“Bütün bunlara görə şəxsən mən məsuliyyət daşıyıram” – Ermənistanın baş naziri Qarabağdakı vəziyyət haqda
“Əgər uğğursuzluqlar olubsa, deməli, mən hardasa səhv eləmişəm, amma anlamaq lazımdır ki, nə zaman və nədə, xüsusən də yaranmış vəziyyətdə”, – baş nazir Facebook-da yaydığı vətəndaşlara video-müraciətində deyib.
Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı öz səhvlərini təhlil etməyə çalışıb – vəzifəyə gəldiyi andan noyabrın 10-da münaqişə zonasında atəşkəs haqda bəyanatı imzalayana qədər.
Baş nazirin cavablamaq istədiyi əsas sual bu olub: müharibənin qarşısının alınması üçün nəyi düz eləməyib?
O izah edib ki, 2018-ci ildə baş nazir olduğu və Qarabağ münaqişəsinin nizamlanması üzrə vəziyyətlə tanış olduğu zaman xalqı xəbərdar etmədiyi bir məsələni aydınlaşdırıb. Söhbət ondan gedir ki, Ermənistan tərəfindən Qarabağ ətrafındakı 5 rayondan imtina gözlənilirdi – DQ-nin statusunun dəqiqləşdirilməməsi və onun müəyyən edilməsinin konkret mexanizmlərinin olmaması şəraitində. Əks halda müharibə.
Paşinyan izah edib ki, o, bu haqda xalqla heç vaxt danışmayıb, nə 2020-ci il sentyabrın əvvəlində, artıq müharibənin hər an başlaya biləcəyi aydın göründüyü zaman, nə də müharibənin ilk mərhələsində. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində çox az adam həmin mərhələdə təklif olunan şərtlərə razı olardı, hətta indi böyük uğursuzluqlardan sonra insanlar bunu yenə də qəbul edə bilmirlərsə.
Bundan başqa, o özü də danışıqların bu məntiqini dəyişməyin yollarını axtarıb, Qarabağ sakinlərinin hüquqlarının qorunması üçün mübarizə aparmağa çalışıb və bunun üçün maksimum səy göstərib. Müharibənin ilk mərhələsində isə gedişatı dəyişmək cəhdləri olub. amma faktiki olaraq heç nəyə nail olmaq mümkün olmayıb.
Danışıqlar prosesinin gedişatını da dəyişmək alınmayıb, çünki Paşinyanın bildirdiyinə görə, bu, heç bir başqa yozumu olmayan yeganə tezis idi.
Paşinyan cəmiyyət arasında dolaşan nizamlama prinsiplərinin “hansısa xarici siyasət incəlikləri” ilə əlaqəli olması haqda mifə də toxunub. Böyük ehtimalla o, sələflərindən fərqli olaraq Rusiya ilə o qədər də yaxşı münasibətlər qurmamasına eyham vurub. Müxalifət də onu bu gün məhz bunda ittiham edir.
Amma onun sözlərinə görə, Qarabağ probleminin həllinə yanaşma 2015-ci ildə də, 2016-cı ildə də eyni olub. Bununla yanaşı Paşinyan Ermənistanın bütün bu müddət ərzində beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsinə ərazi mübahisəsi kimi yanaşmasını dəyişə bilmədiyinə təəssüflənib.
Yekunda Paşinyan Qarabağ ətrafındakı rayonların təhvil verilməsi və hərbi əməliyyatların dayandırılması haqda qərarın nə zaman qəbul edildiyini izah edib. Bu məqam artıq vəziyyəti dəyişmək imkanının olmadığı və ən pis ssenaridən yayınmaq vəzifəsi yarandığı aşkar göründüyü zaman yetişib.
“İndi demək olar ki, əgər biz bir il əvvəl bu şərtlərə razı olsaydıq, indikindən daha yaxşı vəziyyətdə olardıq. Amma bir il əvvəl buna kim inanardı? Çoz az adam. Mən özüm də inanmazdım. Və belə alınardı ki, biz mübarizəsiz nəyisə verdik və heç mübarizə aparmağa belə cəhd göstərmədik”.
Keçilmiş yola boylanaraq baş nazir etiraf edib ki, məhz bu müstəvidə öz səhvlərini görür və məsuliyyətini daşımağa hazırdır. Amma bununla yanaşı dərk edir ki, alternativ qərarlar Ermənistan tərəfi üçün məqbul deyildi.
O, həmçinin qəbul edir ki, işlədiyi müddətdə ordunun problemlərinə ciddi diqqət yetirsə də, hökumət ordunun inkişafına istədiyi qədər vəsait sərf edə bilməyib.
“İndi Ermənistanın və Qarabağın gücləndirilməsinə diqqəti cəmləmək lazımdır – intellektual, iqtisadi planda, bizim yıxıldığımızı, diz çökmədiyimizi dərk edərək, biz kişi kimi sonuna qədər dayandıq və [uçurumun] ən kənarında dibə düşməmək qərarı verdik. Bu, ağrılı, amma vacib və qaçılmaz qərar idi, çünki əks halda vəziyyət daha pis ola bilərdi”.