İki illik baş nazir: Mixail Saakaşvilinin planı
“Birləşmiş müxalifət” tərəfindən baş nazir kürsüsünə namizədliyi irəli sürülən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili video-müraciət paylaşıb.
O bəyan edib ki, Gürcüstanın baş naziri olmağa hazırdır, amma tam müddətə yox, o həmçinin planları haqda danışıb.
Biz onun çıxışında vacib olanları haqda, bir də siyasi spektrdan və cəmiyyətdən hansı dəyərləndirmələrin gəldiyi haqda danışacağıq.
Mixail Saakaşvili bildirb ki, yalnız iki illik baş nazir olmaq niyyətindədir:
“Mən sizə demək istəyirəm ki, bu funksiyanı üzərimə hakimiyyət istədiyim üçün götürməyəcəm. Mən həqiqətən hakimiyyət üçün darıxmıram və sizə demək istəyirəm ki, mən tam müddətbaş nazir olmayacam, maksimum iki il. Ölkəni bataqlıqdan çıxarmaq və irəliləmək üçün bu qədər yetərlidir”.
Saakaşvili planının konkret istiqamətləri ilə bölüşüb.
Saakaşvilinin planı
Keçmiş Gürcüstan prezidenti qeyd edib ki, o, ədalətsiz məhkəmənin nə demək olduğuna öz təcrübəsində əmin olub və ədalət mühakiməsi sistemində islahatlara böyük diqqət yetirib.
Saakaşvilinin sözlərinə görə, baş tutacaq seçkilərdə oliqarx İvanişvilinin partiyasının məğlubiyyətindən sonra heç kim daha hüquq-mühafizə orqanlarına təkbaşına rəhbər təyin edə bilməyəcək – onlar xalq, siyasi spektr və vətəndaş cəmiyyətindən ibarət geniş konsensusla təyin ediləcəklər.
Saakaşvili baş nazir olarsa:
● əcnəbi hakimlər təyin ediləcək;
● Daxili İşlər Nazirliyinin polis funksiyaları yalnız formal olaraq qalacaq;
● penitensiar sistem Ədliyyə Nazirliyindən ayrılacaq, qurum rəhbəri isə parlament tərəfindən təyin ediləcək;
● parlamentin insan haqları komitəsinin rəhbəri vəzifəsində müxalifət nümayəndəsi olacaq.
Saakaşvili Gürcüstana nə zaman qayıdacaq?
Bu, Gürcüstan cəmiyyətini və eks-prezidentin tərəfdarlarını hər şeydən daha çox maraqlandıran məsələdir.
Saakaşvili müraciətində konkret tarix haqda heç nə deməyib. O, bildirib ki, onun üçün ən əsası qayıdışının ölkədə qarşıdurma və çaxnaşma yaratmamasıdır.
“Mən elə şərtlər altında gələcəyəm ki, bu, qarşıdurma və çaxnaşma doğurmasın. Hər şeyin dinc olması çox vacibdir. Əslində mən iğtişaşlarla hakimiyyətə gəlmək istəmirəm, amma Gürcüstanın xilasa möhtac olması ilə biz hamımız razıyıq”, – o deyib.
Maneələrlə qaçış – evə qayıdış yolunda əngəllər
Saakaşvilinin Gürcüstana qayıdışı və baş nazir seçilməsi nə dərəcədə realdır? Bununla bağlı müxalifət arasında geniş müzakirələr hələ başlamayıb. Eks-prezident özü də qarşısında dayanan əngəllər haqda danışmayıb.
Mixail Saakaşvili Gürcüstan vətəndaşı deyil. O, Ukrayna vətəndaşı olandan sonra onun Gürcüstan vətəndaşlığı ləğv edilib.
Gürcüstan konstitusiyasına müvafiq olaraq Gürcüstan vətəndaşı olmayan şəxs baş nazir vəzifəsini tuta bilməz.
Ukrayna vətəndaşlığı Saakaşviliyə digər məsələlərdə də mane olur: Seçki Məcəlləsinə əsasən, əcnəbi vətəndaşlar seçki kampaniyasında iştirak edə bilməz.
Bir problem də var. Gürcüstan hakimiyyəti Mixail Saakaşvili haqda axtarış elan edib. Gürcüstanda o, Sandro Qirqvlianinin qətli ilə bağlı dəlilləri gizlətməkdə, o cümlədən də deputat Valeri Qelaşvilinin döyülməsinin təşkilində təqsirli bilinərək qiyabi məhkum edilib. Gürcüstan qanunvericiliyi saxlanılan və məhkum edilənlərin dövlət qulluğunda çalışmasını qadağan edir.
Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasından bildirirlər ki, artıq bu problemlər haqda düşünüblər və qələbə qazanacaqları təqdirdə qanunvericiliyə lazımi dəyişikliklər ediləcək ki, Saakaşvilinin vətəndaşlıq və məhkumluq məsələsi həll edilsin. Amma hazırkı mərhələdə aydın deyil ki, eks-prezidentin Gürcüstana təhlükəsiz qayıdışı üçün siyasi həll yolu tapılıbmı.
İctimaiyyətin və siyasətçilərin dəyərləndirmələri
“Gürcü arzusu” iqtiar partiyasının nümayəndələri Saakaşvilinin Gürcüstana və Gürcüstan siyasətinə qayıdışı haqda bəyanatını komediya adlandırıblar.
“Gələcəkdə mən Saakaşvilini səliqəli, enerjili məhbus kimi, orada papaq və əlcək tikən əməksevə insan kimi görürəm. Qanuna əməl olunmalıdır, o məhkum edilib və onu mütləq penitensiar müəssisəyə göndərəcəklər, daha sonra isə əgər nəsə olsa, onu tibb müəssisəsinə keçirə bilərlər”, parlament çoxluğu fraksiyasının üzvü Nukri Kantariya deyib.
ədliyyə naziri Teya Tsulukiani də onunla razıdır.
“Əgər o, gəlmək qərarına gəlsə, bu problem deyil. Onu cinayət məsuliyyəti gözləyir”, Tsulukiani deyib.
Saakaşvili yenə də ölkəni təkbaşına idarə etmək məqsədilə Gürcüstana qayıtmaq istəyir, Saakaşvilinin proporsional seçki sistemi və mümkün koalisiya hökuməti ilə bağlı mövqeyi bundan xəbər verir – müxalif “Avropa Gürcüstanı” partiyasının lideri Qiqa Bokeriya belə hesab edir.
Amma Bokeriyanın sözlərinə görə, bir nəfərin idarəçiliyi qəbulolunmazdır, çünki “ölkəyə geriyə qayıdış yox, dəyişiklik və inkişaf lazımdır”.
Digər müxalif partiyalarda da Saakaşvilinin qayıdış planlarına şübhə ilə yanaşıblar. “Saakaşvilinin qayıdışı ilə bağlı bəyanatına şad olan ancaq “Gürcü arzusu” partiyasıdır. Bu, həmin iki partiyanın [Saakaşvilinin partiyası və “Gürcü arzusu” iqtidar partiyası] bizə təqdim etdiyi köhnə siyasi tamaşanın davamıdır”, müxalif “Lelo” partiyasının üzvü Levan Koberidze deyib.
“Saakaşvili öz seçicilərinə hörmət eləmir. Hesab edir ki, o, onlara nə versə, onlar da bunu yeyəcəklər. Əks halda o, bu seçkilərdə onlar üçün belə anlaşılmaz vineqred hazırlamazdı və heç olmasa, konkret nə zaman və hansı vəziyyətdə ölkəyə gəlmək niyyətində olduğunu deyərdi”, – Facebook istifadəçilərindən biri yazıb.