Balıq çoxdur, su az
Dolu vedrələrlə səhər gimnastikası
Araksiya Oqanesyan gündə azı beş dəfə evə lazım olan qədər su gətirmək üçün kəndin mərkəzinə gedir. Deyir ki, vedrələrin ağırlığından artıq qolları ağrıyır, amma başqa çıxış yolu da yoxdur: krandan su artıq üç ildir ki gəlmir. Qay icması sakinlərinin əksəriyyəti bu şəraitdə yaşayır. Kəndin kənarında yaşayanlar bulağa qədər bir kilometrə yaxın, geriyə də bir o qədər yol qət edirlər, amma bu dəfə ağır vedrələrlə.
Su ilə zəngin olan Qay kəndində içməli su kasaddır
Hələ qədim dövrlərdən Qay icmasına içməli su artezian quyularından öz axarı ilə gəlirdi. Kənd Ararat vadisinin ovalığında yerləşir və bu da içməli suyu cəmi 100-150 metr dərinliyində quyu qazmaqla və nasosdan istifadə etmədən çıxarmağa imkan verir.
Son on ildə sakinlər krandan gələn suyun təzyiqinin azaldığını müşahidə etməyə başlayıblar. Nəhayət, təzyiq kritik nöqtəyə qədər düşüb və krandan gələn su kəsilib. Yeganə içməli su mənbəyi kimi ancaq kəndin düz mərkəzindəki həmin bu quyu qalıb.
İçməli su ilə bağlı problemlər haqqında sakinlər kəndin başçısı ilə birlikdə ən müxtəlif instansiyalara xəbər veriblər. Heç bir köməyin gəlmədiyini görəndən sonra isə məsələni özləri həll etmək qərarına gəldilər. Kəndin büdcəsi məhdud olduğu üçün, bir neçə ailə öz hesabına yeni artezian quyusu qazmağı düşünürlər.
Su artıq öz axarı ilə gəlmədiyi üçün nasos quraşdırmaq lazım olub. Bu zaman içməli su ilə bağlı problem qismən də olsa həll olunub. Amma yeraltı suların səviyyəsi azalmaqda davam edib və quyular da quruyub. Armavir vilayətinin ovalıq ərazilərində yerləşən onlarla kəndin sakini eyni problemlə üzləşib.
Səbəblər
Təxminən 10 il əvvəl Ermənistan hökuməti balıqçılığı kənd təsərrüfatının prioritet sahəsi elan etdi və balıqçılıq təsərrüfatlarının fəal tikintisinə başlanıldı. Sahibkarların diqqətini Ararat vadisinin ovalıq əraziləri cəlb etdi, çünki burada balığın yetişdirilməsi üçün lazım olan su artıq xərc tələb etmədən özü yerin altından vurur. Süni şəkildə yetişdirilən balıqların əksəriyyəti üçün isə məhz axar şirin su lazımdır.
Adi riyaziyyat
Armavir vilayətində balıqçılıqla məşğul olan fermerlər əsasən alabalığı və nərə balığı yetişdirirlər. Balıqçılıq üçün hovuz və su mənbəyi lazımdır. İl boyu axar suda qidalandırılan balıq balalarını yazda hovuza buraxırlar, payızda isə nərə balığı təxminən bir kiloqram çəki alandan sonra onun satışına başlayırlar.
Balıqçılıq üçün ancaq ilkin sərmayənin olması vacibdir. Risk sıfıra bərabərdir, satışla bağlı problem yaşanmır. Məhz bu amillər bu sahəni hətta dövlət məmurları üçün cəlbedici etdi və Ararat vadisində çoxlu sayda balıqçılıq təsərrüfatı yaradıldı. Onların məhsuldarlığı və hovuzların həcmi bilavasitə fermerin əlində olan artezian quyularının sayı ilə bağlıdır.
Mütəxəssislərin sözlərinə görə, bir saniyə ərzində quyudan çıxarıla bilən suyun həcmi 60-100 litrdən çox deyil, suyun fəvvarə kimi vurduğu artezian quyusundan isə bir saniyə ərzində 250-600 litr su çıxır.
Bir neçə il ərzində quyuların sayı o dərəcədə artıb ki, bir il ərzində balıqçılıq üçün qanuni şəkildə istifadə olunan artezian quyularından, yerin altından 300-400 milyon kub metr içməli su çəkilməyə başlayıb. Bu da təbii ki, yeraltı suların səviyyəsi və təzyiqinə öz mənfi təsirini göstərib.
Sahənin inkişafı ilə bərabər problem də böyüyür
Balıqçılıq ilk növbədə yaylaların kənd təsərrüfatına mənfi təsir göstərdi, çünki burada suvarma üçün su nasoslar vasitəsilə 80-100 metr dərinliyində olan quyulardan çıxarılır.
Nasos stansiyalarının məhsuldarlığı yavaş-yavaş azalırdı, bəzi quyular isə ümumiyyətlə qurudu. Kənd administrasiyasının təbiətin mühafizəsi üzrə mütəxəssislərinin fikrincə, təkcə Armavir vilayətində 600 dərin quyu işləyir ki, onların da 220-si balıqçılıq təsərrüfatlarında istifadə olunur.
600 dərin quyunun hardasa 20 faizi artıq quruyub, yerdə qalanları da məhz həmin balıqçılıq təsərrüfatlarında istifadə olunan 220 quyuya görə qurumaq üzrədir.
Dövlətin müdaxiləsi: quyuların konservasiyası
2013-cü ildə hökumətin qərarı ilə balıqçılıq üçün istifadə olunan bütün lisenziyalaşmış və qeyri-qanuni dərin quyuların qeydiyyatına başlanıldı. Vilayət administrasiyasına həm lisenziyalaşmış, həm də qeyri-qanuni istismar olunan quyuların inventarlaşmasının aparılması tapşırığı verildi. Armavir qubernatoru Aşot Kaqramanyanın sözlərinə görə, əvvəlcə olan suyun axınını dayandırmaq, sonra da onun təkrar istifadəsi üçün imkan yaratmaq lazımıydı.
İnventarlaşdırmadan sonra 2014-2015-ci illərdə artezian quyularının konservasiyası üzrə proqram realizə edildi. Konservasiyadan başqa, xüsusi qapaqların köməyiylə bəzi dərin quyuların keçirtmə qabiliyyəti məhdudlaşdırıldı.
Qay kəndinin rəhbəri Seyran Markosyanın sözlərinə görə, sakinlər həyata keçirilən bu tədbirlərin səmərəsini görmədilər, çünki əsasən artıq quruyan, onsuz da istismar olunmayan və balıqçılıq təsərrüfatına heç bir dəxili olmayan quyular bağlandı. Bunu Metsamor icmasının rəhbəri də təsdiqləyir. Balıqçılıq təsərrüfatından zərər çəkən icma rəhbərlərinin hiddətinə səbəb olan odur ki, onlar nə yeni quyuların qazılmasına mane olmaq, nə də vəziyyətə, o cümlədən də bir quyunun qazılması üçün lisenziya alan sahibkarın əslində neçəsini qazdığına nəzarət etmək səlahiyyətinə malik deyillər.
Dərin quyulara lisenziya necə verilir
Ermənistanda quyunun qazılmasına və suyun təbii ehtiyat kimi istifadə olunmasına lisenziyanı təbiətin mühafizəsi nazirliyi verir. Lisenziya bir il müddətinə verilir və hər il də uzadılır.
Sahibkarlar da narazıdır
Sahibkarlar lisenziyanın verilmə müddətindən narazıdırlar, çünki onların uzadılması zamanı nazirlik seçim edə bilir. Misal üçün, sahibkar Xaçatur Karapetyan lisenziya üzrə dörd quyu istismar edir. Lisenziya müddəti başa çatandan sonra o nazirliyə müraciət edib və ona bildirdilər ki, iki quyu bağlanmalıdır, bu da Karapetyanın sözlərinə görə, onun gələcək işini mümkünsüz edir.
Ziddiyyətli fikirlər
Qay sakini Xaçik Avdalyan artıq üç ildir ki, kənddə hovuz icarəyə götürür və balıq yetişdirir. Onun fikrincə, problem o qədər də ciddi deyil. O deyir ki, su səviyyəsinin azaldığını hələ ki, müşahidə etməyib, balıqçılıq təsərrüfatlarında istifadə olunan quyular isə içməli su azlığına gətirib çıxara bilməzdilər. Hər halda öz rayonlarında içməli su almaq üçün yeni quyu qazan 25 ailəyə qoşulmasına baxmayaraq, kənddə təzyiqin azaldığını müşahidə etməyib.
Başqa bir balıqçılıq təsərrüfatının işçisi olan Arkadi deyir ki, suyun ildən ilə necə azaldığı aydın şəkildə görünür. Və bu problem təkcə kənd sakinləri deyil, həm də balıq istehsalçılarına da aiddir. Arkadinin sözlərinə görə, onun rəhbərləri ötən ilə qədər 10 hovuz işlədiblərsə, bu il onlardan birini su azaldığına görə bağlayıblar, digərlərində isə balığın sayını azaldıblar.
Qay kəndinin beş balıqçılıq təsərrüfatına jurnalistlər heç bir şərh verilmədən ümumiyyətlə yaxın buraxılmadı.
Bu icmada yeddi sahibkar işləyir, hər təsərrüfatın ərazisində azı beş dərin quyu qazılıb. Onlar biznesmen, parlament deputatları və başqa yüksək vəzifəli şəxslərə məxsusdur.
Bu haqda məlumatı bizə kənd rəhbərinin müavini Xurşud Koçaryan verdi. Onun sözlərinə görə, artezian quyularında təzyiq azalıb və kənd sakinlərinin narazılığı anlaşılandır. O əmindir ki, balıqçılıq təsərrüfatlarındakı quyuların keçirtmə qabiliyyəti yüksək olduğuna görə, kəndi içməli su ilə təmin edən dörd dərin quyu tamamilə quruyub. Başqa fəvvarə kimi vuran su mənbələrinin istifadəsi üçün isə elektrik nasos quraşdırdılar ki, heç olmasa üç məhəlləni su ilə təmin etmək mümkün olsun.
Balıqçılıq Ermənistanda nə dərəcədə effektivdir
Ekspertlərin fikrincə, Ermənistanda yetişdirilən balığın qiyməti istifadə olunan suyun dəyərindən onlarla dəfə aşağıdır.
Misal üçün, Armavir vilayətində hər il 2000 ton balıq yetişdirilir, bunun üçün də 400 milyon kub metr içməli su istifadə edilir. Bazar qiymətlərinə görə, 1 kilo balığın qiyməti 2000 dramdır. 2000 ton balığın satışından əldə olunan gəlir 4 milyard dram təşkil edir. Bir kub metr içməli suya görə vətəndaşlar 200 dram ödəyir. Bu halda 400 milyon kub metrin qiyməti 80 milyard dram təşkil edir ki, bu da balığın qiymətindən 20 dəfə bahadır.
Qay sakinləri hesab edir ki, bu fakt hökumətin diqqətini cəlb etməlidir.
İndi isə hələ ki, Araksiya qonşularını razı salmağa çalışır ki, birləşib, digər həmkəndliləri kimi öz hesablarına dərin quyu qazsınlar. Bu halda onlar kəndin mərkəzinə ancaq içməli su dalınca getməli olacaqlar.
7 mart, 2016-cı ildə dərc edilib