Regional oyunda genosid
Rusiya ilə Türkiyə arasındakı münaqişə Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər, buna görə də ölkədə hadisələrin inkişafını sakit, amma narahatlıqla izləyirlər.
JAMnews artıq xəbər verib ki, Rusiya tərəfi Dövlət Dumasında Türkiyənin 1915-ci ildə törətdiyi erməni soyqırımını tanımamağa görə məsuliyyət haqqında qanun layihəsini irəli sürməklə utanmadan Ankara ilə konfliktdə erməni amilindən istifadə etməyə çalışır.
Ermənistanda bu addıma müsbət reaksiya verən adam çətin tapılar. “Ermənistanın siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin eksperti, politoloq Ruben Meqrabyan bununla bağlı bildirdi: “Dövlət Duması adlandırılan dəlixanada istifadəyə vermək istədikləri qanun layihəsi 1915-ci il qurbanlarının xatirəsinə təhqirdir.
Amma Türkiyə də borclu qalmadı və Rusiyanın şantajına öz hökumət başçısının diliylə cavab verdi: “Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün əlindən gələni edəcək, – bu isə o deməkdir ki, Ankara Qarabağ münaqişəsinə müdaxilə edə bilər. Rusiyanın «Коммерсант» qəzeti yazır ki, Əhməd Davudoğlu “faktiki olaraq Rusiya ilə mübarizənin yeni cəbhəsini açdı.
Bu fonda “The Associated Pressin xəbəri az-çox ümidverici göründü. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsir şəhərində şənbə günü baş tutan mitinqdə türk HHQ-nin hərəkətləri nəticəsində Rusiyanın Su-24 təyyarəsinin məhvindən məyus olduğunu, Ankara və Moskvanın bu insidentlə bağlı daha pozitiv yanaşma sərgiləməli olduğunu bildirdi: “Biz bunun baş verməsini istəmirdik, amma baş verdi. Ümid edirəm ki, bir daha olmayacaq.
Ərdoğan həm də Parisdə baş tutacaq iqlim sammitində Rusiya prezidentiylə görüşmək istədiyini bildirdi, bunu iki ölkə arasında gərginliyin azalması üçün bir imkan kimi qiymətləndirmək olar ki, bu da bütün Cənubi Qafqaz regionu üçün müsbət nəticələrə gətirib çıxaracaq.
Ermənistanın 1in.am xəbər portalı noyabrın 28-də türk politoloqu, Türkiyənin xarici və daxili siyasət məsələləri üzrə ekspert Əli Yartıgüllə müsahibəsini verdi.
Türkiyənin Qarabağ münaqişəsinin nizamlanması prosesinə müdaxiləsi ehtimalı haqqında danışarkən o dedi: “Ankara bunu etməklə müdrik bir addım atmış olar, amma problemin həllinin açarı onda deyil. Bu açar İrəvandadır. Əgər Ermənistan-Azərbaycan münasibətlərində bu problemin həlli ilə bağlı əhval-ruhiyyə və sülh qoxusu üstünlük təşkil edərsə, Türkiyə bu prosesdə dəstək olacaq. Qafqazda sülh Türkiyənin maraqlarına uyğundur.