Referendum: keçirmək olmaz ləğv etmək
Mərkəzi Seçki Komissiyası abxaz müxalifətinə prezident Raul Xadjimbaya impiçmentlə bağlı referendumun keçirilməsi üçün imza toplamağa başlamağa icazə verib. Aksiya təşəbbüskarlarının bildirdiyinə görə, aprelin 1-nə qədər artıq 14 mindən çox imza toplanıb, mütləq minimum 10 mindir. Müxalifət isə referendumun keçirilməsi üçün imza toplamağı dayandırmağa hazırlaşmır.
Qanunla bu prosedura iki ay vaxt verilir. Sonra daha iki həftə ərzində MSK alınan materialları araşdıracaq və müsbət nəticənin əldə olunduğu halda referendumun keçiriləcəyi tarixin təyin edildiyi barədə bildirəcək. Referendum üç ay ərzində keçirilməlidir. Qüvvədə olan qanunvericiliyə görə, referendumun baş tutması üçün seçki qutularına ən azı 50 faiz və səsvermə hüququ olan ölkə vətəndaşlarının siyahı tərkibindən 1 seçici öz bülletenlərini atmalıdır.
Prezident Xadjimbaya impiçment elan etməyin tərəfdarlarının arqumentləri
İmza toplama üzrə iş Abxaziyanın Qaldan başqa, bütün digər rayonlarında aparılır.
“Biz Qal rayonunu kənarlaşdırdıq, çünki hazırda orada kimin vətəndaşlığının qalıb-qalmadığını anlamaq çətindir. Biz bilərəkdən bu regionu çıxardıq ki, sonra qarışıqlıq, əlavə suallar yaranmasın, – referendumun keçirilməsi üzrə təşəbbüs qrupunun rəhbəri Daur Taniya bildirdi.
Müxalifət hesab edir ki, Raul Xadjimba vaxtından əvvəl prezident vəzifəsindən getməlidir, çünki özünün seçkiqabağı vədlərini yerinə yetirməyib.
Əsas arqumentləri müxalifət blokuna daxil olan dörd təşkilatdan biri – “Apra Sosial-İqtisadi və Siyasi Tədqiqatlar Fondunun rəhbəri Aslan Bjaniya təqdim edir. Aslan Bjaniya 2014-cü ilin avqust ayında baş tutan son prezident seçkilərində indiki prezidentin əsas opponenti olub.
“Hakimiyyət başına gələn cənablar seçkiqabağı kampaniya zamanı öz vədlərini konkret vaxta bağlayırdılar. Misal üçün, cənab Xadjimbanın komandası abxaz təqaüdçülərinə 15 min rubl həcmində təqaüd söz vermişdi. Amma bu baş vermədi. Buna cavab olaraq ölkədə və onun ətrafında iqtisadi vəziyyətin pisləşdiyini deyə bilərlər. Amma bu vaxt ərzində görülməli olan və iqtisadiyyatla heç bir bağlılığı olmayan işlər vardı, – Aslan Bjaniya deyir.
Aslan Bjaniya həm də o vaxtkı prezident postuna namizəd Xadjimbanın təşəbbüsü ilə imzalanan razılaşmanı da xatırlatdı, bu razılaşmaya əsasən, Abxaziya hökuməti formalaşmalı idi. “O hakimiyyətə gələndən sonra iki hökumət formalaşıb, bu razılaşmanı isə o vaxt da, indi də iqnor edirlər.
“Ya da misal üçün, prezidentliyə namizəd olarkən Xadjimba deyirdi ki, rusiyalılara mənzillərin satışı dövlətimizi məhv edəcək, amma hakimiyyətə gələndən sonra o bunun tam əksini deyir?
“Cənab prezident müxalifətdə olarkən deyirdi ki, Rusiyadan 2011-ci ildə bank sisteminə dəstək üçün 700 milyon rubl həcmində kreditin alınması düz deyildi, pul oğurlanıb və faydası olmayıb. İndi isə o həmin bu kreditlə işə salınan “APRA ödəniş sistemini tərifləyir və deyir ki, bu sistemi genişləndirmək lazımdır.
Xadjimbaya qarşı impiçment elan olunmasına qarşı çıxanların dəlilləri
“Raul Xadjimba öz gücünə ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün cəhdlər etdi. Rusiya Abxaziyaya maliyyə dəstəyi vəd etmişdi, amma ötən il biz bu dəstəyi almadıq. Bununla belə, hakimiyyət bu çətin vəziyyətdən çıxa bildi. Son illərdə ilk dəfə olaraq, avtonom mövcud olmağa və daxili ehtiyatları axtarmağa cəhd edilib. Bunu görməmək mümkün deyil, – parlament deputatı Valeri Kvarçiya deyir.
“Prezident Raul Xadjimba respublika konstitusiyasının bir bəndini belə pozmayıb və deməli, referendum keçirməyə heç bir səbəb yoxdur”, – prezidentyönlü “Abxaziyanın xalq həmrəyliyi forumu partiyasının liderlərindən biri olan Aslan Kobahiya deyir.
“Prezidentin hüquq və vəzifələrini dəqiq göstərən, bütövlükdə 26 bəndlik Abxaziya konstitusiyası var. Hazırda müxalifətin əsas hüquqşünasları olan iki keçmiş baş prokuror prezidentin öz fəaliyyətində hansı pozuntulara yol verdiyini elə də aşkar edə bilmədilər. Onlar referendumun keçirilməsi üçün bəhanə uydurdular, çünki özləri mümkün qədər tez hakimiyyət başına gəlmək istəyirlər, – Kobaxiya əlavə edir.
Tərəddüd edənlər
Abxaz qanunvericiliyi bu məsələdə həqiqətən də mükəmməl deyil və burada kifayət qədər boşluqlar var.
Misal üçün, prezidentə inamsızlıqla bağlı məsələ “Referendum haqqında qanunda göstərilir, bu qanuna əsasən, plebisit üçün qadağa olunmuş mövzular “Abxaziya Respublikasının dövlət suverenliyinin ləğv edilməsi, onun dövlət sərhədləri və ərazi bütövlüyünün dəyişdirilməsi, Abxaziya Respublikasının Konstitusiyası ilə təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələləridir.
Amma referendum baş tutsa və elektoratın əksər hissəsi dövlət başçısına impiçment elan etsə belə, bu, prezident üçün elə də əhəmiyyətli deyil. Yəni prezident nə edəcəyini – istefa verəcəyini və ya öz vəzifəsində qalacağını özü seçir. Çünki konstitusiyaya görə o, beş il müddətinə seçilir və ağır cinayətlər törətmədiyi və ya iş qabiliyyətini itirmədiyi təqdirdə prezident sahib olduğu hüquqa əsasən ancaq öz istəyilə vəzifəsindən vaxtından əvvəl gedə bilər.
İmpiçment proseduru da sonuna qədər işlənib hazırlanmayıb. Amma elektoratı narahat edən ancaq qanunvericilikdəki boşluqlar deyil.
Bu günlərdə politoloq Rustam Anşbanın qapısını imza toplayanlar döydülər. “Əslində mən referendumun lehinə olsam da, indi əleyhinəyəm, – Anşba ikibaşlı cavab verdi. Sonra da öz mövqeyini ətraflı izah etdi.
“Birincisi, referendum keçirilərsə və hətta onun nəticələrini bütün tərəflər tanısa da bu, seçki sisteminə zərbə endirəcək. İstənilən plandan kənar seçkilər seçki sisteminin gələcəkdə dağılmasına və idarəetmə aparatının tam kollapsına gətirib çıxaracaq.
“Referendumun keçirilməsi ideyasına qarşı ikinci dəlil yeni siyasətçilərin çatışmazlığıdır. Biz hamımız xatırlayırıq ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Həm daxili, həm də xarici inkişaf kursu ən azı yaxın 10 il üçün müəyyən edilib.
Bununla belə, referendumun keçirilməsi ideyasının müzakirəsi cəmiyyəti o dərəcədə parçalayıb ki, publisist İbrahim Çkaduanın zarafatla dediyi kimi, referendum ideyasını məntiqi sonuca gətirib çıxarmaq üçün referendumun ləğv edilməsi üçün də imza toplamağa başlamaq lazımdır.
“Bu təşəbbüs hüquqşünaslar tərəfindən necə qəbul olunacaq, xüsusən də Konstitusiya Məhkəməsinin olmadığı bir halda? Kazuistika və sofizmin tam zamanıdır. Bir çox insanlar eyni zamanda həm lehinə, həm də əleyhinə səs versələr şəxsən mən təəccüblənmərəm.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 08.04.2016