“Gürcüstanda siyasi məhbuslar yoxdur”, - Zurabişvili ABŞ senatoru ilə razılaşmayıb
“Gürcüstanda siyasi məhbus yoxdur”, – Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi sədri Cim Rişin ona siyasi məhbus adlandırdığı “Mtavari” müxalif telekanalının dörd il müddətinə azadlıqdan məhrum edilən aksioneri Giorgi Ruruanın əfv edilməsi ilə bağlı çağırışına prezident belə cavab verib.
“Rurua əfv edilməyəcək”, – Zurabişvili 2020-ci il iyulun 31-də xüsusi bəyanatla çıxış edib.
Bütün hekayə 2020-ci ilin oktyabrına təyin edilmiş Gürcüstan üçün mühüm olan parlament seçkiləri ilə birbaşa bağlıdır.
Gürcüstan müxalifətinin tanınmış simalarından biri olan Giorgi Rurua eyni zamanda populyar müxalif “Mtavari” kanalının aksioneridir. O, qanunsuz silah almaq və saxlamaqda ittiham olunaraq, 2020-ci il iyulun 30-da dörd il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Amma Ruruanın azad edilməsi 2020-ci il martın 8-də hökumətlə müxalifət arasında bir neçə diplomatın vasitəçiliyi ilə imzalanan memorandumun bir hissəsi idi.
Memorandum seçki islahatları ətrafında hakimiyyətlə müxalifət arasında bir ildən artıq sürən qarşıdurmada uzun müddətdən bəri gözlənilən kompromis idi.
Hakimiyyət bəyan edir ki, seçki sistemində islahatlara razı olmayacaq, müxalifət isə bu tələbdən imtina etməyəcəyini bildirir. Noyabrın 25-ə Tbilisidə növbəti böyük etiraz aksiyası təyin edilib
Müxalifət tam proporsional seçki sisteminə keçməyi tələb edirdi, amma nəticədə seçkinin qarışıq sistem üzrə keçirilməsi ilə razılaşıb: 120 deputat proporsional, 30 deputat isə majoritar sistem üzrə seçilməlidir.
Hakimiyyət öz növbəsində siyasi məhbusların – Qiqi Uqulava, İrakli Okruaşvili və Giorgi Ruruanın azadlığa buraxılmasının memoranduma daxil edilməsi ilə razılaşıb.
Oktyabrda seçkilərin necə keçiriləcəyi bu qarşıdurmanın nəticəsindən asılıdır
Amma daha sonra “Gürcü arzusu” iqtidar partiyası bu siyasi məhbusları azadlığa buraxmaqdan imtina edib. Bildirilib ki, müxalifət yalan danışır və belə bir razılıq əldə edilməyib, çünki Gürcüstanda ümumiyyətlə siyasi məhbus yoxdur.
Qərb tərəfdaşlarının təzyiqindən və beynəlxalq təşkilatların bir sıra tənqidi bəyanatlarından sonra Gürcüstan prezidenti Salome Zurabişvili 2020-ci il mayın 15-də Qiqi Uqulava və İrakli Okruaşvilini əfv etməyə məcbur olub.
Amma Giorgi Rurua istintaq altında qalıb, indi isə dörd il müddətinə azadlıqdan məhrum edilib.
“Saxta ittihamlar” – amerikalı senatorun müraciəti
“Mən Giorgi Ruruanın saxta ittihamlarla məhkum edilməsindən çox narahatam. Məhkəmələrdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Seçkilər yaxınlaşır və ölkədə siyasi qütbləşməni yumşaltmaq üçün Uqulava və Okruaşvilinin misalında olduğu kimi Rurua da əfv edilmədir”, – senator Riş “Ammerikanın səsi”nə müsahibəsində bildirib.
Daha əvvəl ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə bildirmişdi ki, Qiqi Uqulava və İrakli Okruaşvilinin əfv edilməsi “Gürcüstanda siyasi mühitin qütbləşməsinin qarşısını almaq üçün atılan cəsarətli addımdır”.
“Bu insanlar cinayətkardır, siyasi məhbus deyil” – Gürcüstan prezidenti
“Üç ay əvvəl mən iki adamı [Uqulava və Okruaşvilini] əfv edərkən cəmiyyətdə çoxları üçün məqbul olmayan çox çətin qərar aldım.
Bu insanlar siyasi məhbus deyil, cinayətkardır, amma mən onları bağışladım”, – Gürcüstan prezidenti bildirib.
Salome Zurabişvili deyib ki, bu çətin qərarı qəbul edib ki, “Gürcüstan üçün nə seçki, nə uğur istəməyən qüvvələrin ölkədə stabilliyi pozmasına imkan verməsin”.
“Heç kim və heç nə mənim qərarıma təsir edə bilməz”, – o, Giorgi Ruruanın həbsdə qalacağını bildirərkən vurğulayıb.