdiri Vanik Babadjanyan tərəfindən “Спутник Армения radio stansiyasının efirində səsləndirdiyi aşağıdakı müddəaları gətirdi:
1. övladı dünyaya gələndən sonra işləmək istəyən qadınlara dayə xidmətlərinin ödənilməsi üçün vəsait vermək (Ermənistanda 55 min dram, təxminən 115 dollar təşkil edən minimal əmək haqqından çox olmamaq şərtilə),
2. 22 yaşına qədər hamilə olan və uşaq dünyaya gətirən tələbə qadınlara ali məktəblərdə təhsil haqqının ödənilməsində kömək göstərmək,
3. erkən doğuşa görə ali təhsil ala bilməyən, amma almaq istəyən 24 yaşına qədər qadınlara ali məktəbə hazırlıq prosesində maddi yardım göstərmək,
4. övladları olan və işləmək istəyən, amma əvvəl heç vaxt işləmədikləri üçün əmək bazarında iş tapmayan 30 yaşa qədər olan qadınların işə götürən tərəfindən öz müəssisəsinin bazasında peşəkar hazırlıq və təkmilləşdirilməsini təmin etmək.
Proqramın əsas məqsədi olan doğum səviyyəsinin artırılması məsələsi on illərlə səsləndirilsə də, heç bir effekt verməyib. BMT-nin Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Qarik Ayrapetyan hələ 2 il bundan əvvəl qeyd edib ki:
“Demoqrafik problemlərin həlli prosesində vurğular dəyişməlidir. Biz qarşımıza məqsəd kimi doğumun səviyyəsinin artırılmasını qoymamalıyıq, biz elə bir əlverişli şərait yaratmalıyıq ki, insanlar çox uşaq sahibi olmaq istəsinlər. İndi də bizdə vurğuların dəyişdirilməsi prosesinə başlanılıb.
BMT-nin Əhali Fondunun Ermənistan nümayəndəliyi tərəfindən aparılan tədqiqatın nəticələrinə görə, orta statistik ailədə iki uşaq limitdir, çoxları bircə uşaq sahibi olmağı üstün tutur, halbuki hesab edirlər ki, idealda üç uşaq olmalıdır.
Bütün dünyada, o cümlədən də Ermənistanda uşağın dünyaya gəldiyi vaxt hər hansı məbləğin birdəfəlik verilməsi ekspertlər tərəfindən o qədər də effektiv ölçü hesab edilmir: sabahına əmin olmayan gənc valideynlər uşaq dünyaya gətirməyə ehtiyat edirlər. Uşağın dünyaya gəldiyi gündən deyək ki, 5 yaşına çatana qədər uzun müddətli və stabil dəstək isə başqa məsələdir.
Misal üçün, Makedoniyada demoqrafiya məsələləri üzrə beynəlxalq ekspert Ralf Hakertin sözlərinə görə, hər üçüncü uşağa görə dövlət valideynlərə on il ərzində hər ay 150 dollar ödəyir. O, doğum səviyyəsini artırmaq istəyən Ermənistana da gənc ailəyə uzun müddətli və hərtərəfli kömək yolu ilə getməyi məsləhət görür.
Ermənistanın Milli Statistika Xidmətinin məlumatlarına görə, 2015-ci ildə 41000 nəfər doğulub, 28000 nəfər ölüb, deməli, əhalinin demoqrafik həyat qabiliyyəti göstəricisi 1,4 təşkil edir, adi artım üçün isə o 2,1-ə bərabər olmalıdır.
Ekspert Ralf Hakertin fikrincə, Ermənistanda aşağı doğum səviyyəsi işsizlik və miqrasiya ilə bağlıdır. Deməli, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün ilk növbədə işsizliyin səviyyəsini azaltmaq və həyat səviyyəsini yaxşılaşdırmaq lazımdır.
Demək asan olsa da həyata keçirmək çətindir. Doğum səviyyəsini artırmaq üçün Fransa hakimiyyəti hər il ÜDM-nin 3,5 faizi ayrılan onlarla layihə həyata keçirir.
Ermənistanda iri maliyyə qoyuluşuna ümid etməyə dəyməz, amma Əmək və Sosial Məsələlər Nazirliyində hesab edirlər ki, işə yeni yanaşması olan Milli Proqramın sayəsində demoqrafik problemlərin bir hissəsi hər halda həll olunacaq. Burada hətta müddət də qeyd olunur – nəticəni 2-3 il ərzində görəmək mümkün ola bilər.
Dərc edilib: 30.03.2016