Abxaziyada banklar
Abxaziyanın APRA bank kartları və bankomatları sistemi öz səmərəsini verir.
Təkcə son üç il ərzində APRA və MPS bank kartlarına xidmət edən bankomatların sayı iki dəfə artdı: 2016-cı ilin may ayında 380, sentyabr ayında isə artıq 700 terminal işləyirdi.
İlin sonuna qədər onların sayının minə qədər artırılması planlaşdırılır.
Tarixçə
Müharibədən sonrakı bütün illər ərzində (1990-cı illərin əvvəllərindən) Abxaziyanın yaşadığı izolyasiya avtomatik olaraq yerli bank sisteminə də yayılıb. Heç bir Visa və MasterCard kimi beynəlxalq ödəniş sistemləri Abxaziyada işləməyib və indi də işləmir.
Turistlər həmişə Abxaziyada istirahət zamanı xərcləmək istədikləri pulu özləri ilə nağd şəkildə gətirməli olublar. Bu da Abxaziya iqtisadiyyatına ciddi təsir göstərib, çünki bütün bu nağd pullar kölgə dövriyyəsini bir neçə dəfə artırıb.
Abxaziyada alternativ ödəniş sisteminin yaradılması ideyası hələ 2000-ci illərin əvvəllərində yaranıb. Amma onun reallaşdırılması alınmadı, ilk növbədə lazımi vəsaitin olmaması səbəbindən.
2008-ci ildə Rusiya Abxaziya dövlətçiliyini tanıyandan sonra vəziyyət dəyişdi. 2011-ci ildə Abxaziyanın Milli Bankı Rusiyadan bank sisteminin inkişafına kredit şəklində 700 milyon rubl [təxminən 11 milyon dollar] aldı və pulun bir hissəsini də (100 milyon rubl) APRA sisteminin işlənib hazırlanması və tətbiqinə xərclədi.
Düzdür, o vaxt iş avadanlıq və proqram təminatının alınması ilə bitdi. Ola bilsin, APRA sisteminə xərclənən pullar göyə sovrulmuş sayıla bilərdi, 2014-cü ilin sonlarında Abxaziya Milli Bankına rəhbərlik etməyə başlayan Beslan Barateliya olmasaydı.
Barateliya layihəni reanimasiya etmək qərarına gəldi – axı həm də layihənin reallaşdırılması üçün xərclənən krediti qaytarmağa başlamağın vaxtıydı.
Nağd daha etibarlıdır?
Öz ödəniş sisteminin tətbiqi üzrə ilk addımlar çətin başa gəlirdi. İnsanlar uzun illər boyu ancaq nağd pullara etibar etməyə öyrəşdi və heç cür vərdişlərini dəyişmək istəmirdilər.
2015-ci ilin yanvar ayında sistem rəsmi olaraq işə salınan zaman APRA bank kartlarından cəmi 20 min rubl [təxminən $300] keçdi. Amma artıq yarım il sonra bu göstərici gündə milyon rubla [təxminən $15,600] çatdı, 2016-cı ilin sentyabr ayı üçün isə dövriyyə 2,5 milyon rubl [təxminən $40,000] oldu.
Hazırda Abxaziya Milli Bankı bir neçə Rusiya bankı ilə tərəfdaş müqavilələri imzalayıb, artıq Abxaziyaya gələn rusiyalılar özlərinin Rusiya bank kartlarındakı pullarını APRA bankomatlarında çıxara bilirlər.
2016-cı ilin ilk səkkiz ayı ərzində MPS kart sahibləri (əsasən Rusiyadan olan turistlər) APRA bankomatları vasitəsiylə 1,1 milyard rubl [təxminən 16 milyon dollar] çıxardılar, bir o qədər də pul APRA sistemi üzrə bank əməliyyatları vasitəsiylə göndərilib.
Bu, necə işləyir və ya həmdərd olanlar
Düzdür, ödəniş sisteminin tam qurulması üçün hələ çox var, çünki APA-nın böyük bir qüsuru var – bu, ancaq lokal şəbəkədir. APRA kartını Abxaziyanın hüdudlarından kənarda istifadə etmək mümkün deyil.
Abxaziya Milli Bankının rəhbərliyi Rusiyanın yeni Milli ödəniş kartları sistemi ilə danışıqlar aparır ki, Abxaziyanın APRA sistemindən heç olmasa Riusiya ərazisində istifadə etmək mümkün olsun. Ola bilsin, gələn il bu əməkdaşlıq Rusiyanın “Mir ödəniş kartı vasitəsiylə reallaşdırılsın.
Amma alındığı halda belə bu, yarımçıq bir qərar olacaq.
Rusiyanın bu sistemi (100 faiz RF-nın Mərkəzi Bankına məxsusdur) 2014-cü ilin iyul ayında, Rusiya banklarının beynəlxalq sanksiyalar səbəbindən Visa və MasterCard-la problemləri başlayandan sonra yaradılıb. Nəticədə “Mir sistemi ancaq Rusiya ərazisində işləyir, buna görə də Abxaziyanın APRA sistemi ilə əməkdaşlıq tam realdır.
“Mir və APRA-nı doğmalaşdıran odur ki, hər ikisi sanksiyaların sayəsində dünyaya gəlib.
Perspektivlər
Bu gün demək oalr ki, bütün dövlət idarələri işçiləri və pensionerlərin maaş və müavinətləri APRA kartlarına köçürülür. Güman edilir ki, yaxın illərdə bu sistem kommersiya qurumlarına da yayılacaq.
Onlar üçün əlavə stimul isə o olmalıdır ki, bank köçürmələri zamanı və bankomat vasitəsiylə pulların çıxarılması zamanı heç bir xidmət haqqı alınmır.
Ötən ildən bu ödənişlərin 20 faizi bilavasitə Abxaziya Milli Bankının büdcəsinə gedir. Bunun sayəsində 2015-ci ildə bank APRA sistemi vasitəsiylə təxminən bir milyon rubl [16,000 dollara yaxın] aldı. Proqramın özünə isə bank 12 milyon rubla yaxın [təxminən 120,000 dollar] xərcləyib.
“Ümid edirəm ki, üç il ərzində artım templərini saxlaya bilsək, APRA 70-80 faiz xərcləri ödəyəcək, – Beslan Barateliya deyir.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır
Dərc olunub 28.10.2016