Ümidverici baş nazir
Ermənistanda yeni hökumətin yaradılması prosesi gedir və onun formalaşdırılması Yerevanın keçmiş meri və Rusiyanın “Qazprom şirkətinin keçmiş top-meneceri Karen Karapetyana tapşırılıb.
Ermənistandakı hətta radikal müxalifət qüvvələri Karen Karapetyanın baş nazir vəzifəsinə təyin olunmasına qarşı çıxmadılar – ancaq onun Rusiyanın adamı olması ilə bağlı ayrı-ayrı bəyanatlar səsləndirildi. Amma yeni baş nazirdən hərənin öz gözləntiləri var ki, bu da sürətli transformasiya tendensiyası olan Ermənistanda daxili və xarici vəziyyətlə bağlıdır.
Karen Karapetyanın daxili və xarici reallığın bir neçə variantında funksiyalarını nəzərdən keçirək.
İlk növbədə xatırladaq ki, Ermənistanda prezident Serj Sarkisyanın postda olması, həm də ekspertlərin dediyi kimi, kriminal oliqarxiyanın hakimiyyəti ilə xarakterizə olunan növbəti 10 illik hakimiyyət dövrü başa çatır. Ölkədəki hakimiyyət, onunla birlikdə də milli sərvətlərin istifadəsindən alınan gəlirin əldə edilməsi hüququ bir neçə oliqarx qrupu və şəxs arasında bölüşdürülüb, əsas gəliri də onlar alır.
“Serj Sarkisyan dövrünün bitməsi mütləq şəkildə kapitalın və milli sərvətlərin əlavə dəyərinin alınması hüququnun yenidən bölgüsünə gətirib çıxaracaq. Axı bu dövr bitəndən sonra yeni Konstitusiyaya əsasən, Ermənistanda super-prezident olmayacaq, hakimiyyət parlamentin əlində cəmləşəcək.
Kimsə yenidən bölgü prosesini yüngülləşdirməlidir və bu vəzifəyə ən yaxşı namizəd Karen Karapetyan oldu. O, Ermənistanın daxili oliqarx qruplaşmalarına daxil deyil, kapital və kvotaların bölgüsü zamanı ona “arbitr olmaq da daha asan olacaq.
Həm də nəzərə alsaq ki, Ermənistanda bu yaxınlarda “milli həmrəylik aktı baş tutdu – əsas siyasi qüvvələr seçkilərə nəzarət mexanizmləri haqqında memorandum imzaladılar. Bu, Ermənistanda 25 il ərzində qəbul olunan ilk belə aktdır, bəzi ekspertlər bunu hakimiyyətin əvvəlcədən bölgüsü və “şəbəkə qurumunun yaradılması faktı kimi qəbul etdilər.
Karen Karapetyana xarici siyasətdə də mühüm rol ayrılıb. Ermənistan tərəddüd içindədir: Avrasiya birliyinə üzv olması və Rusiya ilə həddən artıq sıx münasibətlər elə bir yerə gətirib çıxardı ki, Ermənistan qonşu İranla qarşılıqlı sərfəli münasibətlər qura bilmir. Bu zaman da təkcə Ermənistan tərəfindən İran qazının alınması deyil, həm də onun Gürcüstanda, oradan da Qara dəniz sahili ilə Avropaya tranziti imkanı fəal müzakirə olunur.
Ermənistan-İran əməkdaşlığının faydası hamı tərəfindən qəbul olunsa da, bu əməkdaşlıq inkişaf etmir ki, bunu da bir çox analitiklər təkcə Ermənistan bazarını deyil, həm də regional kommunikasiyalar üzərində nəzarəti itirmək istəməyən Rusiyanın qorxuları ilə bağlayır.
Belə bir fikir də var ki, Karen Karapetyan İranla daha sıx münasibətlər qurmalı və Rusiyanı öz qorxularından azad olmağa əmin etməlidir. Təsadüfi deyil ki, Karapetyanın birinci sərəncamı qaz tariflərinin yenidən nəzərdən keçirilməsi oldu. Ermənistan qazı əsasən Rusiyadan alır. Amma ekspertlər hesab edir ki, İrandan alınan qazın həcminin artırılması fonunda əvəzetmə sxemi ilə satış barədə razılıq əldə oluna bilər. Bu isə bütün regiona öz təsirinə göstərəcək.
Karapetyanın həll etməli olduğu məsələlərdən biri də korrupsiya ilə mübarizədir ki, bunu əsas beynəlxalq qurumlar Ermənistana kredit verilməsi və sərmayənin stimullaşdırılması üçün şərt kimi irəli sürülür. Karen Karapentyanı hətta erməni oliqarxları belə imkanlı adam hesab edirlər. Misal üçün, deputat-general-oliqarx Manvel Qriqoryan bildirib ki, Karapetyanın pul qazanmaq üçün Ermənistanın baş naziri olmağa ehtiyacı yoxdur. O deyir ki, Karapetyan qazanmağa yox, işləməyə gəlib. Deməli, Ermənistanda ən azı zahirən korrupsiya və monopoliyalarla mübarizə başlayıb.
Bu, Ermənistana sərmayələrin cəlb olunması üçün yaxşı fon ola bilər. O cümlədən, oktyabrın ortalarında ABŞ-da Ermənistan üçün sərmayə konfransının keçirilməsi planlaşdırılıb ki, burada Serj Sarkisyan və yeni baş nazir Karen Karapetyan iştirak edəcək. Buna qədər baş nazir Qərb və Asiya sərmayədarlarını inandırmalıdır ki, oğurluğa meylli sələflərinin təcrübəsi təkrar olunmayacaq.
Karen Karapetyanın yəqin ki, bir sıra digər funksiyaları da var ki, bunlar da Ermənistanda 2017-ci ilin aprel ayına təyin olunan parlament seçkilərindən əvvəl və sonra özünü göstərəcək. Amma onun əsas üstünlüyü ondan ibarətdir ki, o Ermənistanda daimi bir-birinin ətini didən oliqarx klanlarından yuxarıda durur və dövlət əmlakına sahib olmaq hüququnun yenidən bölgüsü səlahiyyətinə malikdir.
O, əsas üç funksiyanı (hakimiyyətin ötürülməsi zamanı “arbitraj. İranla münasibətlərin qurulması və Qərb sərmayələrinin cəlb olunması) yerinə yetirə bilsə, Ermənistan üçün yaxşı seçimin edilməsi barədə danışmaq olar.
Dərc olunub: 20.09.2016