Orduya icbari yardım
Ermənistanın müdafiə naziri Vigen Sarqsyan ölkəsinin müdafiəsi zamanı yaralanan hərbiçilərə və həlak olanların ailələrinə verilən maliyyə yardımını xeyli artırmağı təklif edir.
Bu haqda Vigen Sarqsyan Serj Sarqsyana bildirib və qeyd edib ki, lazımi məbləğin toplanması üçün mexanizm də işlənib hazırlanıb. Həmin mexanizmin 28 yanvar 2017-ci il tarixindən işə salınması nəzərdə tutulur. Yəni Ermənistan Respublikası Ordusunun 25 illiyi qeyd olunacaq gündən.
Mexanizm isə aşağıdakı kimidir: yaradılmalı olan büdcədən kənar fonda hər bir işləyən Ermənistan vətəndaşı hər ay 1000 dram (2 dollardan bir az çox) ödəyəcək. Fond fərdi köçürmələr, ianələr hesabına da dolacaq (onların həcminin daha böyük olacağı ehtimal edilir).
Nazirin sözlərinə görə bu, həlak olanların ailələrinə, həm də birinci qrup əlilliyi olan hərbiçilərə 10 milyon dram (təxminən 21 min dollar), ikinci qrup əlilliyi olanlara isə 5 milyon dram həcmində birdəfəlik sığorta ödəmələri almaq imkanı verəcək. 2016-cı ildə Qarabağ-Azərbaycan müharibəsi günlərində fəal və effektiv işləyən ümumi iştirak ideyası faktiki olaraq yeni vergi statusu alacaq.
Serj Sarqsyan qanun layihəsini bəyənib: “Düşünürəm ki, bəli, vətəndaşlarımızın köməyi ilə bu vəziyyəti xeyli yaxşılaşdıra biləcəyimiz vaxt gəlib çatıb.
Əslində isə bu vəziyyət çox məharətli psixoloji oyunu xatırladır. Vətəni qoruyan gənclər orduya davamlı kömək edən bütün vətəndaşlar tərəfindən şəksiz böyük məmnuniyyətlə qəbul olunur. Onlar bunu könüllü və sevə-sevə edirlər, çünki sərhəddə duran və hər an həyatları təhlükə altında olan gənc oğlanlar heç cür hakimiyyətdəki hörmətdən düşən məmurlarla əlaqələndirilmir.
İndi də Ermənistanın əksər vətəndaşları orduya maliyyə yardımının müntəzəm və hətta icbari olmasına qarşı deyillər. Problem daha çox vergilərin (həm də bütün növ vergilərin) şəffaf və səmərəli toplanması və xərclənməsindədir. Dövlət orqanları vətəndaşların emosiyaları və yumşaqürəkliliyinə ümid edir, Ermənistandakı ciddi sinfi ziddiyyətlər isə heç cür həll olunmur.
Məhz hakimiyyətə yaxın məmurların və sahibkarların varlanması son nəticədə məsələnin dalana dirənməsinə gətirib çıxarıb. Cəmiyyət orduya kömək etməyə hazırdır, amma dövlət qurumlarını vasitəçi qismində görmür.
Hərbi keçmişi olmayan müdafiə naziri Vigen Sarqsyan millət-ordu ideyasını irəli sürüb , bu ideyaya görə, ordu təkcə “cəmiyyətin güzgüsü deyil, həm də “özünəməxsus dəmirçixanası olmalıdır.
Güman edilir ki, bu yolla da ordu nümunəvi model olacaq və dövlətlə vətəndaşlar arasında əlaqəni möhkəmləndirəcək. Son nəticədə Vigen Sarqsyan gözəl başa düşür ki, “vətəndaş müraciəti “millət anlayışından daha müasir səslənir. “Millət sözünü seçməklə o, dövlət haqqında xatırlatmanın üstündən keçərək, tarixən və instiktiv olaraq daha yaxşı mənimsənilən leksikonla kifayətlənməyə çalışır.
Bu zaman aşağıdakı sual yaranır: ordu və millət vahiddirsə, dövlətin bu prosesdə rolu nədən ibarətdir?
Dövlət bildirir ki, yaradılacaq fondda “cəmiyyətdə etimad və hörmət qazanan insanlardan ibarət şura fəaliyyət göstərəcək və tamamilə şəffaf və açıq prosesə nəzarət edəcək.
Faktiki olaraq dövlət vəziyyətə nəzarət funksiyasını öz üzərinə götürür. Deyək ki, “cəmiyyətdə etimad və hörmət qazanan şəxslərin təyinatına nəzarət edəcək. Əvvəl təyin edəcək, sonra da nəzarət altına alacaq.
Yeni fondun yaradılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu da Facebook istifadəçiləri tərəfindən səsləndirilən bir neçə fikir:
“Cənablar, biz artıq kifayət qədər vergi ödəyirik, buna görə də zəhmət çəkib, yüksək vergilərdən formalaşan dövlət vəsaitini artıq məqsədyönlü və effektiv şəkildə xərcləyin, onu ordu və hərbiçilərə istiqamətləndirin, özünüzü dəbdəbəli ezamiyyətlər, maşınlar, iş otaqlarında mebel və pərdələrlə təmin etməyin.
“Bu fondu hələ bir neçə il əvvəl yaratmaq lazımıydı. Amma heç olmamaqdansa, gec olsa yaxşıdır. Çünki öz övladlarını orduya xidmət etməyə, bizi və ölkəmizi müdafiə etməyə göndərən bizik. Biz də onlara lazımi anda kömək etməliyik.
“Belə bir qurumun olmasının vacibliyi ondan ibarətdir ki, problemlərlə qarşılaşan hərbçilər və onların ailələri hansı xeyriyyəçinin və nə vaxt onlara əl uzatmasını gözləməsinlər. Eyni zamanda yaxşı olar ki, xeyriyyəçilər, yüksək gəlir alan insanlar bu ümumi işə daha böyük töhfə versinlər. Minimal maaş alanlar bu fonda pul köçürməsin, onların əvəzinə qoy oliqarxlar fonda daha böyük məbləğdə pul qoysunlar.
“Dövlət insanların könüllü şəkildə etdiklərini görüb, düşündü ki, sizdə pis alınmır, bundan sonra bunu icbari qaydada edəcəksiz. Deməyin ki, ayda 1000 dram pul da deyil, ödəməyə nə var ki. Mən onsuz da xeyli vergi ödəyirəm, dövlət də zəhmət çəkib, onları səmərəli şəkildə xərcləsin.
Ermənistanda hakimiyyət başında olanlar “Ermənistan Respublikası əvəzinə “vətən sözünü işlətməyə adət ediblər. “Vətəndaş sözündən qaçaraq, “ermənilər sözünü işlədirlər, halbuki vətəndaş millətin nümayəndəsi statusundan daha yüksək hüquqi statusdur.
Vətən və millət bir-biri üçün güzgü və mənbə ola bilər. Çünki bu, mücərrəd və emosional anlayışlardır (metaforik şəkildə istifadə olunan “güzgü və “mənbə kimi), Ermənistan Respublikası və Ermənistan Respublikasının vətəndaşı anlayışları isə tamamilə fərqli, hüquq və vəzifələri Konstusiyada təsbit olunan konkret anlayışlardır.
Dövlət qurumları mücərrəd “mənbələr yaratmaqla öz funksiyalarını məhdudlaşdırmağa çalışdıqları zaman da bunu unutmasalar yaxşı olardı.
Dərc olunub: 12.11.2016