Əliyevlə Paşinyanın ehtimal olunan görüşü və oktyabrın 19-da Qarabağda müharibə zonası üzrə digər olaylar
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev oktyabrın 19-u axşam bəyan ediblər ki, Moskvada danışıqlar üçün görüşməyə hazırdırlar.
Bu, Rusiyanın TACC agentliyinə paralel müsahibələr zamanı deyilib.
İlham Əliyev:
“Biz qarşıdurmaya son qoymaq və münaqişənin həll yollarını tapmaq üçün həm Moskvada, həm də digər istənilən yerdə görüşməyə hazırıq.
Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, həmçinin hüquqi cəhətdən bizə mənsub olan əraziləri istəyirik”, – Əliyev deyib.
2020-ci il oktyabrın 19-da artıq 23 gündür ki, Azərbaycan və Ermənistan silahlı qüvvələri Qarabağ ərazisində və Azərbaycanın ona birləşən rayonlarında hərbi əməliyyatları davam etdirir. Bu rayonlar 1990-cı illərdə baş vermiş müharibədən sonra erməni qoşunlarının nəzarəti altındadır. Bu müddət ərzində – oktyabrın 10-u və 18-də iki dəfə atəşkəs elan edilib, hər iki dəfə dərhal pozulub, tərəflər buna görə bir-birini günahlandırır.
Oktyabrın 19-u sutka ərzində nə baş verib – bütün tərəflərdən olayların icmalı.
Nikol Paşinyan:
“Münaqişə müstəsna olaraq dinc yolla çözülməlidir. Və mən bu cür nəticəyə nail olmaq, o cümlədən getmək, görüşmək, danışmaq üçün bütün zəruri səyləri göstərməyə hazıram”, – Nikol Paşinyan deyib.
Bununla yanaşı, baş nazir yenidən qeyd edib ki, erməni tərəfi üçün Dağlıq Qarabağın statusu məsələsi birinci dərəcəli əhəmiyyət kəsb edir:
“ Bu, Ermənistanın bütün dövrlər üçün rəsmi mövqeyidir: Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququ bizim üçün strateji mühüm rol oynayır”.
2020-ci il oktyabrın 19-da artıq 23 gündür ki, Azərbaycan və Ermənistan silahlı qüvvələri Qarabağ ərazisində və Azərbaycanın ona birləşən rayonlarında hərbi əməliyyatları davam etdirir. Bu rayonlar 1990-cı illərdə baş vermiş müharibədən sonra erməni qoşunlarının nəzarəti altındadır. Bu müddət ərzində – oktyabrın 10-u və 18-də iki dəfə atəşkəs elan edilib, hər iki dəfə dərhal pozulub, tərəflər buna görə bir-birini günahlandırır.
Oktyabrın 19-u sutka ərzində nə baş verib – bütün tərəflərdən olayların icmalı.
• Qarabağ və “ərazi qarşılığında sülh” – yeddi rayon haqqında Bakıdan mühakimə
• Qarabağda niyə müharibə gedir və ondan qaçmaq olardımı – Ermənistan baş nazirinin cavabları
• Türkiyə danışıqlar masasının arxasında olsun, ya olmasın. Şərhlər
Bakıdan məlumat
Azərbaycanın Müdafiə Nazirliyinin döyüş yerləri barədə məlumatları:
• Gecə hərbi əməliyyatlar Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, həmçinin Araz çayı boyu davam edib.
•Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarını atəşə tutub.
• “Düşmən atıcı silahlardan, minaatanlardan və toplardan istifadə edir, Azərbaycan qoşunları cəbhə boyu operativ vəziyyətə nəzarət edir”.
• ”İşğal olunmuş Kəlbəcər rayonu tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri 82 və 120 mm minaatanlardan və iriçaplı silahlardan Göygöl rayonunda Azərbaycan ordusunun mövqelərini atəşə tutur”.
• Ermənistanla sərhəddə yeni kəskinləşmə. Ermənistanın Berd və Vardenis rayonlarının ərazilərindən iriçaplı silahlarla Azərbaycan ordusunun Tovuz və Daşkəsən rayonlarında mövqelərini atəşə tutublar.
Daha 13 kənd nəzarətə götürülüb
Azərbaycan prezidenti İlham Əliyev öz Tvitter-ində Cəbrayıl rayonunun Azərbaycan hərbiçilərinin nəzarətinə keçən daha 13 kəndini sadalayıb: Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı.
Bakı-Novorossiysk neft kəmərinə təhlükə
Azərbaycanın Baş prokurorluğu xəbər verib ki, raketlər Bakı-Novorossiysk strateji neft kəmərindən 250 metr məsafəyə düşüb.
Tərtər şəhərinə raket zərbəsindən sonra yanğın
Günün ikinci yarısında Ermənistan ərazisindən erməni silahlı qüvvələrinin raket zərbəsi nəticəsindəTərtərdə pambıq emalı zavodunda yanğın baş verib. Bu məlumat dərc edilərkən yanğını söndürmək mümkün olmayıb, zərərçəkənlər haqqında məlumat yoxdur.
Dinc əhali arasında itkilər
Azərbaycanda dinc əhali arasında itikilər haqqında məlumatlar yenilənib. Ölkənin Baş prokurorluğunun məlumatlarına görə, sentyabrın 27-dən oktyabrın 19-dək erməni silahlı qüvvələrinin atəşi nəticəsində 61 dinc sakin ölüb, 282 adam yaralanıb.
Yerevan və Stepanakertdən məlumat
Döyüşlər haqda xəbərlər
Oktyabrın 19-u səhər Dağlıq Qarabağın Müdafiə Nazirliyinin bu xəbəri ilə başlayıb: “Humanitar məqsədlə atəşin dayandırılması haqda razılaşmaya rəğmən, düşmən qüvvələr şimal və cənub istiqamətlərində atəşi bərpa edib”.
Ermənistan Müdafiə Nazirliyi cənub istiqamətində ağır döyüşlər haqda məlumatı təsdiqləyib və xəbər verib ki, “erməni bölmələri düşməni yorur”.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Baş prokurorluğunun erməni silahlı qüvvələrinin Bakı-Novorossiysk neft kəmərinə zərbə cəhdi barədə xəbərini “yalan” adlandırıb.
Sosial şəbəkələrdə öldürülmüş erməni əsirinin fotosunun dərc edilməsi haqda xəbər
Ermənistanın insan hüquqları müdafiəçisi Arman Tatoyan Facebook-dakı səhifəsində azərbaycanlı hərbiçilərin erməni hərbi qulluqçusunun başını kəsməsi haqda məlumat dərc edib.
O xəbər verib ki, oktyabrın 16-da Azərbaycan ordusunun əsgəri erməni hərbiçisinin qardaşına zəng edib və deyib ki, sonuncusu onların əllərindədir. Onlar hərbiçinin başını kəsiblər və bu fotonu internetə qoymaq niyyətindədirlər. Bu foto bir neçə saatdan sonra sosial şəbəkədə qətlə yetirilənin səhifəsinə yerləşdirilib.
“Həlak olanın qardaşı iki dəfə telefonla azərbaycanlı hərbiçilərlə danışıb. Onlar əsiri qrup şəklində təhqir edib və alçaltmağa çalışıb. Zənglər mərhumun telefon nömrəsindən edilib. Bu qəddar və barbar, aşkar terror üsullarıdır”, – ombudsman yazır.
Sosial şəbəkələr və media son günlər əsir erməni əsgərlərinin təhqir olunması və güllələnməsi foto və videolarını dərc edir. Ermənistan bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib, Ermənistanın Avropa məhkəməsində nümayəndəsi Yegişe Kirakosyan xəbər verib.
Qadın dəstəsi formalaşdırılıb
Qarabağın müdafiəsində iştirak üçün qadın dəstəsi formalaşdırılıb, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsrun Ovannisyan xəbər verib:
“Artıq yüz adam yazılıb, xeyli ərizə var”.
Yerevanda etiraz aksiyası
Dağlıq Qarabağdan olan qadınlar övladları ilə birgə Yerevanda BMT-nin ofisinin qarşısında dinc aksiya keçirib. Onlar BMT ofisi nümayəndələrinin ön cəbhəyə yollanmasını və orada nə baş verdiyini öz gözləri ilə görmələrini tələb edib.
“Biz Azərbaycan silahlı qüvvələri və hərbi əməliyyatlara cəlb olunmuş terrorçuların insanlıqdan uzaq hərəkətlərini təsdiq edən bütün faktları təqdim etməyə hazırıq. Mən onları Hadrut və Martuniyə aparmağa hazıram. Mən və mənim övladlarım hər gün minaların partlayış səsinə oyanırıq. Dünya reaksiya verməlidir”, – aksiyanın təşkilatçısı Siranuş Sarsqyan deyib.
Aksiya iştirakçıları “Arsaxı tanıyın”, “Bəsdir susdunuz”, “Türkiyəni dayandırın” şüarları səsləndirib.
“Ankara Bakını Dağlıq Qarabağa hücum etməyə inandırıb” – Nikol Paşinyanın bəyanatı
Ermənistanın baş naziri Nikol Paşinyan Corriere della Sera nəşrinə müsahibəsində bəyan edib ki, Ankara Bakını Dağlıq Qarabağa hücum etməyə inandırıb.
“Bu münaqişə Türkiyənin müdaxiləsi olmadan başlamayıb. Hücumlarda türk qoşunları iştirak edir. Azərbaycan Suriyadan gətirilmiş cihadçı döyüşçülərdən istifadə edir”.
“Türklər erməni xalqının daha bir soyqırımını istəyirlər. Mən özümdən və beynəlxalq cəmiyyətdən soruşuram: biz bu terrorçularla hansı təşkəsə imza ata bilərik? Biz hücuma məruz qalırıq, biz məhv təhlükəsi ilə üzbəüz qalmış istənilən xalq kimi, müdafiə olunmalıyıq”.
Paşinyanın sözlərinə görə, erməni tərəfinin əlində Qarabağda muzdluların istifadə olunması haqda sübutlar var və onlar Rusiya, Fransa və başqa ölkələr tərəfindən rəsmi şəkildə tanınıb.
“Xilas naminə” Qarabağı tanımaq tələbi
Erməni tərəfi bütün bu müddət ərzində dünya ictimaiyyətinə “Qarabağı xilas naminə tanımaq” tələbi ilə müraciət edir.
Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb:
“Xilas naminə ayrılma diskriminasiya, insan haqlarının kütləvi şəkildə pozulması və ya soyqırım riski olduğu zaman xalqların öz müqəddəratını təyin etmə prinsipinin müasir ifadəsidir”.
“Xilas naminə ayrılma” prinsipi həmçinin əgər bu cür nəticə təhlükəsi varsa, ərazinin dövlət tərkibinə daxil olmasına imkan vermir.
Avropa İnsan Haqları Məhkəməsində Ermənistanın nümayəndəsi Yegişe Kirakosyan bununla bağlı söyləyib ki, “Arsaxın Azərbaycandan ayrılması çoxdan (SSRİ dağılarkən) baş verib” və xatırladıb ki, “Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb”.