“Yollarına çıxan hər şeyi dağıtdılar”
Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartlidə oktyabrın 8-də baş tutan parlament seçkiləri günündə başlayan münaqişə inkişaf edir. Seçki məntəqəsinə hücum etməkdə və polislə qarşıdurma yaratmaqda ittiham olunan altı gənc (19 yaşdan 24 yaşa qədər) həbs olunub. Hamısı “Milli Hərəkatın (Mixail Saakaşvilinin partiyasının) gənclər qanadını təmsil edir.
Yerli azərbaycanlı icması həbslərdən narazıdır və məsələnin düzgün araşdırılmasını tələb edir. O cümlədən adamlar deyir ki, hakim “Gürcü arzusu alyansı majoritar nümayəndə olaraq yerli gürcünün namizədliyini irəli sürüb tamaz naveriani və icmanın özünün irəli sürdüyü azərbaycanlı namizədi iqnor edib.
“Bunu az adam dilə gətirsə də əksəriyyət Akhmed İmamquliyevi [“Milli Hərəkatı təmsil edən majoritar namizəd] dəstəkləyib, bu yerli gəncin seçkilərdə iştirak etdiyi ilk hal idi. Onun məğlubiyyəti seçkilərin saxtalaşdırılması kimi qəbul edildi, çünki onu kifayət qədər böyük sayda adam dəstəkləyirdi, – JAMnews-a adının hallanmasını istəməyən, Marneuli sakini, azərbaycanlı xanım bildirib.
Oktyabrın 8-də baş tutan parlament seçkiləri günü Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində kütləvi dava günün ikinci yarısında başladı və nəticədə bu məntəqədə seçkilər baş tutmamış elan edildi. Həmin gün kənd sakinlərindən biri JAMnews-a bildirdi ki, camaat eyni adamın bir neçə dəfə məntəqəyə girib, səs verdiyini görüb. Məntəqənin çölündə dayanan bir neçə partiyanın müşahidəçiləri narazılıqlarını bildirərək, prosesi dayandırmağı tələb etdilər. Tələblərinə məhəl qoyulmayandan sonra qalmaqal minlərlə adam və xüsusi təyinatlıların da iştirak etdiyi kütləvi davaya çevrildi.
Daxili İşlər Nazirliyində baş verən fövqəladə brifinq zamanı məlumat verildi ki, həbs olunan gənclər Qızılhacılıda baş verən insident zamanı xüsusiylə aqressiv davranışları ilə seçiliblər. Onlar camaatı seçki məntəqəsinə soxularaq, bülleten qutusunu ələ keçirməyə və polisi daşa tutmağa çağırırdılar.
Artıq növbəti gün həbs olunanlar (adları çəkilmir) barəsində iki ay müddətinə həbs qəti imkan tədbiri seçildi.
Saxlanılanların yaxınları baş verənlərin fərqli bir versiyasını irəli sürür. Onların sözlərinə görə, silahlı xüsusi təyinatlılar əvvəlcədən xəbərdarlıq etmədən səhər saat 5-də evlərə soxuldu.
“Qəflətən səs-küy qopdu, biz əvvəlcə nə baş verdiyini heç anlamadıq da. Onlar avtomatlarla silahlanmışdılar. Yollarına keçən hər şeyi dağıtdılar, evdə salamat bir şey qalmadı, – video yazıda saxlanılanlardan birinin qohumu deyir.
Saxlanılanların vəkili David Kokoişvili müttəhimlərdən üçünün döyüldüyünü bildirir, bunu məhkəmə prosesində iştirak edən “Milli Hərəkatın üzvü Elene Xoştariya da təsdiq edir.
Saxlanılan gənclərin qohumları bildirir ki, xüsusi təyinatlılar tək saxlanılanlara qarşı deyil, ailə üzvləri və hətta hamilə qadınlara qarşı da fiziki güc tətbiq edib. Bir çox yerli sakinlər vurğulayır ki, davada gürcülərin də iştirak etməsinə baxmayaraq, saxlanılan ancaq azərbaycanlılar oldu.
DİN operativ şəkildə vəkilin sözlərini təkzib edərək bildirib ki, sənədli sübutlar – protokol və fotoşəkillər təqdim edə bilər.
Ekspert Giya Xuxaşvili JAMnews-a bildirıb ki, Kvemo Kartlidə ciddi problemlərin yaranması təhlükəsi var və dövlət regiona diqqət yetirməlidir.
“Marneuli həmişə hakimiyyət üçün yaxşı imkan olub – yerli əhali tam mənada seçici sayılmayıb və hakimiyyət onların üzü yola olmasından istifadə edib. Bu il isə hadisələr tamamiylə fərqli ssenari ilə inkişaf etdi.
Bunun pozitiv tərəfi ondan ibarətdir ki, insanlar sadəcə hakim qüvvəyə səs vermir, müxtəlif siyasi görüşlərini ifadə edir.
Hakimiyyət unutmamalıdır ki, etnik azlıqlar mövzusu olduqca həssas bir mövzudur və elə hərəkət etmək lazımdır ki, insanlarda müdafiəsiz qalmaqları və onlarla ədalətsiz davranıldığı hissi yaranmasın. Əks halda münaqişə daha ciddi bir xarakter alacaq.
Qızılhacılı kəndində 48-ci məntəqə üzrə seçkilərin nəticələri qəbul olunmayıb və şənbə günü, oktyabrın 22-də burada təkrar seçkilər keçiriləcək.
Bu münaqişədə başqa zərər çəkənlər də var – bu, Qızılhacılı kəndinin şagirdləridir. Başı bəlalı 48 saylı məntəqə yerli məktəbin binasında təşkil olunmuşdu, indi məktəb binası çox pis vəziyyətdədir – dava vaxtı əksər pəncərələri, pəncərə çərçivələri sındırılıb, qapılar yerindən qopardılıb.
Dərc olunub 19.10.2016