Ermənistanın baş naziri sağalıb və işə qayıdıb. Onun qayıdışı güc strukturları rəhbərlərinin istefaları ilə müşayiət olunub
Ermənistanın baş naziri iyunun 8-də artıq sağaldığını bəyan edib. Nikol Paşinyanın koronavirusa yoluxduğu haqda bir həftə öncə xəbər verilmişdi.
“Bütün ailəmizin [bütün ailə xəstələnmişdi – JAMnews] təkrar testinin nəticələrini indicə almışıq. Bütün nəticələr neqativ oldu… Mən tam işə qayıdıram”, – baş nazir Facebook səhifəsində yazıb.
Paralel olaraq güc strukturlarında səs-küylü istefalar haqda məlum olub.
Silahlı Qüvvələrin Baş Qərargahı, Milli Təhlükəsizlik Xidməti və Polis rəhbərləri öz vəzifələrini tərk ediblər. Və demək olar ki, bir neçə dəqiqədən sonra onların yerlərini kimlərin tutacağı bəlli olub.
Bu arada müxalifət bütün hökuməti istefaya çağırır.
- “Məzarlıqda yox, evdə qalın”. Ölkələr yeni koronavirus dalğasının öhdəsindən necə gəlir?
- Ermənistanda böyük yoluxma partlayışı gözlənilir
SQ Baş Qərargah rəisi oğlunun toyuna görə “gedib”?
Bu günlərdə baş nazir Nikol Paşinyan bildirib ki, dəyişikliklər gözlənilir. Məhz hansı dəyişiklərin gözlənildiyini hökumət başçısı dəqiqləşdirməyib, amma iyunun 4-də artıq Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri David Ananyan istefa verib.
İyunun 8-də əvvəlcə SQ Baş Qərargahının rəisi Artak Davtyanın istefası haqda məlumat yayılıb.
Bu istefa rəisin oğlunun toyu ilə bağlı danışılanlarla müşayiət olunub. İyunun 7-də Ermənistan mediası yüksək vəzifəli bir hərbçinin komendantlığın qadağasına məhəl qoymadan 100 nəfərdən çox qonağın iştirakı ilə oğluna toy etdiyi haqda yazıb.
İş orasındadır ki, ölkədə iyunun 13-ə qədər fövqəladə vəziyyət qüvvədədir və bütün kütləvi tədbirlər qadağan edilib.
Davtyanın özü bildirib ki, “hamının şəxsi həyata haqqı var”:
“Bəzi şəxsləri, mətbuatı mənim şəxsi həyatıma və ailə mühitimə müdaxilə etməməyə və məni siyasi oyunlara sövq etməməyə çağırıram”.
Onun istefasına nəyin səbəb olduğuna dair hələlik rəsmi açıqlama yoxdur. Yalnız ehtimal etmək olar ki, məhz oğlunun toyu ətrafında yaşanan qalmaqal Davtyanı istefa ərizəsi yazmağa vadar edib.
Toy mərasiminə gəlincə isə, polisdən bildirilib:
“Polis əməkdaşları orada olublar, xəbərdarlıq ediblər və müvafiq protokol tərtib ediblər. Tədbir dayandırılıb”.
Digər iki nəfər niyə vəzifədən gedib?
MTX rəhbəri Eduard Martirosyanın və polis rəisi Arman Sarqsyanın rəsmi istefa səbəbləri də açıqlanmır.
Amma bu günlərdə baş nazir özü bildirib ki, MTX rəhbəri və polis rəisi ilə güc strukturlarının ölkədə sanitar normalara əməl olunmasına nəzarəti həyata keçirmək iqtidarında olmadığı haqda kifayət qədər sərt danışıb.
Mayın 8-ə olan məlumata əsasən Ermənistanda yoluxanların ümumi sayı 13 325 nəfərdir. Hər gün yüzlərlə yeni yoluxma halı təsdiqlənir. Hökumət hələlik yeni işə başlamış müəssisələri yenidən dayandırmaq niyyətində deyil və yalnız yeni davranış qaydalarına və iş yerlərində sanitar normalara əmək olunmasına çağırır.
Müxalifət baş nazirin özünün istefasını tələb edir
Ermənistanın güc struktuurlarına baş verən istefalar müxalifətin “hökumətin 100 faiz dəyişdirilməsi” fonunda baş verib.
İyunun 5-də “Çiçəklənən Ermənistan” partiyasının lideri, parlamentin eyni adlı fraksiyasının rəhbəri və iri biznesmen Qaqik Sarukyan belə tələblə çıxış edib. Onun fikrincə, 2018-ci ildə məxməri inqilabdan sonra hakimiyyətə gələn hökumət xalqın ümidlərini doğrultmayıb və tamam dəyişməlidir.
Sarukyan xatırladıb ki, bir il əvvəl o, hökumətin öz qarşısına qoyduğu vəzifələrin öhdəsindəən gəlmədiyini deyib:
“Mən o vaxt demişdim ki, dəyişiklik istəyirlərsə, tərkibin 97 faizi ədyişməlidir. Amma bu gün bütün bu səriştəsizlikləri və uğursuzluqları görərək, hesab edirəm ki, hökumət tamamən, 100 faiz dəyişməlidir. Mənə bunu demək xoş deyil, amma biz görürük ki, bütün sahələrdə uğursuzluq var”.
Paşinyanın özü oliqarxın bəyanatını şərh etməyib. Amma mətbuat katibi Qayane Gevorqyan Facebook səhifəsində yazıb ki, Qaqik Sarukyan onunla bağlı olan bir sıra cinayət işlərinin gedişatından narahatdır:
“Əgər cənab Sarukyan hesab edirsə ki, onun siyasi bəyanatları istintaqın normal gedişatını pozacaq, o, öz hesablamalarında yanılır, çünki Ermənistanda qanun qarşısında hamı bərabərdir. O cümlədən də qanunsuz əldə edilən əmlakın müsadirə edilməsi məsələsində və burada cənab Sarukyanın da narahatlığı üçün səbəb ola bilər”.
Ekspert rəyləri
Siyasi şərhçi Naira Hayrumyan hesab edir:
“İyunun əvvəlində koronavirusdan yoluxma və ölüm halları kəskin artdığı zaman Ermənistanda vaxtaşırı olaraq hökumətin istefası tələbi səslənməyə başladı – nazirin, komendantın, baş nazirin, mahiyyət önəmli deyil.
Belə reaksiya çox təbiidir: bir neçə həftəlik təcriddən, məhdudiyyətdən və narahatlıqdan sonra aqressiv boşalma mərhələsi başlayır. ABŞ-da bu, geniş iğtişaşlara gətirib çıxardı, Rusiyada etirazlar dalğası gözlənilir… Ermənistanda isə hər şey başqa cür ola bilər və hökumətin istefası bir həftə öncəki kimi mümkünsüz görünmür”,
Politoloq Akop Badalyan istefa çağırışlarına hökumətin və müxalifətinin reytinqi nöqteyi-nəzərindən yanaşıb:
“Məsələ burasındadır ki, hökumətin istefasını 2018-ci il parlament seçkiləri zamanı yalnız 10 faiz səs toplayan (və bu ikinci nəticədir) partiyanın sədri tələb edir. Çoxluğu təmsil edən “Mənim addımım” bloku isə 70 faiz səs toplayıb.
İl yarımdan sonra parlament çoxluğunun etibarın bir hissəsini itirməsi, hökumətdən narazılıqların, hətta məyusluqların yaranması şübhəsizdir. Amma bunun qüvvələr nisbətini dəyişəcək miqyasda olduğu göstərən heç bir əlamət yoxdur”, – ekspert yazır.