Gürcüstan hökumətinin 6 illik hakimiyyəti dövründə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün atdığı 9 addım
Gürcüstanın hazırkı iqtidar partiyası olan “Gürcü arzusu”nun 2012-ci ildə seçkilərə qatılanda əsas seçkiqabağı vədlərindən biri Rusiya ilə 2008-ci il avqust müharibəsindən sonra çox zərər görmüş münasibətlərin bərpa edilməsi ilə bağlı idi.
O zaman iqtidar partiyasının nümayəndələri bildirirdilər ki, onların sələfi “Milli Hərəkat”ın (başında Mixail Saakaşvili olmaqla) qeyri-praqmatik siyasəti və aqressiv ritorikası Moskvanı çox qıcıqlandırır, daima gərginlik və qarşıdurma riski yaradırdı.
“Gürcü arzusu” Rusiya ilə münasibətlərdə tamam əks taktika tutdu – ehtiyatlı və mülayim. Partiya liderləri o zamandan bəri dəfələrlə bildiriblər ki, bu taktikanın əsas nəticəsi Rusiya ilə birbaşa hərbi qarşıdurma riskinin olmamasıdır.
Amma bir çox ekspertlər hesab edirlər ki, bu gün yeganə müsbət nəticə ticari-iqtisadi əlaqələrdə müəyyən yaxşılaşmanın olmasıdır, bütün digər sahələrdə isə heç bir əsaslı dəyişiklik yoxdur. Məsələn:
• “Gürcü arzusunun” hakimiyyətə gəlməsindən beş il keçəndən sonra iki ölkə arasında diplomatik münasibətlər bərpa olunmayıb.
• Rusiyanın nəzarəti altında olan ərazilərdə – Abxaziya və Cənubi Osetiyada həhə də Gürcüstan vətəndaşlarının hüquqları pozulur, onlar oğurlanır və öldürülürlər.
• Rusiya işğal etdiyi ərazilərin öz siyasi, iqtisadi və hərbi məkanına inteqrasiyasını davam etdirir. Məsələn, 2017-ci ilin martında Vladimir Putin Cənubi Osetiyanın hərbi hissələrinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olması haqda qərar imzalayıb. Cənubi Osetiya ilə inzibati sərhəddə sərhəd çəpərlərinin quraşdırılması da davam edir.
Bu fonda hazırkı hökumətin addımları çox zaman cəmiyyətdə hədsiz güzəşt və zəiflik kimi dəyərləndirilir, müxalif partiyaların və vətəndaş cəmiyyətinin tənqid obyektinə çevrilir.
Məsələn, bu günlərdə Gürcüstanın baş nazirinin 2018-ci il martın 9-da dərc olunan Kremlə ünvanladığı açıq məktub ətrafında kəskin polemika qızışmışdı. “Gürcü arzusunun” opponentləri bildirirlər ki, son illərdə Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı möhkəmlənir, Gürcüstan hakimiyyəti isə çox vaxt bu prosesə adekvat cavab verə bilmir.
JAMnews bu altı ildə “Gürcü arzusu”nun Rusiya ilə əlaqələrin yaxşılaşması yönündə atdığı konkret addımları xatırladır.
1. Gürcüstan və Rusiya arasında ikitərəfli dialoq bərpa olunub
“Gürcü arzusu” blokunun hakimiyyətə gəldiyi ilk vaxtlardan Gürcüstan və Rusiya arasında birbaşa dialoq başlamışdı. Keçmiş baş nazir Bidzina İvanişvili Rusiya ilə münasibətlərin bərpası üçün xüsusi nazir postu təsis edib. Bu posta uzun müddət Gürcüstanın Rusiyada səfiri vəzifəsində çalışan diplomat Zurab Abaşidze təyin olunub.
Zurab Abaşidze və Rusiyanın Xarici İşlər naziri Qriqori Karasinin müntəzəm görüşləri çərçivəsində münasibətlərin yeni formatı yaranıb. Onların görüşlərinin əsas məqsədi iqtisadi, mədəni və humanitar əlaqələrin yenidən bərpasından ibarətdir.
Tərəflər arasında birbaşa dialoq 2008-ci ilin avqustunda baş vermiş müharibədən sonra dayandırılmışdı. Bunun səbəbi isə Gürcüstanın Rusiyanı təcavüzkar kimi görməsi və beynəlxalq müşahidəçilərin iştirakı olmadan keçirilən dialoqlardan imtina etməsiydi. Münasibətlərin yeganə formatı kimi Cenevrə danışıqları qalmışdı.
Karasin – Abaşidze danışıqlarının nəticəsi olaraq 2013-cü ildə Gürcüstan istehsalı olan meyvə və tərəvəzlərin, şərab və mineral suların Rusiya ərazisinə ixarcı başlanyıb, eyni zamanda Gürcüstan-Rusiya arasında müntəzəm reyslər işə düşüb.
Soldan sağa: Qriqori Karasin və Zurab Abaşidze
2. Bəyanatlar xeyli yumşalıb
Rusiya ünvanına olan bəyanatlar yumşalıb. Öz sələfindən fərqli olaraq yeni hakimiyyət “ işğalçı”, “təcavüzkar” kimi ifadələri işlətməkdən faktiki olaraq imtina edib. Hakimiyyət nümayəndələri həmçinin Rusiyanın birinci şəxslərini tənqid etməyi də özlərinə rəva görmürlər.
“Əgər bizdə Saakaşvili yoxdursa, mən nə üçün Putini tənqid edim? Bunda məntiq var? – “Gürcü arzusu”nun banisi və o zamankı lideri İvanişvili öz müsahibələrinin birində bildirib.
2013-cü ilin aprel ayında İvanişvili qeyd etmişdi ki, danışıqlar öz bəhrəsini verməyə başlayıb.
“Rusiya ilə münasibətləri düzəltmək üçün pis başlanğıc deyil. Biz öz bəyanatlarımızı dəyişdik və bununla da Rysiya bazarına yenidən yol açdıq”.
3. Rusiyanın xeyrinə casusluqda ittiham olunanlar azad edilib
2012-ci ildə Rusiyaya casusluqda ittiham olunan bəzi şəxslər amnistiya ilə azad edilib. Qeyd etmək lazımdır ki, bu adamların işi hələ də “məxfi saxlanılır. Onların günahsız və ya günahkar olduğunu sübüt edən dəlillər hələ də məlum deyil. Gürcüstan hökuməti Rusiyada eyni maddə ilə ittiham olunaraq həbs edilən Gürcüstan vətəndaşlarının azad edilməsini Rusiya hökumətindən tələb etmədən məhbusları şərtsiz olaraq azad etdi.
Bu mövzuda Karasin –Abaşidze formatında danışıqlar sonradan start götürdü. 2014-cü ilin fevral ayında Zurab Abaşidze Rusiyaya casusluqda ittiham olunaraq həbs edilən daha iki Gürcü vətəndaşının cəzasının çəkilmyən hissəsindən azad edilərək sərbəst buraxıldığını bildirmişdir.
4. Rusiyanın “ORT” və “Rusiya” kanalları Gürcüstan tele-məkanına qayıdıb
Ölkədə hakimiyyəti dəyişən 2012-ci ilin 1 oktyabr seçkilərindən dərhal sonra Rusiya informasiya kanalları yenidən Gürcüstanın kabel şəbəkəsində qayıdıb. Bu kanallar 2008-ci il avqust müharibəsindən sonra Saakaşvilinin rəhbərlik etdiyi bundan əvvəlki hökumət tərəfindən qadağan edilmişdi.
5. Gürcüstan Soçi-2014 Olimpiadasını boykot etmədi
Əhali arasında birmənalı qarşılanmamasına baxmayaraq, Gürcüstan höküməti 2014-cü il Soçi Olimpiadasında iştirakdan imtina etmədi. Bundan əvvəlki Saakaşvili hökuməti isə Olimpiadanı boykot etməyə hazırlaşırdı. 2011-ci ildə Gürcüstan parlamenti Rusiya İmperiyası tərəfindən çərkəzlərə qarşı edilən soyqırımı tanıdı.
Gürcüstan hökümətinin Soçiyə olimpiya yığmasını göndərmək istəməsi təşəbbüsü Putin tərəfindən xoş qarşılanmışdı:
“Düşünürəm ki, Olimpiya Oyunları bərpası çətin və hətta mümkünsüz kimi görünən münasibətlərimizin müsbətə doğru dəyişməsində böyük rol oynayacaq”, – Putin bildirmişdi.
6. Hakimiyyət 2008-ci il avqust müharibəsinə görə məsuliyyəti Saakaşvilinin üzərinə qoyub
Yeni hakimiyyət düşünür ki, Saakaşvili hökuməti 2008-ci il müharibəsinə görə məsuliyyət daşıyır və hərbi cinayətlərin araşdırılmasını tələb edir. İvanişvili nazir postunda olduğu zamanlar dəfələrlə keçmiş hakimiyyəti müharibəyə şərait yaratmaqda ittiham edib.
“Rusiya Gürcüstan sərhəddini keçməmiş Gürcüstan hökumətinin ordunu muharibə vəziyyətinə gətirmək qərarını düzgün addım kimi qəbul etmirəm. Mən bütün televiziya verlişlərini izlədim və qeyri-adi heç nə yox idi. Güllələrdən biri bir evə dəyib və divarı zədələmişdi. İnsan itkisi yox idi. Bu vəziyyətdə yeganə doğru addım beynəlxalq ictimaiyyətin diqqətini bura yönəltmək olardı. Mənə görə hələ də bu məsələnin qaranlıq tərəfləri var və hələ də bir çox suallar məni narahat edir”, – keçmiş baş nazir 2013-cü ilin aprel ayında bildirmişdi.
Onun bu sözlərinə Rusiyadan cavab gecikməmişdi. 2013-cü ilin avqust ayında baş nazir Dmitri Medvedyev bəyan etmişdi:
“Baş nazir İvanişvilinin sözlərini xatırlamaq bəs edər ki, müharibənin Saarkaşvili tərəfindən başladıldığını anlayasan. O hər şeyi olduğu kimi deyib. Yəqin ki, bunu etiraf etmək olduqca çətin oluv, lakin olduqca cəsarətli etirafdı”.
7. Ukrayna məsələsində təmkinli siyasət
Əvvəlki hakimiyyətdən fərqli olaraq bugünkü hakimiyyət Ukraynada baş verən prosesləri şərh etməyə tələsmir. Lakin, Gürcüstan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bununla bərabər gürcülərin Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində döyüşməsini xoş qarşılamır.
2014-cü ildə Ukraynada gürcü döyüşçüsünün ölüm xəbəri yayıldıqdan sonra hökümət Ukraynaya hərbçi göndərilməsini “səhv addım” kimi dəyərləndirmiş və bununla bağlı bütün məsuliyyəti keçmiş hökümətin üzərinə atmışdı.
8. Rusiya yönlü QHT və KİV-lərin sərbəst fəaliyyəti
Öz sələflərindən fərqli olaraq, hazırkı hakimiyyət ölkədə son iki ildə sayı xeyli dərəcədə çoxalan Rusiya meyilli təşkilatlara və media qurumlarına qarşı daha yumuşaqdır.
Məsələn, ölkənin birinci şəxsləri açıq şəkildə anti-qərb meyilli, ksenofob və homofob mövqeyi ilə seçilən “Asaval-Dasavali” qəzetinə nəinki müsahibə verir, hətta qəzetin redaksiya siyasətini tərifləməkdən də çəkinmirlər.
Həmçinin Rusiya təşkilatları ilə ideoloji və maliyyə əlaqələri olan bir sıra Rusiya meyilli qeyri-hökümət təşkilatları da olduqca sərbəst şəkildə çalışırlar.
Məsələn, son iki ildə Gürcüstanda “Qarçakov fondu” aktiv şəkildə fəaliyyət göstərir. Təşkilatın rəsmi veb–saytında açıq şəkildə bildirilir ki, beynəlxalq arenada “yumşaq qüvvə” adlandırılan qurumlar getdikcə daha önəmli yer tutur, buna görə də yerli (Rusiya meyilli) qeyri-hökümət təşkilatlarının beynəlxalq fəaliyyəti genişlənməlidir. Bu fondun fəaliyyəti Baltikyanı ölkələrdə məhdudlaşdırılıb.
9. Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb
Ukrayna prezidenti Pyotr Popoşenko 2018-ci il yanvarın 19-da Kiyevdə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşü zamanı Gürcüstana Rusiyaya qarşı sanksiyaların uzadılması mexanizminə qoşulmağı təklif edib.
Poroşenkonun sözlərinə görə, “bu, Avropanın diqqətini çəkməyə və Rusiyaya qarşı sanksiyaların uzadılmasına dəstək ola bilərdi. Gürcüstan planında biz Abxaziya və Cənubi Osetiya komponentlərini də əlavə edə bilərdik”.
Gürcüstan Ukraynanın təklifindən yararlanmayıb.