Rəy: "Mşımbza" fleşmobu Gürcüstandan abxazlara ünvanlanmış rahat-lukuma oxşayır
Gürcü həmkarlarım, jurnalistlər xəbər alır: Abxaziyada gürcü fleşmobuna münasibət necə oldu? Xəbəri olmayanlar üçün deyim ki, söhbət səkkiz min insanın, tək və ya qrup şəklində əllərində “Mşıbziya (salam) sözlü lövhəni tutaraq, abxazları salamladığı videodan gedir.
Etiraf edim ki, ilk dəfə bu sualla qarşılaşanda, həmin aksiyadan xəbərsizdim. Sonra da sosial şəbəkələrdə axtarış edib, qruplardan birində bu videonu tapdım. Qəşəng tərtib olunmuş və əla montaj edilmiş şəkil hər kəsin ürəyinə toxuna bilər. Əlbəttə ki, kontekstdən xəbərin yoxdursa.
Mən indi hətta iyirimi il əvvəl baş verən gürcü-abxaz müharibəsindən də danışmıram. Deyəsən, abxazlar onu heç vaxt unutmamağa məhkumdurlar. Çünki dörd faizi (və bu da əsasən gənclər idi) amansız qətliamda məhv olan etnos üçün bu, insanın amputasiya olunmuş əl-ayağı kimidir: hansı protezin qoyulmasından asılı olmayaraq, sən yenə də özünün fiziki qüsurunu hiss edirsən və təbii ki, bunu heç vaxt unuda bilmirsən.
Mən bu gündən danışıram. Bəli, bu gün bizi Gürcüstanda öldürmürlər, heç ölümlə hədələmirlər də. Eduard Şevardnadzedən Mixail Saakaşviliyə miras qalan qəzəbli münasibəti İvanişvilinin tərəfdarları mərhəmətlə əvəzlədilər.
İndi bizim bəzi vətəndaşlarımızı Tbilisinin klinikalarında pulsuz müalicə edirlər və bu zaman heç gürcü və ya “neytral adlanan pasport almağı da tələb etmirlər (yeri gəlmişkən, Qali rayonunun meqrelləri belə bir imkandan məhrumdurlar). Bu, yəqin ki, ən səmərəli layihədir.
Təbii ki, yaxın adamın ölümcül xəstədirsə, bahalı əməliyyata isə pulun yoxdursa, kömək üçün şeytana belə müraciət edərsən.
Əgər söhbət sağlamlıqdan getmirsə belə fəndlər sadəcə işləmir. Barış naziri Paata Zakareişviliyə elə belə də çatdırın.
Misal üçün, İnqur çayının üstündən keçən gürcü-abxaz sərhəddinin düz yanında, boş sahədə böyük supermarket tikdilər. Görünür, Tbilisidə kimsə abxazların acından öləcəyini düşünmüşdü və onların haradasa alış-veriş edə bilməsi üçün təcili olaraq yer tapmaq qərarına gəlmişdilər. Amma həqiqətən də acından ölsəydilər, qorxuram ki, həmin bu qastronomik cənnətə qədər sürünüb gəlməyə gücləri çatmazdı.
Öz ölkəmdəki vəziyyətə bütün tənqidi münasibətimə rəğmən bildirirəm: Abxaziyada aclıq-filan yoxdur. Hətta xalqımız qarnı tox və bəzi fraqmentlərində deyərdim ki, kökdür. İstehsalatımız qonşu Gürcüstanda olduğu kimi, bərbad vəziyyətdədir, ərzaq dükanlarında isə o qədər mal var ki, hətta Pencab ştatını da təmin edə bilərik – fərqi yoxdur Hindistanın, ya Pakistanın.
Bu yaxınlarda bir nüfuzlu beynəlxalq təşkilatda işləyən tanışım bu bahalı tələ yeminin effektivliyini yoxlamaq istədi – əməkdaşlarına mağazanın yanında növbə çəkib, gələn müştəriləri saymaq tapşırığı verdi. Orta hesabla saatda bir müştəri gəlirdi.
Təzə süd aldığım Manuş nənənin İnqur supermarketinin müştərilərindən daha çox müştərisi olar. Layihəyə sərf olunan vəsaiti nəzərə alsaq, nəticə heç də ürək açan deyil.
Yəni sərhəddə açılan supermarket ya gürcü vergi ödəyicisinin, ya da qərbdəki donorların küləyə sovrulmuş puludur. Bunun üçüncü variantı yoxdur, çünki heç bir, hətta xüsusi müdrikliyi ilə seçilməyən biznesmenin belə ağlına bu cür “gözəl ideya gəlməzdi.
İndi də görünür, yuxarıda oturanlar supermarketlə bağlı təşəbbüsü tez-tələsik unutmaq üçün, özlərinə yeni xəyallar qurmağa başlayıblar. Guya abxazlar oturub səbirsizliklə nə vaxt Gürcüstanda Şengen zonası ölkələri ilə vizasız rejimin qüvvəyə minəcəyini gözləyirlər. Əlbəttə, anındaca yığışıb Tbilisiyə gəlmək, gürcü vətəndaşlığını və onunla birlikdə də pasport almaq və dərhal da Tbilisi hava limanından ən birinci reyslə Berlinə, Londona və Parisə getmək üçün.
Bilmirəm, bəlkə gürcü məmurlarından kimsə mənim bu sözlərimi oxuyub, sözümə inanıb, hökümətinə vaxtında çatdırar ki, pasportların verilməsi üçün əlavə bölmələrin açılmasına, bunun üçün əlavə işçi ştatının yığılmasına, sənəd blanklarının tez-tələsik çap edilməsinə ehtiyac yoxdur. Elə Tbilisi hava limanını da abxazların hesabına sərnişin axınının artacağı ümidilə yenidən tikmək hələ ki, lazım deyil.
Abxazlar gürcü vətəndaşlığını almayacaqlar, bunun heç səbəbini də izah etməyəcəm. Bu gürcülərin abxazlara indiki sevgisinin mahiyyəti qədər aydındır. Abxazlara Gürcüstandan ünvanlanan bütün bu mahnı, rəqs və fleşmoblar qatılmış rahatluqumun abxazların hüquqlarına hörmətlə heç bir əlaqəsi yoxdur.
Xalqıma bütün bu yaltaqlanmalar, əldən yemləməklə bağlı bütün cəhdlər ancaq bir məqsəd güdür – nəyin bahasına olursa olsun bizi Gürcüstana soxmaq, təbii ki, ərazimizlə bir yerdə. Burada heç bir səmimiyyət yoxdur, ancaq sahibkar münasibəti var.
Bu fleşmobla eyni zamanda Gürcüstanın Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Romada Abxaziyanın Mədəniyyət Mərkəzinin açılmasına imkan verməməsi haqda xəbəri böyük məmnuniyyətlə açıqladı. Söhbət diplomatik nümayəndəlikdən deyil, adi mədəniyyət mərkəzindən gedirdi.
Müharibədən sonrakı illər ərzində Gürcüstan tərəfindən edilən bu cür demarşlar bir neçə ağır cildli külliyatı doldurmağa yetər.
Sizsə sadəlövhcəsinə gülümsəyərək, bizi abxaz dilində salamlayır və cavabında “qamarcoba eşidəcəyinizə ümid edirsiz? Yoxsa bizim sevinclə ağuşunuza atılacağımızı gözləyirsiz?
Çox sağ olun, amma deyəsən, biz artıq vidalaşmışıq. Heç vaxt xalqın əvəzinə danışmamışam, amma bu dəfə çətin ki, yanılım.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 23.06.2016