100 il əvvəl Qafqazda epidemiya: ağzınızı sabunla yuyun və ananızı öpməyin
Düz 100 il əvvəl, 1920-ci ilin yazında bütün dünyada olduğu kimi Qafqazda da dəhşətli “ispan qripi” pandemiyası yaşanırdı. O zaman həkimlər nə məsləhət görürdü və qəzetlər nə yazırdı?
Bu icmal iki nəşrin məqalələrinə əsaslanır: Gürcüstanın “Sasoplo qazeti” və Dağıstanda nəşr olunan “Volnıy qorets” qəzeti, 1920-ci ilin mart-may dövrü.
- Koronavirusdan ilk əsl vaksin?
- Rusiya: koronavirusun dərmanı, yoxsa genişmiqyaslı fırıldaq?
- Yaşlı insanlar karantini necə keçirir?
1918-1920-ci illər “ispanka” pandemiyası bütün bəşər tarixində ən çox insan tələfatına səbəb olan hadisədir. Müasir tədqiqatların hesablamalarına görə, iki il ərzində 500 milyona yaxın insan – dünya əhalisinin təxminən üçdə biri “ispanka” virusuna yoluxub, 50 milyondan 100 milyona qədər insan tələf olub.
Həmin pandemiyada qurbanların sayı iki dünya müharibəsində həlak olanların sayı ilə müqayisəyə gəlir: Birinci Dünya Müharibəsi müxtəlif qiymətləndirmələrə görə 16 milyondan 22 milyona qədər, İkinci Dünya Müharibəsi isə 60-80 milyon həyata son qoyub.
Qafqazda “ispanka” ilə eyni zamanda yatalaq, quş qripi və həşəratlar tərəfindən yayılan təkrarlanan yatalaq tüğyan edirdi.
Bütün bunlar Birinci Dünya Müharibəsi, Rusiyada gedən vətəndaş müharibəsi, həmçinin bolşeviklərin və Türkiyə ordusunun Qafqaza müdaxiləsi fonunda baş verirdi.
Nəticədə səhiyyə sistemi faktiki olaraq məhv olmuşdu və “ispanka” epidemiyası ilə mübarizə həkimlər üçün həddən artıq çətin idi.
Xəstəliklərin qarşısının alınması: burnun təmiz olmalıdır
Gürcü dilində çıxan “Sasoplo qazeti” nəşrində “ღ” təxəllüsü ilə məşhur olan həkim köşə yazıları ilə çıxış edirdi. O, öz məqalələrində infeksion xəstəliklərin qarşısının alınması metodlarından bəhs edirdi.
1920-ci il 18 apreldə dərc olunan köşəsində doktor “ღ” yazırdı: “‘İspanka’ burun-udlaq yolu ilə yoluxduğu üçün onu mütəmadi olaraq təmizləmək lazımdır”.
Həmin məqalədə o, xəstələrin istifadə etdiyi paltarları və qab-qacağı qaynatmağı da tövsiyə edir.
Müəllif qeyd edir ki, xəstəlik çox vaxt qohumlar vasitəsilə ötürülür, buna görə də xəstələrlə məsafə saxlamaq vacibdir:
“Xəstələnmiş ana uşaqlarını yatızdırmamalıdır. Bu, onları yoluxdurmağa bərabərdir. Xəstəlik öpüşərkən də ötürülür – uşaqları öpmək lazım deyil”.
Daha bir xəbərdarlıq:
“Yuxudan gec durmaq, çaxır içmək və yorulmaq – bütün bunlar xəstəliyin yayılmasına səbəb olacaq”.
Dərmanlar: kamfora və dezinfeksiya vasitələri
Gürcü həkim “ღ” də, Dağıstanın “Volnıy qorets” qəzetinin tez-tez sitat gətirdiyi doktor Orlov da xəstələrlə təmasda olanlara kamfora iyləməyi və spirtli məhlullardan istifadə etməyi tövsiyə edir.
Burun-udlaq yolunun bertolet duzu (Potassium Chlorate) ilə təmizlənməsi də tövsiyə olunanlar sırasında idi.
İndi bu tez alışan və toksik maddədən sənaye miqyasında dezinfeksiya üçün istifadə olunur. Bertolet duzunun toksikliyi 20-ci əsrin əvvəllərində müəyyən edilib, amma hələ uzun müddət apteklərdə satışı davam etdirilib.
Hakimiyyətin reaksiyası və beynəlxalq tibbi yardım
1920-ci illərin mürəkkəb siyasi vəziyyətində tibbi yardımın koordinasiyası fövqəladə çətin məsələ idi. Sərhədlər mütəmadi olaraq dəyişirdi, tibbi briqadaları böyük şəhərlərdən kənara göndərmək çox baha başa gəlirdi və təhlükəli idi.
Bir qrup diplomatın müraciətindən sonra Qırmızı Xaç Gürcüstanda və Dağıstanda yatalaq və “ispanka” ilə mübarizə səylərinə rəhbərlik edib.
“İspankanın” yayılmasının qarşısı tezliklə alınsa da, doktor Orlovun sözlərinə görə, ölüm hallarının sayı çox yüksək idi – xəstələnənlərin 90 faizə yaxını ölmüşdü.