Gürcüstanda ər arvadı öldürüb. Son altı ildə 160 qadın öldürülüb
Qətl hadisəsi Şərqi Gürcüstanın Surami şəhərində baş verib. Ər gənс həyat yoldaşını yatdığı yerdə güllələyib.
Öldürülən qadın üç uşaq anasıdır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ağırlaşdırıcı şərtlərlə qəsdən adamöldürməni nəzərdə tutan 109-cu maddə ilə cinayət işi qaldırılıb.
Dövlət və cəmiyyət mütəmadi təqibə məruz qalan qadınları müdafiə etmək iqtidarında deyil
Statistika: öldürülən 160 qadın
Femisid qadınların gender əlamətinə görə qətl edilməsidir. Xalq müdafiəçisinin məlumatına görə, Gürcüstanda son altı il ərzində 160 qadın öldürülüb.
2020-ci ilin əvvəlindən Gürcüstanda öldürülən qadınların sayı 9, 2019-cu ildə 16, 2014-2018-ci illərdə 135 nəfər olub.
Femisid haqda ombudsmenin hazırladığı son hesabat 2020-ci il iyunun 30-da dərc olunub. 2014-2018-ci illərdə qadın qətllərinin monitorinqi haqda Hesabata əsasən, Gürcüstanda qadınlar çox vaxt ərləri, partnyorları, keçmiş ərləri/partnyorları (nə vaxtsa birlikdə yaşayıb-yaşamadıqlarından asılı olmayaraq) tərəfindən öldürülür.
Rəsmi məlumata əsasən, ən çox qadın 2014-cü ildə öldürülüb – 35 nəfər. Növbəti illərdə bu göstərici azalıb, amma femisid cəhdləri çoxalıb. Həm 2014, həm də 2015-ci ildə 12 qadının həyatına qarşı qəsd edilub, 2017 və 2018-ci illərdə isə bu rəqəm 18 olub.
Qadının həyatına qəsdin səbəbi çox vaxt onun gender rolunun lazımi səviyyədə yerinə yetirməməsi və bununla bağlı əməllər olub. Məsələn, hadisələrin birində ər arvadını çörəyi bişirərkən yandırdığı üçün öldürmək istəyib.
Digər hadisə zamanı “ailə başçısı” kimi ərinin göstərişlərinə əməl etməməsi qadını öldürmək cəhdinə səbəb olub: kişi arvadının üzərinə benzin töküb, yandırıb, çünki o, ərinin sözünə baxmayıb və onun qadağasına rəğmən geyilmiş paltarları satmaq üçün evə gətirib.
Statistikaya əsasən, qətl üçün ən çox yayılmış motiv “qisas” və ya “qısqanclıqdır”.
Təhlil edilən cinayət işlərinin materiallarından aydın olur ki, cinayət yeri ən çox ev, cinayət aləti isə bıçaq olur.
Canilərin çoxu cinayəti törədərkən ayıq olub. Əksəriyyəti orta təhsillidir və cinayəti törətdikləri zaman işsiz olub.
Hökmlərə gəlincə, qadının qətlinə görə ən sərt cəza – ömürlük azadlıqdan məhrumetmə 2018-ci ildə tətbiq edilib.
Mtsxeti rayon məhkəməsi 2017-ci ildə qadın qətlinə görə ən yüngül cəza – 1 il azadlıqdan məhrumetmə qərarı verib.
Məlumata əsasən, gender mənşəli cinayətlərin motivi çox vaxt təqsirləndirilən şəxslərin ifadələrindən açılır. Onlardan bəziləri cinayətlərini qadının onlarla evlənməkdən imtina etməsi və ya keçmiş həyat yoldaşlarının onlarla barışmaq istəməməsi ilə izah edib.
“Bu qətllər bir növ qadının azad seçiminə görə kişi tərəfindən cəzalandırılmasıdır. Həmçinin keçmiş ərlərin öz keçmiş arvadlarını başqa kişi ilə münasibətlərə görə “cəzalandırması” halları da olur”.