Ekspertlər Qarabağda baş verənlər haqqında
Bakıdan məlumat:
2 aprel 2016
“Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hadisələri bu cür şərh edir: “Bu gərginliyi Azərbaycanla ABŞ arasındakı münasibətlərin yaxşılaşması ilə izah etmək olar. Rusiya Ermənistanın əli ilə Azərbaycana xəbərdarlıq etmək istəyib. Amma cavab reaksiyası gözlənilməz oldu.
Bizdə olan məlumatlara görə, qoşunlarımız nəinki hücumu dəf edib, hətta təmas xəttindən içəri keçiblər. Bunun uzun sürəcəyini düşünmürəm. Rusiyanın özü sərhədləri yaxınlığında qızğın münaqişənin olmasında maraqlı deyil. Amma hələlik atışma davam edir.
İndicə “ASAN Radionun efirində cəbhə xəttində olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bütün növ hərbi texnikanın istifadəsi ilə döyüşlərin getməsi haqda xəbəri təsdiq etdi. Dinc əhalinin təxliyə olunması haqda informasiyanı isə təkzib etdi.
Təsdiqlənməmiş məlumata görə, sərhədyanı rayonlardan dinc əhalinin təxliyəsi həyata keçirilir.
Sosial şəbəkələrdə ən populyar mövzu münaqişənin gözlənilmədən gərginləşməsində Rusiya və ABŞ-ın roludur:
“İndiyə qədər cəbhə xəttindəki gərginləşmə Rusiya kanallarının xəbər mövzusu olmurdu. İndi NTV, Rossiya24 xəbər verir, həm də buraxılışın 2-3-cü xəbəri kimi. Allah axırımızı xeyir eləsin!
Yerevandan məlumat:
Aleksandr İskandaryan:
“Hazırda Qarabağdan gələn məlumata görə, müharibənin başlanmasına o qədər də oxşamır. Müharibənin düzgün başlanması yolu Qarabağla bütün təmas xətti cəbhəsi boyu dərinə hücum etmək olardı. Ermənistan prezidenti Serj Sarqsyan Vaşinqtondakı çıxışı zamanı Azərbaycan və Türkiyənin mövqeyini destruktiv adlandırdı və anındaca Azərbaycan bunun təsdiqi kimi hərbi əməliyyatlara başlayır.
Belə savadsız bir üsulla geniş miqyaslı müharibənin başlandığını da düşünmək olardı, amma mənə elə gəlir ki, bu, növbəti, amma qarşıdurmanın səviyyəsinə görə onu kifayət qədər kəskinləşdirən bir aksiyadır. Bu, belədirsə, onda bununla bağlı əmrin verildiyi aydındır və təxmin etmək olar ki, bu əmri Vaşinqtondan, orada hansısa problemləri yaranan Əliyev verib. Düşünmürəm ki, nizamlanmanın bu vaxta qədər də hər hansı bir perspektivi olub, amma Azərbaycan bu sayaq aksiyalarla ilk növbədə öz imkanlarını məhdudlaşdırır.
Sosial şəbəkələrdə:
“Əliyevin əsəbləri tab gətirmir. Onu Vaşinqtonda yaxşı qəbul etmədilər – insan haqları, demokratik standartların pozulması, söz azadlığı, müxalifətin tapdalanması, dövlət pulunun oğurlanması, korrupsiya ilə bağlı birbaşa iradlar. Amma özünə daha da pis elədi. Arxa cəbhədən dəstək gəlmədi, əlavə qüvvələr Qarabağdan uzaqda ilişib qaldı – görünür, hücumla bağlı əmr ordu üçün gözlənilməz oldu. İndi də mövqe döyüşləri gedir.
Stepanakertdən məlumat:
Aleksandr Kananyan:
‘Mənim fikimcə, azərbaycanlılar əsl geniş miqyaslı müharibəyə başlasaydılar, bu gün cəbhədə fərqli vəziyyət olardı. Baş verənlər daha çox nəzarətdən çıxmaq həddində olan hadislərin gözlənilmədən gərginləşməsini xatırladır. Artsaxda olan adamların dediyinə görə, vəziyyət stabildir: panika yoxdur və olmayacaq. Hazırda hadisələrin gedişatını izləmək və yoxlanmamış informasiyanı yaymamaq lazımdır. Yəkun olaraq: hər şey ya yaxşı, ya da çox pis olacaq. Hələlik bu qədər.
Moskvadan məlumat
14:55, 2 aprel 2016
Mixail Şevelyov, müstəqil jurnalist
Mixail Şevelyovun fikrincə, Moskvanın Suriyada özünü qlobal oyunçu rolunda təsdiq etmək cəhdində uğursuzluğa uğrayandan sonra ətraf dünya ilə söhbətdə heç olmasa hansısa arqumentlərin olmasına ehtiyacı var. Qarabağ münaqişəsi onun əlinin altında qalan çox az belə imkanlardan biridir. Bundan başqa, Kreml hazırda qərb mətbuatında gözlənilən ifşaedici məqalələrlə bağlı kifayət qədər əsəbi bir vəziyyətdədir. Belə olan halda cəmiyyətin diqqətini daxili siyasi problemlərdən yayındıran istənilən informasiya bəhanəsi yerinə düşür.
Vadim Dubnov, ‘Эхо Кавказа’, icmalçı
Vadim Dubnov hesab edir ki, baş verənlərdə Moskvanın əlinin olmasını düşünsək belə, bu heç də siyasi xarakter daşımır və 2014-cü ilin yayında müşahidə olunan gərginlik zamanı olduğu kimi, hansısa lokal hərbi motivlərin nəticəsidir. O, Rusiya və Amerika tərəflərinin ünsiyyətdə olduğu son danışıqlar meydanı kimi Minsk qrupunun Rusiya üçün son dərəcədə əhəmiyyətli olmasına da diqqət çəkir.
12:00, 2 aprel 2016
Yerevandan məlumat:
Ermənistan Müdafiə Nazirliyi bu gün səhər tezdən Qarabaş münaqişəsi zonasında bütün təmas xətti boyu hərbi qarşıdurmanın başlanması haqda xəbər verib.
Ermənistan bildirib ki, Azərbaycan artilleriya, zirehli texnika və aviasiyadan istifadə edərək, hücuma keçib. Ermənistan MN-nin rəsmi məlumatında deyilir ki, “düşmən Dağlıq Qarabağ Respublikasının daxilinə soxulmağa və strateji mövqeləri ələ keçirməyə cəhd edib.
Erməni mediasının məlumatına görə, sahələrdən birində Azərbaycan vertolyotu vurulub. Erməni rəsmi mənbələri həm də hər iki tərəfin itki verdiyini, amma Azərbaycan tərəfindən ölənlərin xeyli daha çox olduğunu bildirir.
Bakıdan məlumat:
Azərbaycan Müdafiə Nazirliyi (Ermənistan Müdafiə Nazirliyindən bir neçə saat sonra) Ermənistanla təmas xətti və Qarabağ ətrafında qarşıdurma haqda analoji rəsmi bəyanat verdi.
Azərbaycan bildirir ki, “erməni silahlı bölmələri iriçaplı silahdan Azərbaycan mövqelərini bütün cəbhə boyu atəşə tutublar, bundan sonra Azərbaycan ordusu cavab tədbirləri görüb. Nazirlik erməni mənbələrinin vurulan vertolyot haqqında məlumatını təkzib edib.
Stepanakertdən məlumat:
Tanınmamış Dağlıq Qarabağ respublikasının Müdafiə Nazirliyi döyüşlər haqqında informasiyanı təsdiqləyib. Nazirlikdən verilən məlumata görə, hazırda (gündüz saat 12, 2 aprel 2016-cı il) “DQR müdafiə ordusunun bölmələrinin fəal döyüş əməliyyatları sayəsində çoxlu sayda itki verən düşmən ilkin mövqeyinə qaytarılıb. Nazirlik həm də hərbi əməliyyatların davam etdiyini bildirir.
JAMnews dosye
• Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası de-fakto müstəqil, amma dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan respublika kimi mövcuddur. Azərbaycan Qarabağ və onun müharibə zamanı alınan ətraf ərazilərini işğal olunmuş sayır və geri qaytarılmasını tələb edir.
• Münaqişə tərəfləri mütəmadi olaraq təmas xəttində baş verən toqquşmalar haqqında məlumat verir və bir-birini təxribatda ittiham edirlər.
Foto: Qevork Kazaryanın arxivindən, 2012-ci ildə MDB-nin Ermənistanda təlimləri zamanı çəkilib
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 02.04.2016