“Bura sizin üçün Sevan deyil”: Türkiyə XİN-i Ermənistanın bəyanatına sərt reaksiya verib
“Deyəsən, Ermənistan öz coğrafi mövqeyi haqda yanlış təsəvvürə malikdir: söhbət Sevan gölündən yox, Şərqi Aralıq dənizindən gedir”, – Ermənistan XİN-in Şərqi Aralıq dənizi regionunda baş verən son hadisələrlə bağlı bəyanatına Türkiyə XİN-i belə reaksiya verib.
Daha əvvəl Ermənistan XİN-i “Türkyənin Şərqi Aralıq dənizindəki stabilliyi pozan mövqeyinin bu ölkənin qonşu regionlarda ardıcıl apardığı təcavüzkar və ekspansist siyasətini nümayiş etdirdiyi” haqda bəyanatla çıxış edib.
Söhbət Kipr və Yunanıstanın iqtisadi zonasında aparılan neft-qaz ehtiyatlarının seysmik kəşfiyyatı və Türkiyənin buraya hərbi gəmilərin müşayiəti ilə tədqiqat və qazma gəmiləri göndərməsindən gedir.
• Ermənistan Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin iştirakını yolverilməz hesab edir
Türkiyənin reaksiyası
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy bəyan edib ki, “Ermənistan Şərqi Aralıq dənizi haqda fikir bildirməyə çalışarkən, coğrafiya haqda və öz soğrafi mövqeyi haqda heç bir təsəvvürə sahib deyil”:
“Ermənistanın Şərqi Aralıq dənizi haqda fikrini bəyan etməsi həyasızlıq və məsuliyyətsizliyin yeni nümunəsidir”.
Türkiyə XİN nümayəndəsinin fikrincə, Türkiyəyə qarşı “gizli” ittifaq fəaliyyətdədir və Birləşmiş Ərəb Əmirliklərinin və Fransanın ardınca “dənizə çıxışı olmayan Ermənistan da hesab edib ki, region haqda danışmaq haqqına sahibdir”.
“Nə olursa-olsun, Türkiyə Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan doğan öz haqlarını, kiprli türklərin haqlarını qoruyacaq. Heç bir məkrli ittifaq bunun qarşısını ala bilməz. Fərqli düşünən hər kəs tarixdən heç bir dərs çıxarmayanlardır”, – Aksoy əlavə edib.
Bundan başqa, Türkiyə XİN mətbuat katibi növbəti dəfə ölkəsinin “qardaş Azərbaycanı bütün qüvvələri ilə dəstəklədiyini” xatırladıb.
Ermənistan XİN-in bəyanatı
“Biz Yunanıstan və Kiprin Türkiyəni gərginliyin azaldılması istiqamətində addımlar atmaq, beynəlxalq hüquqa hörmətlə yanaşmaq, Yunanıstan və Kiprin iqtisadi zonalarında bütün əməliyyatları dayandırmaq çağırışını Ermənistanın qeyd-şərtsiz dəstəklədiyini və həmrəy olduğunu təsdiqləyirik”, – Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda bildirib ki, Türkiyənin qarşısını almaq üçün yeni formata ehtiyac var və onlardan biri də Aralıq dənizində formalaşan koalisiyadır.
Daha əvvəl Ermənistan, Yunanıstan və Kipr yeni üçtərəfli formatın tətbiq olunması haqda bildirib. Ölkələr və hökumətlər səviyyəsində ilk sammit 2020-ci ilin yanvarında Ermənistanda keçirilməli idi, amma təxirə salındı.
Sevr müqaviləsi
Türkiyə XİN-in mətbuat katibinin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Sevr müqaviləsinin yüzilliyi ilə əlaqədar səsləndirdiyi bəyanat Türkiyə tərəfinin qəzəbini doğurub.
Müqavilə 1920-ci ildə Türkiyə sultanlığı hökuməti və Birinci Dünya Müharibəsində qalib gələn müttəfiq dövlətlər arasında imzalanıb.
Sənədə əsasən, Türkiyə bəyan edib ki, “Ermənistanı artıq müttəfiq dövlətlərin etdiyi kimi azad və müstəqil dövlət kimi tanıyır”.
Türkiyə vilayətlərindən bəzilərinin əraziləri Ermənistan Respublikasının tərkibinə daxil edilib. Ermənistan və Türkiyə arasında sərhədlərin müəyyən edilməsi və Ermənistanın dənizə çıxışının açılması ilə bağlı tədbirlərin görülməsi arbitr təyin edilən ABŞ prezidenti Vilsonun qərarına buraxılıb. Sevr müqaviləsinə əsasən, Ermənistanın ərazisi 150 kvadrat-kilometr (hazırda mövcud olan 30 kv.km əvəzinə) olmalı idi. Amma müqavilə qüvvəyə minmədi.
Artıq yüz il keçsə də, “Sevr sülh müqaviləsi tarixi fakt kimi hələ də mövcuddur” – Ermənistanın baş naziri Sevr müqaviləsinin imzalanmasının 100 illiyinə həsr olunan elmi konfransın iştirakçılarına müraciətində qeyd edib.
“Versal müqaviləsi Avropada sülh yaratdığı kimi Sevr müqaviləsi də əvvəllər Osmanlı İmperiyasına aid olan Ön Asiya ərazilərində sülhü bərqərar edib. Müqavilə region xalqlarının müharibə səbəbilə məruz qaldıqları əzab və məhrumyyətlərə son qoymalı idi…
Sevr müqaviləsi öz 89-cu maddəsi ilə erməni xalqının Ermənistan dağlıq əraziləri ilə mübahisəsiz tarixi əlaqəsi qeyd olunub, harada ki, minilliklər boyu erməni xalqı yaşayıb, dövlətçiliyini və mədəniyyətini yaradıb”, – Nikol Paşinyanın müraciətində deyilir.