Abxaziya, Anqola, Banqladeş
Abxaziyada artıq üç aydır ki, “Ana və doğulmamış uşağın dövlət mühafizəsi haqqında qanun, daha sadə dildə desək, abortların qadağa olunması haqqında qanun işləyir.
Vaxtıykən bu qanunun qəbul olunmasının lehinə iyirmi altı deputat, əleyhinə isə cəmi üç deputat səs verdi. Qanunvericilərin əsas arqumenti demoqrafik vəziyyətin yaxşılaşdırılması oldu. Bununla belə, bu arqumentlə cəmiyyətdə bir çoxları hələ də razı deyil. Abxaziyada abortların qadağa olunmasına qarşı çıxanların əsas arqumentlərini nəzərinizə çatdıraq.
1. Abrotlara tibbi göstərişlə ehtiyac olur
‘Qanun müzakirə olunan zaman mən kəskin çıxışlar edir, tibbi göstərişlərə görə abortlara icazə verilməsini tələb edirdim. Bütün həkimlər qanunda bu müddəanı gözləyirdilər, çünki bu ya uşağın doğuşdan dərhal sonra ölümünə, ya da dərin əlilliyin inkişafına gətirib çıxaran dölün inkişaf qüsurları ilə bağlıdır. Bundan əlavə, ananın da həyatı təhlükə altınqa ola bilər. Başqa ölkələrin təcrübəsi göstərir ki, abortların tam qadağa edilməsi mənfi nəticələrə gətirib çıxara bilər. Birinci il fəsadları göstərəcək’, – həkim-ginekoloq İlona Aqrba-Kobaxiya deyir.
Bu fikri qanunun təsdiq edilməsi prosesi boyu ananın sağlamlığı təhlükə altında olan zaman abortların zərurətini önə gətirən Abxaziya Səhiyyə Nazirliyi də dəstəkləyir.
2. Uşaqlara görə pul vermək xeyli daha səmərəlidir
‘Mən iki uşaq anasıyam, yoldaşımla üçüncü uşaq da istəyirik, amma hələ ki, bu mümkün deyil, çünki dövlət kömək etmir. Çox uşaqlı ailələrin yardıma, evə ehtiyacları var, bu qanunu qəbul edənə qədər hələ çox işlər görmək lazımıydı. Mən bu qanunu orta əsrlərdən qalma hesab edirəm’, – Suxum sakini Kristina Bazba bildirir.
Bu fikri Abxaziya prezidentinin parlamentdəki nümayəndəsi Dmitri Şamba da dəstəkləyir. O deyir ki, ancaq qadağa ilə qarşıya qoyulmuş məqsədə – doğuş səviyyəsinin yüksəldilməsinə nail olmaq mümkün deyil. ‘Buna kompleks yanaşmaq, eyni vaxtda bir neçə sosial və iqtisadi problemi həll etmək lazımdır’, – Şamda deyir.
3. Qadağanın mənasız olması
Qadağa faktının özü heç nəyi həll etmir. Abort etmək qərarını verən qadınlar bu əməliyyatın leqal olduğu qonşu Rusiyada asanlıqla həmin məhdudiyyətləri dəf edəcəklər. ‘Abort etmək istəyən Rusiyaya üz tuta bilər’, – parlamentin sosial siyasət komissiyasının başçısı Appolon Qurquliya deyir.
Həkim-ginekoloq İlona Aqrba-Kobaxiya həm də deyir ki, abortu ev şəraitində etməyin çoxlu sayda üsulu var. ‘Texniki cəhətdən bu çox asandır, bu üç gün və beş ədəd həb məsələsidir və ağırlaşma riski var. Lazım olan həblər isə açıq satışdadır. Bu günkü abxaz reallığında abortun ən yaxşı profilaktikası adekvat və düzgün seçilmiş kontrasepsiyadır’.
Aslan Aqrba, iki uşaq atası: ‘Abort etmək istəyən bunu etməyin müxtəlif üsullarını tapacaq. Məsələ abortların edilməsinə icazə verilib-verilməməsində deyil. Əgər cütlük uşağı dünyaya gətirməmək qərarını veribsə, heç bir qanun onları bu fikirdən daşındıra bilməz’.
4. Başqa təcrübə
Ötən il Rusiya hökuməti tibbi göstəriş olmadan edilən abortlara görə cinayət məsuliyyətinin tətbiq edilməsini təklif edən qanun layihəsini dəstəkləmədi. Rusiyada abortların sayı isə ildə 5-8 milyona çatır.
2013-cü ildə Gürcüstanda da ağır demoqrafik vəziyyətlə bağlı parlamentə abortların qadağa olunması təklifi təqdim edildi. Amma bu cəmiyyətdə böyük fikir ayrılığına səbəb oldu və təklif rədd edildi. Bu gün Gürcüstanda abortu hamiləliyin 12-ci həftəsinə qədər olan dövründə etmək mümkündür.
JAMnews un dosyesi
• Abxaziyada doğuşların sayı ildə orta hesabla 2,050-ə qədərdir.
• Abxaziyada abortların sayı ildə orta hesabla 800-dən çoxdur.
• Orta hesabla təxminən hər 2,5 doğuşa bir abort düşür.
• Dünyada orta hesabla 21 faiz hamiləlik süni şəkildə dayandırılır. Onlardan 25 faizində abortlar ananın həyatının təhlükə altında olması, 12 faizində dölün inkişaf anomaliyaları səbəbindən edilir.
• Abortları tam qadağan edən düzəlişin qəbul edilməsindən sonra Abxaziya aşağıda ölkələrə qoşulur: Anqola, Əfqanıstan, Banqladeş, Venesuela, Qvatemala, Honduras, Misir, İndoneziya, İraq, İran, İrlandiya, Yəmən, Kolumbiya, Livan, Liviya, Mavritaniya, Mali, Nepal, Nikaraqua, BƏƏ, Oman, Paraqvay, Papua Yeni Qvineya, Salvador, Suriya, Çili və Filippinlərə.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər