Satqınlar, yoxsa qurbanlar?
Cənubi Osetiyada 2014-cü ilin iyun ayında Cənubi Osetiya DTK tərəfindən həbs olunan Puxayev qardaşlarının işi üzrə qalmaqallı məhkəmə prosesi bitmək üzrədir. O vaxt onlar Gürcüstanda uzun müddət yaşadıqdan sonra analarının vəsiyyəti ilə ölümündən sonra onu Sxinvalda torpağa tapşırmaq üçün bura gəldilər.
Əslən Sxinvaldan olan İqor və Batır Puxayevlərə RF CM-nin iki maddəsi üzrə ittihamlar irəli sürüldü – hakimiyyətin zorla ələ keçirilməsi və vətənə xəyanət. Puxayevlərin işi üzrə ittiham aktı 27 oktybar 2015-ci ildə Sxinval şəhər məhkəməsinə təqdim olundu. Məhkəmə prosesi bu ilin yanvar ayında başladı, martın 10-da isə müttəhimlərdən biri – İqor Puxayev Cənubi Osetiya prezidenti Leonid Tibiliv tərəfindən əfv edilərək, Gürcüstan hakimiyyətinə təhvil verildi.
Hazırda müttəhimlər kürsüsündə ittihamın elan olunmasını ancaq Puxayevlərdən biri – Cənubi Osetiya Respublikasının (COR) keçmiş parlament deputatı Batır Puxayev gözləyir.
Terrorçularla əlbir?
Məhkəməyə təqdim olunan materiallara əsasən, Batır və İqor Puxayevlər “qəsdən cinayətlərin törədilməsində, o cümlədən də Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən yaradılan və Dmitri Sanakoyevin başçılıq etdiyi müvəqqəti administrasiya ilə əməkdaşlıqda ittiham olunurlar. İstintaqın məlumatına görə, Puxayev qardaşları Gürcüstan tərəfinə keçərək, Cənubi Osetiyada terror təşkilatı kimi tanınan Dmitri Sanakoyevin müvəqqəti administrasiyanın fəaliyyətini dəstəkləyiblər.
“JAM-newsun dosyesi
2007-ci ilin may ayında Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvilinin bilavasitə iştirakı ilə gürcü-osetin münaqişə zonasının o vaxtlar Tbilisinin nəzarəti altında olan və gürcü kəndlərinin yerləşdiyi ərazisində Cənubi Osetiyanın müvəqqəti administrasiyası yaradıldı. Bu ərazidə keçirilən seçkilərdə əvvəllər Sxinvalda güc qurumlardan birinin rəhbəri olan 38 yaşlı Dmitri Sanakoyev qalib gəldi. Gürcüstan bu layihəni və Sanakoyevin özünü 2006-cı ilin noyabr ayında Cənubi Osetiyada keçirilən və rəsmi Tbilisi tərəfindən tanınmayan, Eduard Kokoytının yenidən seçildiyi seçkilərə alternativ olaraq nəzərdən keçirirdi.
Kokoytı əvvəlki, Gürcüstandan ayrılmaq kursunu təsdiqləyən zaman müvəqqəti administrasiya öz ərazisində “alternativ referendum keçirdi və Sanakoyevin 94 faiz seçicisı Tbilisi ilə konfederativ müqavilənin lehinə səs verdi. Getdikcə müvəqqəti administrasiyanın fəaliyyəti daha formal xarakter daşımağa başladı və 2008-ci ilin avqust ayında Cənubi Osetiya ətrafında gürcü-osetin müharibəsindən sonra o öz fəaliyyətini dayandırdı.
COR parlamenti 2015-ci ildə müvəqqəti administrasiyanın fəaliyyətini terror fəaliyyəti kimi və COR-un dövlət maraqlarına təhlükəli olaraq tanıdı, Dmitri Sanakoyevi və onun komandasını isə COR hakimiyyəti beynəlxalq axtarışa verdi. Puxayev qardaşları, ittiham tərəfinin versiyasına görə, bu komandaya daxil idilər və həmin seçkilərin təşkilində iştirak edirdilər.
Prezidentin qisası?
2006-cı ildə Puxayev Vladikavkazda kazino sahibi idi, qardaşı, Cənubi Osetiya parlamentinin deputatı olan Batır Puxayev isə Cənubi Osetiyanın o vaxtki prezidenti Eduard Kokoytının siyasəti ilə razı olmadığını açıq bəyan edirdi.
İqor Puxayev
Puxayevin qohumlarının sözlərinə görə, Eduard Kokoytı hər iki qardaşdan onların Dmitri Sanakoyevlə əlaqəsinə görə qisas almağa başladı. İqor Puxayevin Vladikavkazdakı qumar biznesi Şimali Osetiya-Alaniyanın güc qurumlarının reydlərinə, bundan əlavə də Cənubi Osetiyanın güc idarələrinin qanunsuz axtarışlarına məruz qalırdı.
Hadisənin başlanğıc nöqtəsi Batır Puxayevlə COR-ın o vaxtkı daxili işlər naziri Robert Quliyev arasında məişət zəminində baş verən mübahisə oldu. Şahidlərin sözlərinə görə, onlar dalaşdılar, amma elə həmin gün də barışdılar. Növbəti gün isə güc qurumlarının əməkdaşları Batır və onun kiçik qardaşı İnalı tutaraq, döydülər və Tbilisi hökumətinin nəzarəti altında olan anklava daxil olan Tamarşeni kəndi yaxınlığına aparıb atdılar. Bu kəndlərdən birində – Kurtada 2006-cı ildən 2008-ci ilə qədər Dmitri Sanakoyevin müvəqqəti administrasiyası fəaliyyət göstərib.
Batır və İnal Puxayevləri gürcü polisi tapdı, onlara tibbi yardım göstərildi.
Bundan bir qədər sonra Batır və İqor Puxayevlər Tbilisiyə köçdülər və bir müddət sonra hər ikisi Sanakoyevin administrasiyasında vəzifə aldı. Onların kiçik qardaşları İnal Rusiyaya köçdü, amma sonra Sxinvala qayıtdı və indi də orada yaşayır, Cənubi Osetiya hakimiyyəti ilə problemləri olmayıb, indi də yoxdur.
Batır və İqor Puxayevlər ilk dəfə Cənubi Osetiyaya 2014-cü ilin iyun ayında qayıtdılar. Onlarla Tbilisidə yaşayan anaları dünyasını dəyişdi, qadın onu tarixi vətənində dəfn etməyi vəsiyyət etmişdi.
Puxayevlərin vətənə qayıtması bir çoxları tərəfindən heç də yaxşı qarşılanmadı, çünki onlar burada satqın kimi tanınırdılar. Puxayevlərin Sxinvala gəldiyi ilk gün qonşulardan biri qaçaq qardaşların evinə avtomatdan atəş açdı. O, DİN tərəfindən saxlanıldı, amma həmin gün də azadlığa buraxıldı, Puxayev qardaşları isə xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Cənubi Osetiya DTK-nə gətirildi.
Dəfn günü onları silahlı mühafizə dəstəsi altında evə buraxdılar. Sonra yenidən tutdular. Tezliklə Puxayev qardaşlarına üç maddə üzrə ittiham irəli sürüldü: terrorçuluq, hakimiyyətin ələ keçirilməsi və vətənə xəyanət (sonradan terrorçuluqda ittiham geri götürüldü).
Qəribə məhkəmə, gözlənilməz azadlıq
Ümumilikdə Puxayevlər bir il doqquz aydır ki, həbsdədirlər. Məhkəmə bağlı qapılar arxasında keçirilir. Rusiya vətəndaşlığı olan vəkilləri Puxayevlərə yaxın buraxmırdılar, qohumlara təkidlə Sxinvalda yaşayan və Cənubi Osetiya vətəndaşı olan vəkillərin xidmətlərindən istifadə etməyi məsləhət görürdülər.
Puxayevlərin qohumlarının sözlərinə görə, ittiham materiallarında göstərilir ki, guya İqor və Batır Puxayevlər Gürcüstanın hərbi rəhbərliyinə Sxinvalın zəbt edilməsi ssenarisinin işlənib hazırlanmasında məsləhətlər veriblər. Bu ittihamları müdafiə tərəfi saxtalaşdırılmış sayır və absurd olduğunu deyir.
Bu cür səs-küylü məhkəmə prosesinin fonunda COR prezidenti Leonid Tibilovun qərarı gözlənilməz oldu, martın 10-da o, Puxayev qardaşlarından birini – İqoru əfv etdi. Hesab olunur ki, Puxayevin azad edilməsi Leonid Tibilov, Abxaziya prezidenti Raul Xadjimba və Gürcüstan prezidenti Georgi Marqvelaşvili arasında bu ölkələrin ərazisində cəza çəkən məhbusların mübadiləsi haqqında əldə olunan razılaşma nəticəsində mümkün olub. Mübadilə martın 10-da gürcü-abxaz sərhədində baş tutdu.
“Эхо Кавказа radiosuna müsahibəsində Batır Puxayev bildirdi ki, ona səhhəti ilə əlaqədar amnistiyaya razılıq verməsini təklif ediblər, amma o, bu təklifi rədd edib, çünki özünü günahkar saymır və bunu məhkəmədə sübut etmək niyyətindədir.
Batır Puxayev
Hazırda Batır Puxayevin işi üzrə məhkəmə prosesi, onun vəkili İrina Elbakidzenin sözlərinə görə, bitmək üzrədir. Tərəflərin müzakirələrinin aprelin 14-də başlayacağı gözlənilir.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 13.04.2016