Satılmış uşaqlıq
Tbilisi metrosunun vaqonlarında dilənən uşaqlar çoxdur. Amma bu balaca oğlanı heç cür unuda bilmirdim, o kiçik ikonalar paylayırdı. Ona ən çoxu doqquz yaş vermək olar, amma onun necə siqaret çəkdiyini görəndə çox yaşlı olduğunu düşünürsən.
– Nə oldu, daha ikona satmırsan? – qarşısındakı nəzir yığdığı boş stəkanı göstərərək, soruşuram.
– Yox artıq mahnı oxuyuram, – oğlan gülümsəyərək deyir, – oxumağıma görə daha çox pul verirlər. Səhərdən artıq 35 lari qazanmışam!
Qatar yaxınlaşır, qapılar açılır. Uşaq vaqona daxil olur və mahnı oxumağa başlayır.
Bir dəqiqə sonra, mənim yanıma daha bir dilənçi qadın əyləşir. Plastik stəkanın içindəki xırdanı ovcuna töküb, saymağa başlayır. Dizinin üstündə əyləşən uşaq ovuca tökülən pullara əl atmağa cəhd edir.
– Neçə yaşı var? – pulları sayıb qurtarandan sonra ondan xəbər alıram, qatar hələ gəlməyib. Qadın rahatca, ətraflı və səmimiyyətlə cavab verir: bir yaş dörd aylıqdır, ən balacasıdır. Evdə hələ üçü gözləyir, böyüyün beş, ortancılın üç, kiçiyin iki yaşı var.
Qadın dövlətdən yardım alır, amma onun sözlərinə görə, məbləğ cüzi olduğuna görə, o dilənməyə məcburdur. Mən bu “işin çox maraqlı detallarını öyrənirəm: iş rejimi normalaşdırılmış deyil – səhər saat 8-dən az qala gecə yarısına qədər. Dayə tutmaq məcburiyyətində qalır, bu da günə 10 lariyə başa gəlir. Bu gündəlik xərcin təxminən üçdə biri edir. Tək çıxanda, daha az pul qazanır. Ona görə uşağı olmayanlar çox vaxt uşaqları “icarəyə götürürlər, bu isə günə 15-20 lari edir.
Dilənçilik Gürcüstanda 90-cı illərdə ortaya çıxdı. Vaxt keçdikcə dilənçilərin yaşı azalmağa başladı – indi də dilənənlərin əksəriyyəti uşaqlardır.
Dövlət ilk dəfə 20 il sonra, dilənçilik artıq kütləvi şəkil alanda problemin miqyasını anladı. Küçədə yaşayan və işləyən uşaqlara kömək üçün ilk ciddi proqram 2009-cu ildə start götürdü. Bu proqram sayəsində Tbilisidə sosial işçilərdən, psixoloqlardan, inzibati işçilərdən və pedaqoqlardan ibarət mobil qruplar yaradıldı – onlar uşaqlarla görüşür, onlarla əlaqə yaradır, etibarını qazanmağa çalışır və Tbilisidə proqram çərçivəsində yaradılmış gündüz mərkəzlərinə gətirməyə çalışırdılar. Gündüz mərkəzi elə bir yerdir ki, orda küçə uşağı yemək yeyə, yata və duş qəbul edə bilər.
Amma bu sistemi kökündən dağıdan bir zəif bənd var, rəsmi qeydiyyatdan keçməmiş uşaqlar gündüz mərkəzlərinin xidmətlərindən faydalana bilməzlər. Çox vaxt isə qeydiyyatdan keçmək mümkün olmur, çünki çoxlarının sənədləri yoxdur. Qanuna görə, yetkinlik yaşına çatmayan uşaqların qeydiyyata alınması üçün uşağın ya valideynləri, ya da qanuni qəyyumları Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət etməlidir. Sosial işçilər ailələrlə əlaqə yaratmaq, onlara doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi almağa kömək etmək məcburiyyətində qalırlar. Bu işlər çox vaxt aparır və heç də hər dəfə də alınmır. 2013-cü ildə artıq yeni proqram yarandı, amma bu proqram da sənədlərlə bağlı problemi həll etmədi.
Amma hökumət qurumları daha nikbindir. Gürcüstanın Ədliyyə Nazirliyi qanunvericiliyə müvafiq yeni dəyişikliklər paketi hazırladı. Qanun layihəsinə görə, küçədə yaşayan və işləyən uşaqlar “evsiz statusu alır və sosial xidmət işçiləri Ədliyyə Nazirliyinə hər bir uşağa sənəd almaq üçün müraciət hüququ əldə edir. Amma bu yenilik evsiz uşaqların vəziyyətini yaxşılaşdıracaqmı?
Axı uşaqlar küçəyə öz xoşuyla deyil, valideynlərin, qohumların, tanışların təzyiqi və ya təhrikiylə çıxırlar. Hüquq müdafiəçiləri bu qanun layihəsinin problemi aradan qaldırmayacağını düşünür. Bu problemə sosial-iqtisadi nöqteyi-nəzərdən deyil, törədilmiş cinayət kimi hüquqi nöqteyi-nəzərdən baxmaq lazımdır.
“Parlamentin müzakirə etdiyi dəyişikliklər əsas problemi həll etmir – “İnsan hüquqları uğrunda əməkdaşlıq qeyri-hökumət təşkilatının rəhbəri Anna Abaşidze hesab edir, – Tutaq ki, mən ailədə zorakılıq qurbanıyam. Hökumət məni sığınacağa gətirir, yedizdirəcəyinə, içizdirəcəyinə söz verir, amma zorakılığı törədənə qarşı heç bir tədbir görmür. Öz uşaqlarını dilənmək üçün küçəyə atan zalım valideynlərə qarşı hökumətin bu cür romantik münasibətinin səbəbini anlaya bilmirəm. Bu, adam öldürməyə bərabərdir.
Anna Abaşidze hesab edir ki, iki ili sənədlərlə bağlı məsələnin tənzimlənməsinə xərcləmək əvəzinə, hökumət hüquq-mühafizə orqanlarını uşaqlara qarşı cinayətlərlə yaxından məşğul olmağa səfərbər etməli idi.
“Bir necə müvəffəqiyyətlə açılmış cinayət işi vəziyyətin yaxşıya doğru dəyişməsinə xidmət edər, mən buna əminəm, – deyə o bildirib.
Ailənin həqiqətən ehtiyac içində olduğunu və məhz bu səbəbdən də ananın uşaqla küçəyə çıxıb, nəzir istəməyə məcbur olduğunu, yoxsa uşağa qarşı zorakılıq işləndiyini və ya onun küçədə işləməyə məcbur edildiyini sosial işçi müəyyən edir. Qanunvericiliyə qəbul edilən dəyişikliklərdən sonra sosial işçi zorakılıq hadisəsi baş verdikdə, uşağın təcili olaraq təcavüzkarın əlindən alınması ilə bağlı qərar qəbul edə biləcək. Bu halda təcavüzkar uşağa qarşı təzyiq göstərən istənilən şəxs ola bilər.
Bununla belə, hüquq müdafiəçilərində belə bir sual yaranır, onsuz da işi çox olan sosial işçiyə, bir çox hallarda uşaqlarla spekulyasiyanın göz qabağında olduğu bir halda ona əlavə funksiya yükləmək nəyə lazımdır? Nə üçün hüquq-mühafizə orqanları heç bir iş görmür? Və nə üçün bütün vicdan qanunlarına görə ən ciddi cəzaya layiq insanlar valideyn hüququndan məhrum edilmir? Bu suallara hələ də cavab yoxdur, çünki hakimiyyət hələ də köməyə ən çox ehtiyacı olanlar üçün effektiv sistem qura bilmək üçün iradə ortaya qoymur.
Dərc olunub: 21.03.2016