Qarabağ münaqişəsinin həllinə kim kömək edəcək – Vaşinqton, yoxsa Moskva?
Oktyabrın 23-də ABŞ dövlət katibi Mayk Pompeo ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb.
Amma bir çox yerli və beynəlxalq ekspertlərin fikrincə, (mətnin ardında oxuyun) bu müzakirələrin hər hansı praktiki nəticələr verəcəyi və Qarabağ münaqişə zonasında Azərbaycan və Ermənistan orduları arasında hərbi əməliyyatların dayandırılmasına kömək edəcəyi ehtimalı azdır.
Qarabağ münaqişəsi zonasında sentyabrın 27-dən davam edən döyüşlər nəticəsində rəsmi məlumata əsasən, Ermənistan tərəfindən 927 nəfər hərbçi həlak olub. Azərbaycan itkilərlə bağlı rəqəmləri açıqlamır. Rusiya prezidenti oktyabrın 22-də ilk dəfə bu münaqişədə itkilərlə bağlı öz məlumatını açıqlayıb – hər iki tərəfdən ümumilikdə beş min nəfərə yaxın.
Bütün son günlərdə, o cümlədən bilavasitə bu görüş ərəfəsində tərəflər arasında artilleriya, raket və dronlardan istifadə etməklə genişmiqyaslı döyüşlər davam edib, Bakı və Yerevanın liderləri isə mövqelərini getdikcə sərtləşdirirlər.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı sülh nizamlaması perspektivlərinin çox “cüzi” olduğunu bildirib. Bundan bir gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, hazırkı mərhələdə münaqişənin diplomatik həllini görmür.
Vaşinqtonda görüşdən əvvəl Rusiya prezidenti Vladimir Putin məsələ ilə bağlı ictimaiyyət qarşısında çıxış edib, həmçinin münaqişənin həlli üçün Birləşmiş Ştatların Moskva ilə əməkdaşlıq edəcəyinə ümidini ifadə edib.
“Valday” diskussiya klubunun iclasındakı çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ müharibəsi ilə bağlı fikirlərini ifadə edib
Moskva sentyabrın 27-də qarşıdurma başlayandan bəri artıq iki dəfə tərəfləri atəşkəs razılaşmasında uzlaşdıra bilib – oktyabrın 10-da və 18-də. Amma hər dəfə atəşkəs imzalanandan dərhal sonra pozulub və tərəflər bunda bir-birini ittiham ediblər.
• Qarabağ, döyüşlər və danışıqlar. Xəbərlər, reportajlar, video/foto. Yenilənir
• Müharibə səngərdən necə görünür? Dağlıq Qarabağdan video
• Azərbaycanın Gəncə şəhərinə ikinci raket zərbəsi, onlarla ölü və yaralı. Video
Bakı və Yerevandan şərhlər
Ermənistan
Akop Badalyan, “Lragir” nəşrinin siyasi şərhçisi
“Putin öz çıxışında (22 oktyabr) Rusiyanın Ərdoğanın (Türkiyə prezidenti) təcavüzkar iddialarının qarşısını ala bilmədiyini və onunla kompromisə getməli olduğunu faktiki etiraf edib.
Bu kontekstdə Putinin ABŞ-ın nizamlamaya köməyinə ümid etdiyi haqda sözləri diqqətə layiqdir.
Bəlkə də bu, onun münaqişə ilə bağlı söylədiyi ən vacib məqamdır.
Putinin Ərdoğanın müstəqil siyasət aparması ilə bağlı sözləri iltifat kimi və eyni zamanda Ərdoğanın “əl-qolunun” açıldığına – o cümlədən də Rusiyaya qarşı əməlləri sarıdan – eyham kimi səslənib.
Amma son illərdə Putin Qərbə münasibətdə özünü “zəncirdən qırılmış kimi” apardığı halda ABŞ indi Ərdoğanın ipini niyə yığmalıdır?
Əgər Putin ABŞ-dan kömək gözləyirsə, Rusiya bunun üçün nə etməyə hazırdır? Axı Vaşinqtonun da öz gözləntiləri olacaq. Və bu, geniş mənada gözlənti ola bilər – Rusiyanın güc mövqeyində danışmaqdan əl çəkməsi kimi. Putin buna gedəcəkmi?”
Azərbaycan
Tofiq Zülfüqarov, Azərbaycanın keçmiş xarici işlər naziri
“[Putinin çıxışı] Rusiyanın mövqeyinin neytral – müəyyən qədər erməniyönlü təbliğat çalarlı olduğu mənasını verir. Bu cür mövqenin səbəbi nədir? Mən üç əsas amili qeyd edərdim.
1. Rusiyanın Ermənistanla strateji tərəfdaşlıqla bağlı marağının itməsi – real problemlər hədsiz çox, siyasi dividentlər isə azdır.
2. Yalnız Paşinyanın yox, bütünlükdə Ermənistan istimaiyyətinin orientasiyasının “Rusiyayönlüdən” “Qərbyönlüyə”, dəyişməsi, yəni yeni sivilizasiya seçimi.
3. Cənubi Qafqazda ABŞ-ın dəstəklədiyi Türkiyənin hərbi-siyasi mövqeyinin sürətlə və qəti fəallaşması.
Və ən əsası Azərbaycan prezidentinin və xalqının dövlətin ərazi bütövlüyünü bərpa etməyə hazır olaması ilə bağlı yeni, açıq, nümayişkaranə mövqeyi.
Bax bu yeni status-kvodur və onun təsiri altında yeni təmas xətti formalaşacaq”.