Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk onlayn-görüş. Tərəflər qlobal böhran şəraitində atəşkəs rejiminə əməl etmək haqda razılığa gəliblər
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə onlayn danışıqlar aparıblar.
Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın iştirakı ilə video-konfransı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilər – ATƏT-in Minsk Qrupu təşkil edib. Onlar hesab edirlər ki, koronavirusun yayılması ilə bağlı yaranmış vəziyyət danışıqların davam etməsinə mane olmamalıdır. Nazirlərin onlayn-konfransı iki saata yaxın davam edib.
ATƏT-in saytında yerləşdirilən məlumata əsasən, Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması çərçivəsində gələcək addımları müzakirə ediblər. Onlar yaxın zamanda danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Video-görüş əsnasında COVID-19 qlobal pandemiyasının regiondakı həyata və daha əvvəl planlaşdırılmış tədbirlərə təsiri də müzakirə edilib. Həmçinin nazirlərin üzbəüz görüşü və həmsədrlərin regiona səfəri təxirə salınıb.
Onlayn danışıqlar həm də ona görə vacib olub ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri qlobal böhran şəraitində atəşkəs rejiminə əməl edilməsinin və hər hansı təxribatdan çəkinməyin vacib olduğu haqda da danışıblar.
- Ermənistanın baş naziri: Qarabağ Azərbaycana əraziləri təhvil verə və təhlükəsizliyini qurban edə bilməz
- Gənc azərbaycanlılar Qarabağ haqda danışır
Yerevandan informasiya
Mnatsakanyan və Məmmədyarovun onlayn-görüşü haqda aprelin 20-də axşam saatlarında məlum olub. Bu haqda Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan xəbər verib.
Elə həmin gün Ermənistan XİN rəhbərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə video-konfransı baş tutub.
“Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin müasir nizamlanma prosesini müzakirə ediblər. Mnatsakanyan Artsaxda keçirilən ümumdövlət (prezident və parlament) seçkilərinə toxunub”, – mətbuat katibi Facebook səhifəsində yazıb.
Aprelin 21-də Yerevanda onlayn-danışıqlardan az əvvəl baş tutan mətbuat konfransında Ermənistanın xarici siyasət qurumunun rəhbəri bildirib ki, hətta koronavirus pandemiyası üzündən yaranmış mürəkkəb vəziyyətdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə yeni yanaşmaların axtarışını davam etdirmək lazımdır:
“Bütün dünyanın diqqəti koronavirus pandemiyası ilə mübarizəyə cəmləndiyi bir şəraitdə atəşkəs rejiminin qorunması və hər hansı risklərin (münaqişə zonasında) istisna edilməsi ən ümdə məsələlərdir”.
Eyni mətbuat konfransında Zohrab Mnatsakanyan Rusiya XİN rəhbərinin bəyanatını da şərh edib.
Danışıqlar başlamazdan az əvvəl Ermənistanda Sergey Lavrovun bəyanatı dərc olunub. O elan edib ki, Dağlıq Qarabağ nizamlanması üzrə danışıqların gedişatında münaqişənin mərhələli nizamlanması layihəsi müzakirə ediləcək. Hər iki erməni tərəfi münaqişənin bu həll yolunu qəbuledilməz sayır.
“Güman edirəm ki, ilk mərhələdə ən aktual problemlərin həlli, Dağlıq Qarabağ ətrafında bir sıra rayonların azad edilməsi, nəqliyyat, iqtisadi və digər əlaqələr üzərindən blokun qaldırılması dayanır”, – rusiyalı nazir deyib.
Mnatsakanyan Azərbaycanın XİN rəhbəri ilə onlayn-görüşdən bilavasitə əvvəl bu bəyanata cavab olaraq bildirib ki, Lavrovun söz açdığı ərazilər hər şeydən əlavə təhlükəsizlik və Qarabağın müdafiəsi zonasıdır.
“Erməni tərəflərindən hər hansı birinin Artsax əhalisini təhlükə altına qoyacaq güzəştə gedə biləcəyini ehtimal etmək mümkün deyil”, – Ermənistanın xarici işlər naziri deyib.
O vurğulayıb ki, sülh nizamlaması qarşılıqlı güzəştlər nəticəsində mümkün ola bilər və bu güzəştlər “eyni ölçüdə olmalıdır”.
Dağlıq Qarabağdan informasiya – cəbhə xəttində Azərbaycanın pilotsuz uçan qurğusu vurulub
Ermənistan və Azərbaycan XİN rəhbərlərinin onlayn-danışıqlarından bilavasitə əvvəl Dağlıq Qarabağın hava hücumundan müdafiə hissələrinin aprelin 21-də cəbhə xəttinin cənub istiqamətində Azərbaycana məxsus pilotsuz uçan qurğunu vurduğu haqda məlumat yayılıb.
Dağlıq Qarabağ müdafiə ordusunun bəyanatında deyilir ki, son zamanlar cəbhə xəttində Azərbaycanın həm təlim, həm kəşfiyyat xarakteri daşıyan uçan qurğuları çox görünməyə başlayıb:
“Maraqlıdır ki, müxtəlif hərbi təyyarələrdən və vertolyotlardan başqa kəşfiyyat məqsədilə Artsax Respublikasının hava ərazisinə daxil olmağa çalışan pilotsuz uçan qurğular da işə salınıb. Artsax Müdafiə Nazirliyi yenidən Azərbaycan tərəfini təxribat xarakterli addımlardan çəkinməyə çağırıb və əmin edib ki, istənilən hücum əməlləri eyni ölçüdə cavabını alacaq”.
Ermənistanlı ekspertlər hesab edirlər ki, bu insident Dağlıq Qarabağ üzrə rəsmi danışıqlar ərəfəsində qoşunların təmas xəttində adətən baş verən ənənəvi vəziyyətin gərginləşdirilməsi cəhdidir.
Bakıdan informasiya
Azərbacanda nə nazirlərin görüşü, nə də pilotsuz təyyarənin vurulması ilə bağlı xəbər xüsusi olaraq şərh edilmir.
Azərbaycanın xarici işlər nazirinin açıqlaması ATƏT-in bəyanatına xüsusi bir şey əlavə etməyib.
JAMnews-un siyasi şərhçisi Şahin Rzayev:
“Bu danışıqlar bütün digərlərindən sadəcə formatı ilə fərqlənirdi, yəni onlayn keçirilməsi ilə. Amma orada yeni heç nə deyilmədi. Yenə də imitasiya və mənasızlıq davam edir. Bəlkə sadəcə koronavirus bu darıxdırıcı prosesə müəyyən rəng qatıb”.