Olum, ya ölüm
Bəli, heç kim üçün sirr deyil ki, Abxaziya sakinləri müalicə üçün Gürcüstana gedir. Çox güman ki, gürcü səhiyyəsinin köməyindən yüzlərlə insan istifadə edir.
Bu günlərdə Gürcüstanın “Аbkhazeti.info nəşrində İnqur sərhədində abxaz sərhədçisinin ağır vəziyyətdə olan 6 yaşlı uşağı sərhəddən sənədsiz buraxması barədə yazı dərc olunmuşdu.
Şahidlərin sözlərinə görə, sərhədçi danışırmış ki, anası onkoloji xəstəlikdən əziyyət çəkir və gürcü həkimləri tərəfindən müalicə olunur. “Gürcü həkimlər anamı ovuclarının içində saxlayırlar. İşimi itirsəm də, uşağı sərhəddən buraxacam, – abxaz sərhədçi deyirmiş.
Bu yaxınlarda başqa bir hadisə də baş verib: Abxaziya vətəndaşı “Facebookda gürcü həkimlərə və yaxın qohumunun xilasında yardımçı olan bütün insanlara minnətdarlığını bildirib.
Gürcüstan səhiyyəsinin köməyindən istifadə edənlərin açıq şəkildə minnətdarlığını bildirməsi nadir haldır, çünki ictimai fikir bu insanları qınayır. Bununla belə, çox sayda insanın tibbi yardım üçün Gürcüstana müraciət etməsi də reallıqdır.
Son zamanlar bu haqda daha açıq danışmağa başlayıblar. Amma yenə də cəmiyyətdə sual aşağıdakı kimi qoyulur: abxazları Tbilisiyə müalicəyə getməyə nə məcbur edir? Və nə daha vacibdir – həyat, yoxsa prinsiplər.
Abxaziyada səhiyyənin acınacaqlı vəziyyəti
Məsələnin iki tərəfi var: sırf humanist və siyasi. Əsas səbəb də Abxaziyadakı səhiyyənin olduqca acınacaqlı vəziyyətdə olmasıdır .
Respublika xəstəxanasının həkim-cərrahı Ruslan Smır hesab edir ki, əsas problemlər müasir avadanlığın çatışmazlığı və müəyyən ixtisaslar üzrə mütəxəssislərin olmaması ilə bağlıdır: kardio-cərrahiyyə, müxtəlif istiqamətlər üzrə uşaq cərrahiyyəsi, allerqologiya, infeksionistlər və s.
“Nəticədə də insan hara – Rusiyaya, yoxsa Gürcüstana getsin – kimi bir seçim qarşısında qalır. Gürcüstan vətəndaşlarımızın ora gedib, pulsuz müalicə alması üçün şərait yaradır. Buna görə də insanlar ora üz tutur.
Ruslan Smır deyir ki, bu əsasən onkologiya, qəzadan sonrakı zədələr, infeksion xəstəliklər, həm də HİV və hepatitdir.
“Mənim böyrəklərimdə anadangəlmə problem var. Rusiyada müalicə almaq imkanım yoxdur, çünki ailəmi təkbaşına dolandırıram. Qazandığımı öz müalicəmə xərcləsəm, uşaqlarım nə yeyəcək?, – suxumlu Yuri Qindiya deyir.
Gürcüstanda onun qohumları yaşayır, onların vasitəsilə də Yuri bütün detalları aydınlaşdırıb.
“Tbilisiyə gələndə, məni artıq orada gözləyirdilər, yaxşı qarşıladılar. Təxminən bir ay müalicə almışam, bütün bu müddət ərzində heç kim məndən pul istəməyib, müalicə tamamilə pulsuz idi. Həm də səhiyyənin yüksək səviyyəsini qeyd etmək istəyirəm, bütün avadanlıq təzədir, həkimlər yüksək ixtisaslı, klinikalar müasir. Birinci kurs müalicədən keçdim, indi yenə getməyi planlaşdırıram.
Yuri deyir ki, tanışları onun Tbilisidə müalicə aldığını eşidəndə, bəziləri onu xain adlandırıb. “Amma vətənimə xəyanət etdiyimi düşünmürəm. Mən sadəcə öz ölkəmdə ala bilməyəcəyim köməyi qəbul etdim, – o deyir.
“Qadın orqanları ilə bağlı problemlərim olduğundan Gürcüstana müalicəyə getdim. Abxaziyada məni əməliyyat edəcək ginekoloqlar yoxdur. Gürcüstanda qohumlarım var, onların vasitəsilə bu proqramı tapdım, – daha bir analoji hal haqqında. Amma bunu danışan qadın adının çəkilməməsini xahiş etdi.
“Məni özəl xəstəxanaya yerləşdirdilər. Bu, çox yaxşı xəstəxanadır, həkimləri də yaxşıdır. Abxaziyadan olanları avtomatik ən yaxşı klinikaya yerləşdirirlər. Və elə bir şey olmayıb ki, məndən Gürcüstan vətəndaşlığını qəbul etməyi xahiş etsinlər, bu cəfəngiyatdır. Əməliyyatım yaxşı keçdi və bu heç də o demək deyil ki, mən vətənimi satdım, – o deyir.
Siyasət gedəndən sonrakı siyasət
Gürcüstanda Abxaziya və Cənubi Osetiya sakinləri üçün tibbi xidmətin təşkili ideyasının müəllifi Mixail Saakaşvilini hesab etmək olar. Amma onun hakimiyyəti illərində proqram siyasiləşdirilmişdi. Gəlmək istəyənlər Gürcüstan vətəndaşlığını qəbul etməli və ya ən azı pasport, sonra da bu pasport üzrə yazılan sığorta almalı olurdular. Amma bununla hər şey bitmirdi.
Abxaziya və ya Cənubi Osetiyadan olan pasient xəstəxana koridorlarında onun haqqında reportaj çəkməyə gələn televiziyanın çəkiliş qrupu ilə qarşılaşa bilərdi.
Bir sözlə, insanlara kömək etsələr də, bu açıq-aşkar piar və siyasət idi.
İndi hər şey fərqlidir. Gürcüstanın klinikalarında müalicə artıq hər bir konkret pasient üçün şəxsi məsələdir, “siyasi layihə deyil. Abxaziya sakinlərini yenə də pulsuz, özü də ən yaxşı yerlərdə müalicə etsələr də, heç kim onlara vətəndaşlıq sırımır. Həm də bu mövzu ətrafında piar aparılmır.
Bununla belə, təbii ki, siyasət bu proqramdan heç də yox olmayıb.
Ancaq etnik abxazları gözləyirlər
Bu nəticəyə gəlməyə əsas verən ən azı odur ki, əksəriyyəti Gürcüstan vətəndaşı olan Qal rayonu sakinləri proqram çərçivəsində pulsuz və ən yaxşı tibbi yardım ala bilmirlər.
Bundan başqa, məndə olan məlumata görə, gürcü klinikalarında milliyyətcə abxaz olmayan Abxaziya vətəndaşlarını da ürəksiz qəbul edirlər.
“Qal sakinləri gürcülərdir və Gürcüstan vətəndaşlarıdır, buna görə də onları bu proqram üzrə müalicə etmirlər. Bəzi həkim müayinələri endirimli ola bilər. O da bəzi! Tbilisiyə qədər yol Qal sakininə 120 lariyə [$ 60] başa gəlir, sonra da bir çox prosedurlara görə pul ödəmək lazım gəlir, – yenə də adını açıqlamaq istəməyən rayon sakini bildirir.
Nəticədə də əks axın yaranıb – abxaz sənədləri olan əksər Qal sakinləri müalicəyə Suxuma gedir.
Perspektivlər – Gürcüstanda abxazlar üçün daha çox imkan
2016-cı ildə Gürcüstanın Zuqdidi rayonunun Ruhi kəndində, yəni Abxaziya sərhədində 220 yerlik müasir çoxprofilli tibb mərkəzinin tikintisi planlaşdırılır. Burada Gürcüstanın ən yaxşı tibbi heyəti işləyəcək – hazırda həkimlər müxtəlif ölkələrin, o cümlədən də Avropa, Rusiya və İsrailin klinikalarında təcrübə keçirlər.
Tibb mərkəzinin yanında üç ulduzlu mehmanxananın tikintisi də nəzərdə tutulub.
Gürcü mediasının məlumatına görə, layihəyə iyirmi milyon dollara qədər vəsait xərclənəcək. Burada 600-ə yaxın personal işləyəcək.
Maraqlıdır ki, sovet dövründə Ruhidə gürcü-abxaz dostluq festivalları keçirilirdi. İndi də dostluğu tibb mərkəzi simvolizə edəcək.
Həyat və prinsiplər
Abxaziya rəhbərliyi yaranan vəziyyətə Gürcüstanla sərhədin keçilməsi qaydalarını sərtləşdirməklə cavab verir. Amma bu ölçülərin effektivliyi inandırıcı deyil.
Birincisi, ən pis halda Abxaziyadakı tibb müəssisələrinin özləri gürcü həmkarlarına müraciət edir, Zuqdididən reanimobillərin Suxuma xəstə dalınca gəldiyi hallar da olub.
İkincisi, Gürcüstana Soçidən keçmək problem deyil, buradan həm Batumi, həm də Potiyə dəniz nəqliyyatı işləyir.
“Bir neçə il əvvəl Suxumdakı həkimlərin səhvi ucbatından yeni doğulmuş körpəmi itirə bilərdim. Onu reanimobillə Tbilisiyə çatdırdıq və gürcü həkimləri onu xilas etdilər. Əks halda övladım ölə bilərdi, – daha bir Suxum sakini danışır (öz xahişilə adını qeyd etmirik).
O deyir ki, həmin o hadisədən sonra Abxaziyada dövlət səviyyəsində qalmaqal yaşandı. “Faktiki olaraq bunu deyirdilər ki, siyasi maraqlar övladlarımızın həyatından daha vacibdir. Amma mən ikinci övladımı da Gürcüstanda dünyaya gətirmək qərarına gəldim, ötən qış Tbilisidə gözəl bir qızım doğulub.
Gün kimi aydındır ki, Abxaziyada yaxın gələcəkdə ölkədən çıxmadan keyfiyyətli tibbi yardım almağa imkan verən səviyyəli səhiyyə formalaşmayacaq.
“Problem ondadır ki, bizdə bəzən elə xəstələr olur, onları müalicə etmək üçün ayrıca yeni bir xəstəxana tikmək lazımdır, – cərrah Ruslan Smır deyir.
“Bizim heç leykozu müəyyən edəcək rentgenimiz də yoxdur, mən daha onu müalicə etmək üçün lazım olan mütəxəssis və avadanlıqdan danışmıram. Təcrübəmdə belə bir hal olub ki, daş öd kisəsindən artıq kanala düşüb, biz də bu əməliyyatı edə bilmirdik, pasienti Rusiyaya göndərməli olduq.
Abxaziya ilə Rusiya arasında formal məsələlər tənzimlənsə və xəstələr orada tibbi yardım ala bilsə, problem qismən həll oluna bilərdi. Amma bu halda belə gürcü səhiyyəsi ilə rəqabət aparmaq çətin olacaq.
Gürcüstanda xilas olunan insanların sayı artır. Onların qohumları hesabına da bu ölkəyə kifayət qədər loyal münasibət bəsləyən insanların geniş bazası yaranır. Əslində burada pis heç nə yoxdur, əgər Gürcüstanda Abxaziyanı normal münasibətlər qurmalı olduqları qonşu ölkə kimi qəbul etsəydilər.
Amma Tbilisinin Abxaziyanın “gürcü dünyasına inteqrasiyası ilə bağlı siyasi planlarını nəzərə alsaq, vəziyyətin uzunmüddətli perspektivdə proqnozlaşdırılması mümkünsüz görünür.
Çıxış yolları: 1) qadağan etmək; 2) nifrət etmək; 3) inkişaf etmək
“Mən heç vaxt Gürcüstana müalicəyə gedən adamları başa düşməyəcəm, onları satqın hesab edirəm. Axı qardaşlarımızı öldürən gürcülər idi, indi də müalicə üçün onların yanına gedirik. Ora getməkdənsə, borca pul götürüb, istənilən başqa ölkəyə müalicəyə getmək olar, – Abxaziya sakini Tengiz Kiut hesab edir.
Bu vəziyyətdən iki çıxış yolu – qadağan etmək və (və ya) həyatı dəyərlərdən daha üstün tutanlara nifrət etmək – cəmiyyətdə kifayət qədər populyardır. Digər tərəfdən, əgər Abxaziya artıq bir ölkə kimi, siyasi və ideoloji dəyərlər kompleksi kimi formalaşıbsa, onda Gürcüstana bu və ya digər səbəblər üzündən gedən insanlara qarşı şübhəli yanaşma sadəcə təfəkkürün dərinliyində gizlənən keçmiş kompleksləri göstərir.
Biz böyük mobillik dövründə yaşayırıq. İnsanların, bütün dünyada olduğu kimi, daha yaxşı ərzağın, daha keyfiyyətli səhiyyənin olduğu, daha çox pul qazana biləcəyi və s. yerləri seçmək imkanı var. Qonşuluğumuzda Abxaziya vətəndaşları üçün olduqca cəlbedici olmaq istəyən bir ölkə var. Gürcüstanın Abxaziyadan işçi resurslarını cəlb edəcək və ya xüsusilə cəlbedici həyat şəraiti yarada biləcək iqtisadiyyatı yoxdur. Amma həyat səviyyəsi verə bildiyi yerdə Gürcüstan bunu edir.
Problem insanların ora müalicə olunmağa getməsində deyil. Problem Abxaziyanın yaşadığı permanent kollapsdadır. Biz insan kapitalını itirəcəyik və bu heç də mütləq Gürcüstanla bağlı olmayacaq. Əksər insanlar öz həyat strategiyalarını Rusiya və ya hər hansı başqa ölkə ilə bağlayır.
Nə qədər ki, indi inkişaf etmirik, uzunmüddətli planda gələcək uğrunda mübarizədə uduzmuş olacağıq.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər