“Müharibə ehtimalı yüksəkdir”: Ermənistanın eks-prezidenti istefasından sonra ilk böyük mətbuat konfransını keçirib
Ermənistanın eks-prezidenti Serj Sarqsyan 2018-ci ildə istefa verdikdən sonra ilk böyük mətbuat konfransını keçirib. O, keçmiş müxalif siyasətçi Nikol Paşinyanın hökumət başçısı olması ilə nəticələnən “məxməri” inqilab günlərində küçələrə çıxan minlərlə insanın təzyiqi altında vəzifədən gedib.
İki il ərzində Serj Sarqsyan susqunluğunu qoruyub. İlk dəfə o, 2020-ci ilin aprelində, 2016-cı il aprel müharibəsinin – Dağlıq Qarabağda Ermənistan və Azərbaycan SQ-nin təmas xəttində yaşanan dördgünlük eskalasiyanın araşdırılması üzrə parlament komissiyasının iclasına dəvət olunduğu zaman susqunluğunu pozub.
O zaman eks-prezident jurnalistlərə söz vermişdi ki, fövqəladə vəziyyət rejimi bitəndən sonra mətbuat konfransı keçirəcək və aprel müharibəsi ilə bağlı bütün sualları cavablayacaq.
Bundan sonra eks-prezident həmin mövzu ilə bağlı video-müraciətlər silsiləsi yayıb. Sanki hər şey artıq deyilmişdi, amma o, koronavirusla bağlı fövqəladə vəziyyət rejimi hələ davam etsə də, mətbuat konfransı təşkil edib.
Üstəlik prezidentliyi dövründə çox danışmağı sevməyən və jurnalistlərlə çox az görüşən Sarqsyan bu dəfə parlamentdə akkreditasiya olunmuş bütün media orqanlarının nümayəndələri ilə görüşüb və üç saat boyunca dəvətlilərin suallarına cavab verib. Bundan başqa, o, dəfələrlə qeyd edib ki, jurnalistlərlə təkrar görüşməyə və onları maraqlandıran digər mövzularla bağlı suallara da cavab verməyə hazırdır.
Keçmiş prezidentin jurnalistlərlə bu görüşünün tezisləri və Ermənistan sakinlərini ən çox maraqlandıran sualların cavabları.
● “Məhz Azərbaycan Ermənistana hücum edib” – Ermənistanın baş naziri BBC-ə müsahibəsində
● Şərh: Ermənistan və Azərbaycan sərhədində gərginliyi kim təhrik edib? Bu, Rusiya ola bilərmi?
Bu müharibədən qaçmaq mümkün deyildi
Əvvəlcə Serj Sarqsyan aprel müharibəsində həlak olan hərbçilərin xatirəsini anmağı təklif edib, sonra isə aprel müharibəsinin araşdırılması üzrə istintaq komissiyasındakı çıxışının mətnini jurnalistlərə təqdim edib.
Onun sözlərinə görə, bu müharibənin qarşısını almaq mümkün deyildi, çünki Azərbaycan güzəştli həll yollarına hazır deyildi:
“Müharibənin qarşısını almaq üçün ancaq bir yol vardı – birtərəfli güzəştlərə getmək, bu isə təbii ki, müzakirə mövzusu belə deyildi. Bu, bizim üçün qəbulolunmaz yoldur.
Müharibə başlatmaqla Azərbaycan danışıqlar prosesinin gedişatını tam dəyişmək məqsədi güdürdü. Onlar nümayiş etdirmək istəyirdilər ki, bu münaqişənin hərbi həlli var. Danışıqların onların xeyrinə davam etmədiyini isə 2016-cı ilin oktyabrında hökumətin iclasında beynəlxalq aləmin bağlı qapılar arxasında onu Dağlıq Qarabağın müstəqilliyini tanımağa məcbur etdiyini etiraf etməklə ən gözəl şəkildə İlham Əliyev özü sübut etdi”.
“80-lərin silahı” haqda
Aprel müharibəsindən sonra Almaniya mediasına verdiyi müsahibədə Serj Sarqsyan bəyan etmişdi ki, erməni əsgəri ön cəbhədə 1980-ci illərin silahı ilə dayanıb. Bu ifadə ölkə sakinlərini şoka salmışdı – çoxları bunu hakimiyyətin ordunu müasir silahlarla təchiz edə bilmədiyinin etirafı kimi qəbul edib və ölkə rəhbərliyini müdafiə üçün ayrılan büdcə vəsaitlərinin talanmasında günahlandırıb.
Bununla əlaqədar Sarqsyan bildirir ki, dünyada 80-lərin silahları olmayan ordu yoxdur:
“Hətta bu gün nəinki bizim SQ arsenalında, hətta ən varlı ölkələrin də cəbhəxanasında 80-lərin silahları var.
Bu bəyanat 80-lərin silahlarının nə demək olduğu haqda heç bir təsəvvürü olmayan insanlar tərəfindən spekulyasiya mənbəyi oldu. Mənim dediyim bu mənanı verirdi: hörmətli ATƏT üzvləri [o zaman Almaniya ATƏT-ə sədrlik edirdi], sizlər Azərbaycanın dişlərinə qədər silahlanmasına göz yumsanız da, bizim döyüşçülər öz Vətənini qoruya bildi”.
“Müharibə ehtimalı yüksəkdir”
“Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi dalana dirənib, bu da müharibə ehtimalını yüksəldir”, – eks-prezident bildirib.
Serj Sarqsyan Ermənistan-Azərbaycan sərhədində iyul eskalasiyasını bu dalanın fəsadlarından hesab edir.
Onun fikrincə, “Dağlıq Qarabağ məsələsi yalnız beynəlxalq təzyiq şəraitində həll edilə bilər:
“Heç bir Azərbaycan lideri heç vaxt könülü şəkildə Dağlıq Qarabağın müstəqilliyini tanımaz”.
“Bizim Bakı qarşısında üzr istəmək üçün səbəbimiz yoxdur”
Az əvvəl baş nazir Nikol Paşinyan BBC telekanalına müsahibə verib. “Hard Talk” verilişinin aparıcısı hökumət başçısından soruşub ki, “Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi hərbi cinayətlərə görə üzr istəməyə hazırdırmı?”. Bu suala Serj Sarqsyan da cavab verib:
“Biz niyə Azərbaycan qarşısında üzr istəməliyik? Qanuna hərfi-hərfinə əməl edərək dinc yolla öz müqəddaratımızı müəyyən etmək hüququmuzu həyata keçirmək istədiyimiz halda onların bizim üstümüzə bandalar göndərdiyi və bizi silahla əzməyə çalışdıqları üçün? Öz atəş nöqtələrini yaşayış məntəqələrində yerləşdirib dinc əhalini atəşə tutduqları üçün?…
Nə mənim, nə də döyüş yoldaşlarımın üzr istəməyə mane olan komplekslərimiz yoxdur. Amma bunun üçün əsaslar olmalıdır, bizim utanacaq bir şeyimiz yoxdur. Biz üzr istəyəcək heç nə etməmişik”.
“İsgəndər” komplekslərindən niyə istifadə olunmayıb?
Aprel müharibəsi zamanı Ermənistan tərəfi artıq malik olduğu “İsgəndər” komplekslərindən istifadə etməyib. Serj Sarqsyan izah edib:
“Bu, genişmiqyaslı hərbi əməliyyatlar idi, amma tammiqyaslı deyildi. Biz “İsgəndərlərdən” istifadə etsəydik, o zaman məcazla desək, sərçələri topla vurmuş olardıq. “İsgəndərlər” çox güclü silahdır və ilkin missiyası rəqidin qarşısını almaqdan ibarətdir”.
Sarqsyanın sözlərinə görə, 2016-cı ilin aprelində Azərbaycanın daha genişmiqyaslı müharibəyə getməməyinin əsas səbəblərdən biri Ermənistanda “İsgəndərin” olmasıdır.
“Cavab çox birbaşa olacaqdı – “İsgəndər” raketləri Bakıya və ya Gəncəyə qədər gedib çıxacaqdı. Və bundan sonra məlum deyil ki, Azərbaycan rəhbərliyi daxili siyasət planında itkilərin altından qalxa biləcəkdimi”.
Ermənistan Qarabağın müstəqilliyini tanımaq niyyətində idi?
2016-cı il aprel müharibəsi daha uzun sürsəydi, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqdı – Serj Sarqsyan bildirib:
“Ermənistanın Silahlı Qüvvələri Dağlıq Qarabağın təhlükəsizliyinin qarantıdır və Ermənistan Qarabağ xalqını müdafiə etmək üçün hər yoldan istifadə edəcək. Mən indi də əminəm ki, əgər tammiqyaslı müharibə olsa, Ermənistan Qarabağın müstəqilliyini tanımağa borcludur”.
Rusiyanın rolu haqda
2016-cı ildə hazırkı baş nazir Nikol Paşinyan hələ müxalif deputat olduğu zaman bəyan etmişdi ki, aprel müharibəsi Rusiyanın razılığı ilə başlayıb. Paşinyanın sözlərinə görə, məqsəd Yerevanı Bakının xeyrinə ərazi güzəştlərinə getməyə və bununla da Azərbaycanı Rusiyanın liderliyi altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqına cəlb etməkdən ibarət olub.
2020-ci ilin yanvarında Paşinyan artıq baş nazir olduğu zaman bildirib ki, artıq Ermənistanı narahat edən məsələləri Rusiya ilə müzakirə edib və “bütün narahat edən sualların cavabını alıb”.
Sarqsyan jurnalistlərdən xahiş edib ki, Paşinyandan rusiyalı həmkarları ilə hansı müzakirələri apardığı haqda soruşsunlar, baş nazirin bəyanatını isə cahillik adlandırıb:
“İnsanlar müttəfiqləri haqda yoxlanılmamış, gözdənsalıcı ideyalar, fikirlər yaydıqları zaman bunun dərin fəsadları olur. Həm də sadəcə bu məqamda yox. Rusiya bizim strateji müttəqimizdir. Bu cür bəyanat öz müttəfiqini müharibəni təhrik etməkdə, yəni satqınlıqda günahlandırmaqdır. Bu yolverilməzdir”.
Ermənistanın nəzarətindəki ərazilərin təhvil verilməsi
Serj Sarqsyan öz hakimiyyəti dövründə Azərbaycana müəyyəm əraziləri güzəştə getməyə hazırlaşdığı haqda suala da cavab verib:
“Mənim heç vaxt heç kimlə xalqımız üçün təhlükə daşıyan razılaşmalarım olmayıb. Bu cür şayiələri yayanlar sadəcə utanmalıdırlar… Belə şey olmayıb, ola da bilməz”.