İçmək istəyirsənsə pul ödə
Səhərlər su mərasimi
Sovet illərində Armavir şəhəri konserv zavodunun fiti ilə oyanırdısa, indi su satan ZİL avtomobilinin siqnalına oyanır.
Armavir şəhərinin əhalisi 20 ildən artıqdır ki, sudaşıyanlarda satılan içməli suyu alır. Özü də bu, adamlara krandan axan sudan üç dəfə baha başa gəlir.
Hər səhər müəyyən saatda Tamara sudaşıyanın gəlməyini gözləyir – artıq 20 ildir ki, əvvəlcə suyu alır və ancaq bundan sonra ev işlərinə başlayır. Onun sözlərinə görə, bu illər ərzində həm sürücülər, həm də maşınlar vaxtaşırı dəyişir, suyun qiyməti də iki dəfə artıb. Əvvəllər bir vedrə suya görə 50 dram (təxminən 10 sent) verirdilər, indi qiyməti 100 dramdır.
Armavirlilər niyə krandan su içmək istəmir
Armavirdə sutkalıq su təchizatı işləyir. Su təchizatçısı “Nor akunk QSC-dir. Şirkət rəhbərliyi sakinləri bu suyun içməli olduğuna nə qədər inandırmağa çalışsa da, armavirlilər razı olmur. İş orasındadır ki, onun əslində nə dərəcədə keyfiyyətsiz olduğunu adi gözlə də görmək mümkündür.
Şəhər sakinləri bildirir ki, mənzillərinə gələn suyun tərkibindəki duzun miqdarı normadan bir neçə dəfə çoxdur. Bunu evdəki su qızdırıcılarında yığılan duzun miqdarından aydın görmək olur.
“Nor akunk QSC rəhbərliyi içməli suyun sərtliyi faktını inkar etmir, amma sağlamlıq üçün təhlükəli olmadığını bildirir.
Rayonun epidemiologiya mərkəzi də həmin fikirdədir: sərtlik səviyyəsi qəbul olunan normalardan çox deyil.
Armavirin su təchizatının tarixi
Keçmişdə Oktemberyan olan Armavir içməli suyu Zevadan alırdı, sonradan isə əhalinin artması ilə bağlı olaraq su təchizatının həcmini artırmağa ehtiyac yarandı. Dövlət proqramı çərçivəsində Alaqyazdan böyük su kanalı tikildi. Buradan suyun bir hissəsi Armavirə, qalan hissəsi Yerevana gedirdi.
Beləliklə də armavirlilərin keyfiyyətli içməli su almaqla bağlı çoxillik arzusu çin oldu. Alaqyazdan gələn su bütün parametrlər üzrə Zeva suyundan xeyli daha keyfiyyətli idi.
Amma armavirlilərin sevinci uzun sürmədi. Zevanın suyu yavaş-yavaş quruyur, Alaqyazdan gələn suyun hamısını isə paytaxta yönəltdilər. Armavirlilərin ağır günləri başladı. Suyu bir-iki saatlıq verməyə başladılar, çoxmərtəbəli evlərin ikinci və daha yuxarı mərtəbələrində yaşayan sakinlərin isə ümumiyyətlə suyu kəsildi. Məhz onda da armavirlilər içməli və ümumi istifadə üçün suyu sudaşıyanlardan almağa və bir litrə görə 5 dram (təxminən 1 sent) ödəməyə başladılar.
1999-cu ildə Almaniya hakimiyyəti Armavir şəhəri və ətraf kəndlərin su təchizatı şəbəkəsinin əsaslı təmiri üçün kredit ayırdı. Həmin vaxt 11 artezian quyusu qazıldı, buradan suyun Armavirin özünə və qonşu kəndlərə verilməsi planlaşdırılırdı.
Sutkalıq su təchizatı Armavir əhalisini sevindirsə də, onlar içməli suyu sisternlərdən almağa davam edirlər.
Suyu haradan gətirirlər
Sudaşıyanlar suyu Armavirdən 40 kilometr aralıda yerləşən Talin şəhərindən gətirirlər. Onlar Talində suyu pulsuz doldurduqları, satışı isə vergi nəzarəti olmadan həyata keçirdikləri üçün biznes inkişaf etməyə başladı. Sudaşıyanlar gündə bir neçə dəfə sisternləri su ilə doldurub, Armavirdə satırdılar.
Vaxt keçdikcə sudaşıyanların sayı o dərəcədə artdı ki, bir sistern su üç günə satılırdı. Bu vaxt ərzində suyun hansı bioloji dəyişikliklərə uğramasına heç kim nəzarət etmirdi, elə indi də nəzarət etmir.
Talinlilər isə tez bir zamanda onların suyuna tələbat olduğunu anlayıb, özləri suyu sudaşıyanlara satmağa başladılar: bir sisterni 1500 drama (təxminən 3 dollara) satırdılar.
Gəlir artdı, sisternlərin sayı azaldı
Su biznesi nüfuzlu adamların diqqətini cəlb etdi. Nəticədə sisternlərin sayı azaldı, hər bir sudaşıyana konkret ərazi ayırdılar. Bu zaman su biznesi vergi orqanlarında qeydiyyatdan keçməyib, onun real sahibləri də kölgədə qalır.
Bir sistern suyun nəqlinə 200 dramlıq (dörd dollardan bir az çox) yanacaq sərf olunur, daha 1500 dram suyun öz xərcidir. Sistern 5 ton su tutur, deməli 1 litri 10 drama satsan, gəlir 50 min dram (yüz dollardan çox) olacaq.
Nəql, suyun alınması və satışla bağlı xərcləri çıxsaq, 1 sistern suyun gündəlik 40 min dram (təxminən 85 dollar) gəlir gətirdiyi məlum olur. Yay aylarında hər maşın hətta iki sistern su sata bilir.
Kənd icmalarında vəziyyət
Armavir rayonunun kənd icmaları da içməli su satıcıları üçün istehlak bazarıdır. Özü də kəndlərdə daha betər vəziyyət var. Burada artezian quyularından gələn həmin o sərt suyu yalnız müəyyən saatlarda verirlər.
Kənd icmalarının nasos stansiyalarını sutka ərzində işlətmək üçün maliyyə imkanı yoxdur. Armavirdə su verən təşkilat və nəzarəti həyata keçirən orqanlar onun içmək üçün yararlı olduğunu bildirə bilsələr də, kənd icmalarında bunu edə bilmirlər.
İş orasındadır ki, kənd icmalarında, misal üçün, Crarat kəndində içməli su gündə bir dəfə, iki saat ərzində verilir. Bütün kəndlərdə suyu adətən səhər saatlarında qururlar – saat 08:00-dan 10:00-a qədər. Torpaq qatı altında olan durğun su xüsusən də yay aylarında biokorroziyaya uğrayır.
Çox vaxt su verilməyə başlayandan sonra bir neçə dəqiqə ərzində krandan naməlum rəngdə maye axır, onunla birlikdə də su çəninə heyvanlar dünyasının ağlasığmaz nümayəndələri axıb tökülür. Əvvəlcədən acınacaqlı vəziyyətdə olan sovet su təchizatı sistemi ilə işləyən kəndlərdə vəziyyət xüsusiylə ağırdır.
Armavir rayonunda su biznesindən zərər çəkən və xəstəxananın infeksiya şöbəsinə düşən çox adam var. Misal üçün, epidemiyadan əziyyət çəkən Tsaxkalandj və Zartonk kənd sakinləri. Amma bunda kimi və konkret olaraq nədə günahlandırmaq olar? Bu məsələdə heç bir səlahiyyəti olan orqan vəziyyəti həll etmək marağında deyil.
İnsanlar isə bu vəziyyətə alışıb və heç kim Armavirdə içməli su probleminin nə vaxtsa həll olunacağına inanmır.
Dərc edilib: 09.09.2016