Hər şey nə vaxtsa birinci dəfə olur
Madlen Şamlyanın 49 yaşı var. O ixtisasca pediatrdır. İyulda əri və iki oğlu ilə birlikdə Aleppodan Ermənistana gəldi. Deyir ki, heç düşünə də bilməzdi ki, nə vaxtsa Yeni ili Yerevanda qeyd edəcək. Uzun illər boyu o, Yeni ili Suriyadan kənarda qeyd etməyi arzulayıb. Gülə-gülə deyir ki, bu il belə də alındı.
Suriyadakı müharibə nəticəsində Madlenlə əri evlərini və erməni məhəlləsi olan Aleppodakı uşaq klinikasını itirdilər. Ermənistana nikbin ruhla gəlib, baxmayaraq ki, vətənə qayıtmazdan əvvəl onları xəbərdar edirdilər ki, ev kirayələmək bahadır, iş tapmaq çətin, maaş isə çox azdır.
Gəlib, əmin oldular ki, Ermənistanda yaşamaq asan deyil.
Hər ikisi tibb işçisi olan Madlen və həyat yoldaşı Səhiyyə Nazirliyindən iş istədilər. Onlara regionlarda işləməyi təklif etdilər, çünki paytaxtda iş yoxdur. Həm də əmin etməyə çalışdılar ki, Yerevandan kənarda mənzil kirayələmək daha ucuz olacaq, elə maaş da ailə xərclərini ödəməyə bəs edəcək. Onlar razılıq verdilər, amma nazirlikdən hələ ki bir xəbər yoxdur.
Ər-arvad özləri özlərinə iş axtarmağa başladılar və Yerevanda, “Müqəddəs ana tibb mərkəzində tapdılar. Madlen deyir ki, ən çox mənzilə görə narahatdır: “Kirayə pulu böyük çətinliklə qazanılır, amma çox asan xərclənir.
Bundan başqa, Madlen böyük oğlunun məktəbdəki problemlərindən narahatdır. Aram 12-ci buraxılış sinfində oxuyur. Anası deyir ki, o özünü yad hiss edir və uyğunlaşa bilmir, məktəbə getmək istəmir. Yaxşı ki, kiçik oğlu Ayk artıq yeni həyata alışıb, sinif yoldaşları ilə dostlaşıb. Uşaqlar üçün də bu, Suriyadan kənarda yaşadıqları birinci Yeni ildir.
Aleppoda ailə Yeni ili ərinin beş qardaşından biri ilə qeyd edirdi. Hər dəfə hansısa birinin evində. Yeni il mərasimi beləydi: axşam süfrə açılırdı, gecə saat 12-də Şaxta Baba gəlib, hədiyyələri paylayırdı, işığı söndürüb, “Otçe naş duasını oxuyurdular, şamları yandırıb, bir-birini təbrik edir və şənlənməyə başlayırdılar.
Burada onlar balaca, amma gözəl yolka aldılar, kirayə evi zınqırov və çələnglərlə bəzədilər: “Biz əhvalımız yaxşı olsun deyə, mənzilə bayram görünüşü verməyə çalışdıq. Bizdə belə bir deyim var ki, Yeni ili yaşıl ağacla qarşılamaq xeyirliyədir. Deyirlər ki, bu, uğur gətirir. Biz bu uğura inamla yolkanı bəzədik.
Bayram qabağı onlar yerli sakinlərdən Yeni il adətlərini xəbər aldılar və eşidəndə ki, həftə boyu süfrələr açıq, hazır vəziyyətdə olmalıdır çox təəccübləndilər: insanlar bu həftə ərzində bir-birinin evinə qonaq gedir, özləri ilə çaxır və şokolad qutuları – bonbonyerkalar gətirirlər. Gülə-gülə deyirlər ki, qonaq getməli olsaq, artıq özümüzlə nə götürəcəyimizi bilirik.
“Bütün bu uzun ildən sonra ilk dəfə Yeni ili Suriyadan kənarda qeyd etməyim mənim üçün böyük əhəmiyyət kəsb edir. Sadəcə hansısa ölkədə deyil, öz vətənimdə qeyd etmişəm. Aleppoda biz uşaqlara deyirdik ki, Şaxta Baba xizəklə Ararat dağından, qarlı yamaclardan enir. İndi isə biz Araratın yanındayıq, biz onu görürük, – Madlen deyir.
O, Tanrıdan Ermənistan və Suriya üçün sülh istəyir, deyir ki, müharibəni görən adam başqa heç nə arzulaya bilməz. Ümid edir ki, 2016-cı il xeyirli olacaq, Yerevanda vəziyyət yaxşılaşacaq və repatriantlar yenidən köçməli, özlərinə təzə sığınacaq axtarmalı olmayacaqlar.
“Biz başqa ölkəyə köçmək barədə düşünmürük də. Biz Suriyadan burada qalmaq niyyətiylə gəlmişik. Ölkəmdə hər şey düzəlsə, Suriyaya da qayıda bilərəm. Amma biz bəziləri kimi, Ermənistandan Kanadaya, İsveçə, Almaniyaya köçmək istəmirik, – Madlen deyir.